Auditorlar Palatası və APMMA arasında protokol imzalanıb

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APMMA) arasında mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalanıb.

Tədbirdə çıxış edən APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova niyyət protokolunun imzalanma mərasiminin Assosiasiyanın 15 illik yubileyinə təsadüf etdiyini bildirib.

Bildirilib ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ictimai təşkilat kimi 2007-ci ildə təsis olunub və artıq 15 ildir ki, beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi fəaliyyət göstərir və dinamik inkişafda olan Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. APFM Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunub. N.Novruzova qeyd edib ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin qüvvəyə minməsi və bu dəyişikliklərin müvafiq tələblərini tətbiq edən peşəkar mühasib təşkilatı kimi APFM müvafiq dövlət qurumları ilə memorandumlar çərçivəsində sıx əməkdaşlıq edir və planlı tədbirlər həyata keçirilir.

Bildirilib ki, bu gün Peşəkar mühasib təşkilatına üzv olmaq Qanunvericiliyin tələbidir və peşəkar mühasib üzvlərinin sayını artırmaqla, APFM respublikamızda təcrübəli mütəxəssislərin dünya miqyasında tanınmasına, kadrların beynəlxalq səviyyədə hazırlanması işinə öz töhfəsini verir.

Tədbirdə APFM-in beynəlxalq müstəvidə əməkdaşlıq istiqamətlərinə də toxunulub. Bildirilib ki, APFM Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, həmçinin, Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers) və Sertifikatlı Mühasiblər İnstitutunun (ICB,The Institute of Certified Bookkeepers) Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, EFAA-nın prezidenti Salvador Marin, Gürcüstan Mühasiblər İttifaqının Baş direktoru Tatiana Beridze, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev Assosiasiyanın 15 illik yubileyi münasibətilə təbrik nitqi söyləyiblər.

APFM-in 15 illik yubileyi münasibəti ilə Assosiasiyanın üzvləri Fəxri Fərmanlarla təltif olunublar.

Hamısını Göstər

Related Articles

Back to top button