Ərdoğan İrəvana cavab verdi: Hansı təkliflər verilib?

Ərdoğan Paşinyanın “Türkiyədən müsbət siqnallar alırıq, müsbət cavab verəcəyik” açıqlamasına münasibət bildirərkən, “5 və ya 6-lıq platforma tövsiyəmiz ortadadır” deyib. Bu o deməkdir ki:

– Ankaradan İrəvana “altılıq platforması”na qoşulmaq qarşılığında sərhədlərin açılması, blokadanın aradan qaldırılması kimi təkliflər verilib;

– İrəvan təklifə “müsbət cavab vermək” məcburiyyətindədir: blokadadan çıxmağın alternativ yolu yoxdur; müttəfiqi Rusiya da bunu istəyir; Qərbin praktiki dəstəyi olmayacaq;

Ermənistanın platformaya qoşulması Azərbaycanın təqdim etdiyi sülh proqramını qəbul etməsi ilə mümkündür. Ərdoğanın “bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı” sözləri də Türkiyənin Ermənistana verdiyi mesajında əsas “qırmızı xəttin” bu olduğunu deməyə əsas verir. Paşinyan bunu anlayır, amma prosesdən müəyyən qazancla da çıxmağa çalışır, xüsusilə sərhədlərin delimitasiyası məsələsində.

Burada diqqətçəkən məqam “altılıq platforması”nın (Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) formatının dəyişdirilə biləcəyidir. Gürcüstan Rusiya ilə münaqişəyə görə, həm də Qərbin istəyi ilə platformada olmaq istəmir. Görünür, tərəflər Gürcüstanı razı salmaq üçün vaxt itirmək istəmir və “beşlik” platformasını gündəmə gətirirlər.

Ərdoğan “İranın yeni hakimiyyəti ilə də danışa bilərik” deyir. Tehran daha çox təsir gücü əldə etmək istəsə də, platformaya qoşulmaqda maraqlıdır, çünki bunun əksi Cənubi Qafqaza çıxışdan məhrum olmaq riskini yaradır, həmçinin, İranın öz gələcəyini gördüyü “bir kəmər, bir yol” layihəsinin əsas dəhlizi bu bölgədən keçir.

Ərdoğan Rusiyaya səfərinin də anonsunu verdi və Putinlə görüşdə bu məsələlərin həlli üçün irəliyə doğru addım atıla bilər. Bu səfərə qədər Ankara və Bakının Ermənistan strategiyası diqqət çəkir: Ankara İrəvana müsbət siqnallar ötürür, Bakı əlindəki rıçaqlarla Ermənistanı razılaşmaya məcbur edir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close