Əsir düşən “Azovstal” müdafiəçisinin həyat yoldaşı: “Kişilər qolsuz, ayaqsız, kor qayıtdılar”

Genişmiqyaslı hərbi əsir mübadiləsindən sonra 144 ukraynalı əsgər, o cümlədən “Azovstal”ın 95 müdafiəçisi vətənə qayıdıb. Bu əsgərlərin vəziyyəti olduqca ağırdır.

Hələ də əsirlikdə olan “Azovstal”ın müdafiəçisinin həyat yoldaşı Natalya Zaritskaya TSN telemarafonunun efirində vəziyyəti şərh edib.

“144 nəfər dəyişdirilib, onlardan 95-i “Azovstal”ın müdafiəçiləridir. Onlar ciddi xəsarətlər alıblar: əllərinin amputasiyası, görmə qabiliyyətinin olmaması, hər iki ayağının qəlpə yaraları, döş qəfəsindən güllə yarası, ağır yanıqlar… Onlar gücdən düşüblər, amma xoşbəxtdirlər”, – deyə Zaritskaya bildirib.

O, Ukraynanın Baş Kəşfiyyat İdarəsinə, bu mübadilədə iştirak edənlərin hamısına təşəkkürünü bildirib və həmçinin qeyd edib ki, Rusiya Federasiyası məhbus statusunu yalnız beynəlxalq Qırmızı Xaç təşkilatı vasitəsilə təsdiqləyir.

“Mənə təsdiq olundu ki, ərim hərbi əsirdir. “Azovstal”dan təxliyə ediləndən 4 gün sonra Cenevrədən Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi mənə zəng vurub qeyd etdi ki, ərimin zavoddan çıxışını qeydə alıblar. Əvvəllər belə bir təsdiqim yox idi. İndi dəyişməni gözləyirəm”, – deyə o qeyd edib.

Qadın onu da əlavə edib ki, Rusiya Cenevrə Konvensiyasını kobud şəkildə pozur və bunun təsdiqi var.

“Onlarla əlaqə saxlamaq, bağlama göndərmək mümkün deyil. Döyüşçülər ağır vəziyyətdə qayıdırlar. Orada çubuqla döyülən qız var idi. Elə olur ki, insanları uzun müddət gözləri bağlı və ya başlarında torbalarla saxlayırlar və onlara danışmağı qadağan edirlər”, – deyə döyüşçünün həyat yoldaşı əlavə edib.

Xatırladaq ki, Cenevrə Konvensiyasına əsasən məhbusların həftədə iki dəfə qohumlarına zəng etmək hüququ var.

Lakin “Azovstal”dan olan hərbçilərin yaxınları döyüşçülər zavodu tərk etdikdən sonra onların səsini eşitməyiblər.

Hamısını Göstər

Related Articles

Back to top button