ABŞ və Fransa da Bakı deyəni deməli oldu – ermənilərə bəd xəbər

Brüssel, Vaşinton və Paris də Kremlin ardınca Minsk Qrupunun “kliniki ölümü” ilə barışır, əks halda, Tiflisdəki birbaşa dialoqun tərəfdarı kimi çıxış etməzdilər…

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel öz Twitter səhifəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tiflis görüşünü alqışlayıb. Aİ rəsmisi yazıb:

“Bu, hərtərəfli həll yolunda mühüm addımdır. Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazın tərəfdarıdır. Normallaşmaya və barışığa yalnız birbaşa dialoq vasitəsilə nail olmaq olar”.

Oxşar fikirlər az sonra ABŞ və Fransadan da səslənib. “Birbaşa dialoq Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarını həll etməyin ən etibarlı yoludur”- ABŞ dövlət katibi Entoni Blinken Twitter hesabında belə reaksiya verib.

Fransa Xarici İşlər Nazirliyinin saytında isə yerləşdirilən bəyanatda vurğulanır ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq əzmində olan Fransa bu görüşü alqışlayır. Sitat: “Fransa Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir və ümid edir ki, bu, iki ölkə münasibətlərinin normallaşması üçün əlverişli şərait yaradacaq”.

Hər üç açıqlama o anlama gəlir ki, artıq AB, ABŞ və Fransa da Rusiyanın ardınca Minsk Qrupunun “ölümü” ilə barışır. Əks halda, Bakı və İrəvan arasında birbaşa dialoqun tərəfdarı kimi çıxış etməzdilər.

Ermənistan rəsmiləri isə yeri gəldi-gəlmədi, hələ də həmsədrlik institutunu reanimasiya etmək haqda danışırlar. Hətta Hindistanın İrəvana səfər etmiş baş diplomatı ilə görüşdə də Minsk Qrupunun bərpasını dilə gətirmişdilər. Lakin həmsədr ölkələrin bir araya gəlməsi mümkün görünmür. İndi İsə Tiflis görüşünə verilən reaksiyalardan aydın olur ki, tərəflər Brüssel platformasını dəstəkləyir, Minsk Qrupu artıq “gorbagor” olub.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, İrəvan bu xülyadan çoxdan əl çəkib: “Sadəcə, son dövrlər müəyyən dairələrin diktəsi ilə sülhyaratma prosesini ləngitmək, Rusiyanın başının ayılması üçün bu cür əngəlləri ortaya atır. Ermənistanda yaxşı bilirlər ki, Minsk Qrupunun görəcəyi bir iş yoxdur. Onu da bilirlər ki, bu format status məsələsində də onlar üçün nəyisə edəcək iqtidarda deyil. Üstəlik, Minsk Qrupu status mövzusunu qaldırsaydı, daha pis rezonans doğuracaqdı”.

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qabil Hüseynli

Q.Hüseynli, bununla belə, hesab edir ki, nazirlərin görüşü danışıqların davam etdiyi imitasiyası yaradır, sadəcə, Qərb bunu qabardır: “Əslində danışıqların ciddi nəticəsi yoxdur. O vaxt real nəticə olardı ki, kommunikasiyaların açılması haqda razılaşmalarla bağlı fikir səslənərdi. Sərhədlərin dəqiqləşdirilməsi məsələsində də heç bir nəticə əldə edilməyib. Üstəlik, sülhyaratma prosesi və sülh müqaviləsi ilə bağlı müzakirələr tələsik masaya qoyulsa da, təfərrüatı ilə danışıqlara nail ola bilməyiblər. Ötən görüşlərlə müqayisədə Ermənistan qəbul edilməsi mümkün olmayan tələblər səsləndirməklə görüşlərin davam etdirilməsinin üstündən xətt çəkib. Növbəti görüşün nə zaman olacağı haqda ən azı ipucu verilməli, məlumatlar olmalı idi. Bu dəfə belə olmadı”.

Politoloqun fikrincə, bu o deməkdir ki, Ermənistanda sülhyaratma prosesləri üçün dünənə qədər real görünən siyasi iradə bu gün ortada yoxdur: “Yəni İrəvan açıq-aşkar siyasi sabotaj yolunu tutub. Bunun da kimlərinsə diktəsi ilə edilməsi şübhə doğurmur. Belə vəziyyətdə kimlərinsə Ermənistana qəyyumluq etməsinə şübhə yeri qalmır”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu görüşdən nəticə çıxmasa belə görüş yerinin Gürcüstan seçilməsi tərəflər üçün faydalıdır: “Gürcüstan Avropa İttifaqı kimi Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır. Bu mənada Gürcüstanın görüş yeri seçilməsi və bunun gələcəkdə də təkrarlanması Brüsselin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə dəstək mahiyyəti daşıyır. Bu, Kremlin maraqlarına cavab vermir. Birincisi, Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı savaşına görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. İkincisi, Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə çalışır ki, bu amil də Kremli qıcıqlandırır. Üçüncüsü, Azərbaycan və Ermənistan rəsmilərinin və diplomatlarının Rusiyadan kənar istənilən görüşü və apardıqları müzakirə Rusiyanın bölgədəki inhisarçı mövqeyə sahib olmaq istəyini zəiflədir”.

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İrəvan “Qarabağ münaqişəsinin” həll edilmədiyini deyir, Minsk Qrupunun mandatından istifadə edilməsini istəyir: “Bakının açıqlamasında bununla bağlı heç bir qeyd yoxdur. Uzlaşan və çarpazlaşan məqamlar deməyə əsas verir ki, 3 saat davam edən görüşdə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalır, xüsusilə İrəvanın ”münaqişə” və Minsk Qrupu haqda dedikləri “status” iddiasına davam etdiyini göstərir. Prezident İlham Əliyev son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdi. Rəsmi açıqlamalar prinsipial məsələlərlə bağlı anlaşmanın olmadığı ehtimalını önə çıxarır. Və bu kontekstdə Bakı iki istiqamətdə hərəkət edə bilər: Zəngəzura status istəyi ilə bağlı məsələni praktiki mərhələyə keçirə bilər;  miqyasından asılı olmayaraq, Ermənistanı, həm də prosesdə iştirakçı olan bütün tərəfləri razılaşmaların icrasına məcbur edəcək addımlar ata bilər”.

Təhlilçinin fikrincə, nazirlərin ikitərəfli görüşlərin davam etdirilməsi razılaşması açıqlanmayan məqamlara da diqqət çəkir və bunu proseslərin inkişafında müəyyənləşdirmək mümkün olacaq: “Ermənistan indiki mərhələdə ən azı sülh sazişinin imzalanması üzrə işçi qrupunu formalaşdırmalı və Zəngəzur dəhlizinin dəmir yolu layihəsinin texniki-maddi iqtisadi əsaslandırmasını hazırlamalı, avtomobil yolu marşrutunu Azərbaycana verməlidir. Bakının praktiki addımlara keçidini müvəqqəti də olsa, bu məsələlər dayandıra bilər, əks təqdirdə, nələr ola biləcəyini Əliyevin çıxışından təxmin etmək mümkündür”.

Yeri gəlmişkən, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili “Pirveli arxi” kanalına açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın danışıqları konkret nəticə vermədi, ancaq iki ölkənin XİN rəhbərlərinin birbaşa dialoqu üçün presedent yaratdı. “Konkret nəticələr danışıqların ilk raundunda heç vaxt olmur”, – Darçiaşvili bildirib.

Onun sözlərinə görə, nazirlər onları narahat edən məsələlərlə bağlı gündəmi müzakirə ediblər. Darçiaşvili vurğulayıb ki, bu formatda danışıqların davam etdirilməsinin əsası qoyulub. “Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq. Əgər istənilən formatda danışıqlar üçün Gürcüstana gəlmək zərurəti yaranarsa, biz qəbul etməyə və dəstəkləməyə hazırıq”, – o əlavə edib. Nazir Tiflisdəki görüşü Gürcüstan üçün “tarixi günlər” adlandırıb. O bildirib ki, bu, Azərbaycan və Ermənistanın Gürcüstana etibar etməsi deməkdir: “Gürcü hakimiyyəti vasitəçilik funksiyasını yerinə yetirə bildiyi üçün çox şaddır. Danışıqların hədəfi isə konkret nəticələr əldə etməkdir”.

Hamısını Göstər

Related Articles

Back to top button