ABŞ-nin həmləsi Rusiyanın xoşuna gəlmədi: Lavrov təcili İrəvana göndərilir – MÜSAHİBƏ

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Rasim müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir. İrəvan-Moskva münasibətlərinin kəskinləşdiyi dövrdə Kremlin baş diplomatını bu ölkəyə göndərməkdə məqsədi nədir?

– Əslində Rusiya Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistana kurator təyin edilməsi erməniləri alçaldan məsələ idi. Bununla heç nə dəyişmədi. Lavrovun səfərində isə Kreml Ermənistana təzyiqlərini artırmaq məqsədi güdür. Baş diplomatı da göndərirlər ki, “get, onları yola gətir”. Deyiblər ki, soruş, gör son qərarları nədir?. Kiriyenkoya da bu mövzuda ciddi tapşırıqlar verilib. Moskva düşünür ki, Ermənistanda onların istədiyi kimi qərarlar qəbul edilməsə, digər addımları atmaq olar. Bu olmasa baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsi daha aktual şəkildə gündəmə gələcək.

– Kreml İrəvanda hakimiyyət dəyişikliyi üçün hansı xəttdən istifadə edə bilər?

– Kiriyenkonun kurator təyin edilməsi əslində heç də təsadüfi deyil. O, Rusiyada erməni diasporunu da bu məsələdə səfərbər etmək niyyətindədir. Bu, Paşinyanın son addımlarına cavab olaraq Kremlin hərəkətə keçməsi ilə birbaşa bağlıdır.

– Rusiyanı qıcıqlandıran əsas məsələ nə idi?

– Ermənistanda yeni nüvə elektrik stansiyasının Rusiya ilə deyil, ABŞ ilə tikilməsi ilə bağlı plan Kremlin xoşuna gəlməyib. Bu yaxınlarda ABŞ səfiri Kristina Quinn İrəvanda Amerikanın “Westinghouse” şirkətinin nümayəndələri ilə Ermənistanın nüvə enerjisi məsələsini müzakirə edib. ABŞ şirkətinin nümayəndələrinin İrəvanda peyda olması Amerikanın gələcək nüvə tikinti layihələrində iştirakının təkcə həll edilmiş məsələ olmadığı, həmçinin bunun artıq icra mərhələsində olduğuna işarədir. Sözsüz ki, podratçı ABŞ-nin müvafiq dövlət qurumu Nüvə Tənzimləmə Komissiyasının icazəsi olmadan İrəvana gəlməzdi. İcazə isə öz növbəsində Ermənistan hökumətinin AES-in tikinti meydançasında bu podratçını gözlədikləri barədə rəsmi təsdiqi olmadan mümkün deyil. Əminliklə demək olar ki, Nikol Paşinyan hökuməti yeni AES-in tikintisi və saxlanması ilə bağlı Rusiyanın “Rosatom” şirkətinin xidmətlərindən imtina edərək, ABŞ-nin xeyrinə ilk real diversifikasiyanı həyata keçirib. Ona görə də Rusiya bu məsələlərin hamısını Kiriyenkoya tapşırıb. Çünki o, vaxtilə “Rosatom”da işləyib. Bu baxımdan da Moskva İrəvandakı hakimiyyət dəyişikliyi ilə bağlı son qərar vermək üçün hazırlıq görür.

– Bu günlərdə Nikol Paşinyanın impiçment məsələsinin gündəmə gəlməsinin arxasında bu amillərin də durduğunu söyləmək olarmı?

– İmpiçment məsələsi onların işi deyil. Sadəcə olaraq 2026-cı il seçkilərində Paşinyanı devirməyi planlaşdırırlar.

– Ermənistanda baş verənlərin bölgəyə, Azərbaycanla aparılan sülh danışıqlarına təsiri olacaqmı?

– Əslində sülh məsələsi Ermənistanı və onu himayə edən dövlətləri narahat etməlidir. Azərbaycan Ermənistanla sülh sazişi imzalamadığı halda da özünü kifayət qədər rahat hiss edir.

– Baş verənləri Rusiyanın Cənubi Qafqaza “U” dönüşü kimi də izah edənlər var…

– Bunun necə baş verəcəyi çox maraqlıdır. Bu gün Rusiya özünü olduğu yerdə saxlasa, elə böyük şeydir. Çünki Kremlin indi harasa qayıtmaq və ya dönmək imkanı yoxdur. Gürcüstanla bağlı ümidləri var idi. Düşünürdülər ki, Gürcüstanda yeni formalaşan hakimiyyət Rusiyaya meyilli olacaq. Amma nə qədər meyilli olsalar da Abxaziya və Osetiya məsələsi imkan vermir ki, onlar diplomatik əlaqələri belə möhkəmləndirə bilsinlər. Azərbaycanda isə onlara “əl yeri” yoxdur. Ermənistanda da Kremlin Paşinyanı devirib kimisə hakimiyyətə gətirib-gətirməməsi sual altındadır.

Teleqraf
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button