Azərbaycanlılar 27 il əvvəl Kəlbəcərdən necə köç edib, ermənilər necə?
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, işğalçı Ermənistan ordusu artıq Kəlbəcəri tam boşaltmalıdır. Artıq Kəlbəcər noyabrın 15-də Azərbaycanın nəzarətində olmalıdır.
Bununla da BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi yerinə yetirilmiş olacaq. Bildirək ki, Kəlbəcər rayonu Dağlıq Qarabağa aid bölgəmiz sayılmasa da, Ermənistan orada qanunsuzluq edərək əhali köçürmə ilə məşğul olub. 1999-cu ildən etibarən ermənilər Kəlbəcər rayonunda aktiv şəkildə məskunlaşdırılıb. Bu isə BMT və ATƏT-in prinsiplərinə ziddir.
Rusiya sülhməramlıları Kəlbəcərdə Ermənistan hərbçilərini yola salmağa çalışdığı vaxtda qanunsuz özlərinə məskən salmış erməni əhalisinin etdiklərindən şoka düşüb. Belə ki, Kəlbəcər rayonunda məskunlaşmış ermənilər Ermənistana gedərkən yer üzündə görünməyən hərəkətləri ilə yadda qalıb.
Evlərindəki qiymətli əşyaları götürməkləri normaldır və başadüşüləndir. Amma onların evlərinin dam örtüyünü, unitazları götürməsi rus əsgərlərini sözün həqiqi mənasında təəccübləndirib. Bu azmış kimi yaşadıqları və yaşamadıqları evləri yandırıb, meşələrdə ağacları doğrayıb maşınlara yükləyib aparıblar. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedir və bununla da həmin evlərin azərbaycanlılara qismət olmamasına çalışırlar.
Daha bir fakt. Ermənilər Kəlbəcərdə yerləşən hərbi hissəni də darmadağın edib oranı tərk edir. Bütün bunlar vandalizm deyilsə, bəs nədir?
Ən maraqlısı da budur ki, erməni əhalisi Kəlbəcəri öz istəyi ilə çox rahat şəkildə – maşınlarda, bütün mal-mülklərini yığmaqla tərk edirlər. İndi baxaq görək, 1993-cü ildə Kəlbəcər rayonu hansı formada boşaldılmışdı?
1993-cü ilin martın sonları – aprelin əvvəllərində azərbaycanlı əhali Kəlbəcəri tərk edərkən onlara heç kim belə vaxt qoymamışdı. Onlar pərakəndə şəkildə, mühasirəyə düşmüş vəziyyətdə hara getmək lazım olduğunu bilmir, getməyə yer tapa bilmirdilər. Çünki cənubda Laçın, şərq və cənub-şərqdə Xocalı rayonu ermənilərin əsarətində idi, şimal isə qarlı Murovdağla əvəzlənmişdi.
Əhali məhz dağ yolları ilə ayaqyalın, piyada şəkildə getməyə məcbur idi. Soyuqdan donub həyatlarını itirənlərin cəsədləri belə ermənilər tərəfindən təhqirə məruz qalırdı. Kəlbəcərdə 500-dən artıq dinc vətəndaşımız həlak olub, yüzlərlə insan girov və itkin düşüb.
Azərbaycanla Ermənistanın köç siyasətində daha bir fərq isə odur ki, yerli əhalinin vaxtı olmadığından, onlar özləri ilə heç nə götürə bilməyib, qalan sakinlərin əmlakları isə erməni qəsbkarları tərəfindən talan edilib.