5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri – güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. 

İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.

Bildiyimiz kimi, 5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal – 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar.

Son 17 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda – paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. “Bakı – 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü.

Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan “Formula 1” idman tarixində yeni maraqlı səhifəyə çevrildi. 1950-ci ildən etibarən hər il keçirilən “Formula-1”-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı. Dünyanın elit yarışmalarından olan “Formula 1” dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu.

Daha sonra Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyev çıxşlarının birində “Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, – deyərək idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button