Albaniya NATO-nun Kosovodakı qüvvələrində şəxsi heyətinin sayını artıracaq
Albaniya gələn il NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrində (KFOR) şəxsi heyətinin sayını artıracaq.
Polise.az xəbər verir ki, bunu Albaniyanın Kosovodakı səfiri Petrit Malay KFOR-un türkiyəli komandanı general-mayor Özkan Ulutaşla görüşdə deyib.
KFOR-un paytaxt Priştinadakı əsas qərargahında keçirilən görüşdə Kosovodakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. Albaniyanın KFOR-u dəstəkləməyə davam edəcəyini deyən səfir vurğulayıb ki, Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasının yeganə yolu dialoqdur.
Qeyd edək ki, 1999-cu il iyunun 12-də Kosovoda fəaliyyətə başlayan KFOR-un şəxsi heyətində 27 ölkədən ümumilikdə 4500-dən çox hərbi personal var. Albaniyanın sülhməramlı qüvvələrin tərkibində 89 hərbi qulluqçusu xidmət edir.
Bu il oktyabrın 10-da KFOR-un komandanlığı Türkiyəyə keçib. Sülhməramlı qüvvələrə ilk dəfə rəhbərlik edən Türkiyə KFOR-dakı hərbçilərin sayına görə ikinci yerdədir.
Polise.az