Azərbaycan Respublikasının Prezidenti Oğuz rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov dövlətimizin başçısına məlumat verdi ki, ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.

Qeyd edilib ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.

Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.

***

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, “Şəki-Oğuz” Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi “Azdövsutəslayihə” İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.

Məlumat verilib ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.

Eyni zamanda, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nasos stansiyasının xarici elektrik təchizatı üzrə 14 kilometr uzunluğunda 35 kVt-luq ikidövrəli elektrik xətti və 16 min kVt gücündə 2 transformator yarımstansiyası inşa edilib.

Diqqətə çatdırılıb ki, Oğuz rayonu ərazisində Ağçay üzərində suqəbuledici qurğu inşa edilib, 10,2 kilometr uzunluğunda metal boru, 160 metr uzunluğunda təmizləyici polad boru xətləri çəkilib və tutumu 2500 kubmetr olan basqılı su hovuzu tikilib.

Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə salıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.

Hamısını Göstər

Related Articles

Back to top button