Azərbaycan Qarabağ zəfərinə tam beynəlxalq dəstək aldı – Ermənistanın yeganə çıxış yolu qalır…

Türkiyə ilə Azərbaycan arasında konfederativ münasibətlərə bənzər əməkdaşlığın qurulması regionda təhlükəsizliyin təminatı olacaq

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin Avropaya səfəri sələfi respublikaçı Donald Trampın zəiflətdiyi Avroatlantik birliyi bərpa etməyə yönəlmişdi. Bayden əvvəlcə Birləşmiş Ştatların ənənəvi müttəfqi Böyük Britaniyanı ziyarət etdi, “Böyük yeddilər”-in zirvə görüşündə, NATO sammitində iştirak etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli müzakirələr apardı. Sonra isə ABŞ-Avropa Birliyi sammitində problemlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Bu gün isə Bayden Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. Bu görüşdə son illər “soyuq müharibə” həddindən daha aşağı səviyyəyə enən münasibətlər, regional problemlər müzakirə olunub.

Göründüyü kimi, ABŞ Prezidentinin Avropa turnesində bütün qlobal məsələləri əhatə edən mövzular müzakirə olunub. Müxtəlif regionlardakı münaqişələr, iqtisadi əməkdaşlıq, postpandemiya dövrünün problemləri və s. dünya liderlərin gündəmində olub.

Ötən il 44 günlük müharibədən qalib çıxmış Azərbaycanın və darmadağın olaraq ağır siyasi böhrana düçar olan Ermənistanın da dünya liderlərinin görüşündən gözləntiləri vardı. Rəsmi Bakı formalaşan yeni dünya düzənində güc və ədalət tandeminin prioritet olacağını gözləyirdisə, erməni lobbisi xaricdəki dəstəyi hesabına sammitlərdən sərfəli bəyanatlar qoparmaq üçün bütün qüvvələrini səfərbər etmişdi.

Amma lobbinin bütün cəhdləri səmərəsiz qaldı və yaranmış mənzərə eynən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan dəqiq ifadə etdiyi kimi oldu: “Dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir. Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur. Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”.

Petrosyan təcrübəli siyasətçidir və beynəlxalq münasibətlər sistemində Qarabağ məsələsinin yeri, rolu və perspektivi barədə həmişə məntiqli, uzaqgörən çıxışlar edib. 1996-cı ildə problemin mərhələli həll varinatını qəbul etdiyinə görə, Rusiyanın dəstəklədiyi səhra komandirləri tərəfindən faktiki hakimiyyətdən devrilib.

Eks-prezident yuxarıda təqdim olunan qənaətə təsdüfən gəlmir. İyunun 11-dən etibarən Avropada keçirilən heç bir beynəlxalq tədbirdə Qarabağ məsələsi gündəmə gəlmədi, yekun bəyanatlarda, kommunikelərdə bir cümlə də bəhs olunmadı.

Yalnız Türkiyə lideri Ərdoğan ABŞ Prezidenti ilə görüşdən sonra bildirdi ki, amerikalı həmkarına NATO-nun Qarabağda möhkəmlənməsinin vacibliyindən bəhs edib.

Ermənistanın çalışdığı o idi ki, “Böyük yeddilər”, NATO, həmçinin Baydenin keçirəcəyi ikitərəfli görüşlərdə Qarabağın status məsələsi, ATƏT-in Minsk Qrupunun yenidən aktivləşməsi ilə bağlı çağırış, bəyanatlar olsun. Bu, İrəvanın diplomatik müstəvidə əlini gücləndirən mühüm beynəlxalq dəstək ola bilərdi. Amma məlum olduğu kimi, dünya liderləri problemi demək olar ki, həll olunmuş sayaraq, ona vaxt ayırmadılar.

Bu, Türkiyənin dəstəyi ilə Azərbaycanın beynəlxalq müstəvidə mühüm diplomatik uğuru olmaqla yanaşı, Qarabağda dövlət suverenliyinin tam bərqərar olunması üçün əlverişli şərait yaradır.

Artıq Azərbaycanın ərazi bütövlüyü dolayı da olsa mübahisələndirilmir, “xalqaların öz müqəddəratını təyin etmə prinsipi” kimi erməniləri ümidləndirən amorf çağırışlar mövcud deyil.

Beynəlxalq birliyin mövqeyi ondan barətdir ki, Qarabağ silahsızlaşdırılmalı, humanitar problemlər həll olunmalı, birgəyaşayış layihələri dəstəklənməli, kommunikasiyalar açılmalıdır.

Bu, tamamilə Azərbaycanı qane edir. Rəsmi Bakı ən yüksək səviyyədə Qarabağın erməni əhalisinin problemlərini həll etməyə, bölgənin iqtisadi inkişafını təmin edəcək bütün layihələri icra etməyə hazır olduğunu bildirib. Hazırda işğaldan azad edilən ərazilərdə həyata keçirilən nəhəng infrastruktur layihələri, abadlıq-quruculuq işləri, orada iştirak edən transmilli şirkətlər Azərbaycanın həm niyyətini, həm də geniş iqtisadi, maliyyə potensialını nümayiş etdirir.

Əlbəttə, Ermənistanın hansı yolu seçəcəyi qarşıdakı seçkilərin nəticələrindən asılıdr. Erməni xalqı ya reallıqlarla barışıb Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, problemlərin birgə həllinə başlamasını, yaxud, əvvəlki müharibə, qisasçılıq, revanş cəhdlərini davam etdirməyi seçməlidir.

Ənənəvi yolun uçuruma dayanması 44 günlük müharibədə sübut olunub. Minlərlə erməni əsgəri ilə yanaşı erməni cəmiyyətinin əsas dayaqlarının bu uçurumdan aşağı yuvarlanması faktdır. İndi qarşıda daha güclü Azərbaycan var. Onun gücü təkcə hərbi üstünlüyündə deyil, beynəlxalq dəstəyinin bütünləşməsində və NATO-nun aparıcı üzvü, müttəfqi Türkiyədən tam və hərtərəfli dəstək almasında, münasibətlərdə yeni səhifə açmasındadır.

Dünən Şuşada Azərbaycan və Türkiyə liderlərinin imza atdığı “Şuşa Bəyannaməsi” regionda tamamilə yeni bir mərhələnin başlandığını göstərir. Doğrudur, bu bəyanata qədər iki ölkə arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” var idi. Həmin müqavilədə də qarşılıqlı hərbi yardım barədə müddalar var.

Ancaq Şuşa Bəyannaməsində konkret göstərilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Sadə dillə desək, Türkiyəyə təcavüz Azərbaycana təcavüz, Azərbaycana təcavüz Türkiyəyə qarşı təcavüz sayılacaq və adekvat reaksiya veriləcək. Yəni, Qarabağla bağlı kiminsə artıq xam xəyallara düşməsi mümkün deyil!

Daha bir mühüm müddəa iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır. Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində əlaqələndirilmiş və razılaşdırılmış birgə siyasət həyata keçiriləcək.

Eyni zamanda xarici siyasətin də birgə maraqlar çərçivəsində reallaşdırılması nəzərdə tutulur.

Digər önəmli məqam malların sərbəst hərəkətinin təmin edilməsi üçün mexanizmlərin işlənib hazırlanacağıdır.

Hərbi bazaların yaradılması barədə müddəa yoxdur, amma razılaşmalarda mütləq “hərbi baza” ifadəsinin qeyd olunması vacib deyil. Artıq xeyli müddətdir ki, Azərbaycanda müəyyən sayda Türkiyə hərbçiləri var. Ehtiyac olarsa, bunların sayının müəyyən dövr üçün artırılması iki ölkə qərarvericilərinin müstəsna səlahiyyətidir. Yəni, məcbur deyil ki, hansısa hərbi hissə olsun və onun qapısına Türkiyə hərbi bazası yazılsın.

Şuşada Türkiyə Konsulluğunun açılması da tarixi əhəmiyyətlidir və bunu da bir növ təhlükəsizlik qarantiyası hesab etmək olar.

Türkiyənin Zəngəzur dəhlizinin açılmasında təminatçı ölkələrdən biri olması da bu razılaşmanın yaxşı perspektivlərindən xəbər verir. Ümumilikdə bu Bəyannamə ilə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur.

Beləliklə, beynəlxalq birliyin dəstəyindən məhrum olan, Rusiya tərəfindən ciddi təzyiq altında əzilən Ermənistanın yeganə çıxış yolu qalır.

Coğrafi baxımdan onsuz da dalanda olan, sürətlə boşalan bu ölkə Azərbaycanın haqlı tələblərini qəbul edib, ərazi bütövlüyünü tanımalı, bir daha müharibə iddiasına düşməyəcəyi barədə öhdəlik götürməli və bundan sonra regional iqtisadi əməkdaşlığa qoşularaq yaşamaq imkanı əldə etməlidir. Başqa cür gələcək, üfüqdə də belə görünmür…

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close