Avropa İttifaqı Qərbi Balkan ölkələrini dəstəkləməklə bağlı öhdəliyini təkrarlayıb

Avropa İttifaqı (Aİ) Qərbi Balkan ölkələrini ittifaqa üzvlük yolunda dəstəkləməklə bağlı öhdəliyini təkrarlayıb, həmin ölkələri Aİ-nin xarici və müdafiə siyasətinə tam əməl etməyə çağırıb.

Polise.az xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Qərbi Balkan ölkələrinin liderləri ilə görüşüb. Görüşdə Monteneqro Prezidenti Yakov Milatoviç, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelko Komşiç, Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski və Kosovo Prezidenti Vyosa Osmani iştirak ediblər.

Cozef Borel enerji, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi problemlərlə mübarizədə Aİ-nin bu ölkələrə dəstəyini vurğulayıb. O, Avropa İttifaqına üzvlük yolunda irəliləyiş üçün zəruri olan mühüm siyasi, institusional, sosial və iqtisadi islahatların həyata keçirilməsinə kömək etmək üçün Aİ-nin bütün namizəd ölkələrə və potensial namizədlərə siyasi, texniki və maliyyə cəhətdən davamlı güclü dəstəyini davam etdirəcəyini bildirib.

Görüşdə Aİ-nin genişlənmə siyasətinin sürət qazandığı bir vaxtda ittifaqa üzvlüklə bağlı gözləntilər də müzakirə olunub.

Qeyd edək ki, Qərbi Balkan ölkələrindən Bosniya və Herseqovina, Albaniya, Monteneqro, Şimali Makedoniya və Serbiya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button