Azərbaycanın Müstəqillik Günü münasibətilə Argentinada rəsmi qəbul təşkil olunub

Argentinadakı səfirliyimiz tərəfindən Azərbaycanın Müstəqillik Gününün və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paytaxt Buenos-Ayres şəhərində rəsmi qəbul keçirilib.

Səfirlikdən  Polise.az -a bildirilib ki, Argentina Xarici İşlər Nazirliyinin xarici siyasət məsələləri üzrə alt katibi, səfir Klaudio Xavier Rozentsvaiqin fəxri qonaq qismində qatıldığı rəsmi qəbulda bu ölkənin ictimai-siyasi xadimləri, akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Qəbul Argentina Federal Polisinin hərbi orkestri tərəfindən hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə səfir Rəmzi Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb, o dövrdə demokratik hüquq və azadlıqların bərqərar olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların tanınması, bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi barədə məlumat verib.

Argentina xarici işlər nazirinin xarici siyasət məsələləri üzrə alt katibi, səfir Klaudio Xavier Rozentsvaiq təmsil etdiyi hökumət adından ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik münasibətlər haqqında danışan səfir Argentinanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu ifadə edib.

Rəsmi qəbulun sonunda səfirliyin təşəbbüsü ilə ispan dilində hazırlanmış və Ümummilli Liderin həyatına həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı jurnal, habelə dahi Azərbaycan şairi Nizami Gəncəvinin, İmadəddin Nəsiminin şeirlərinin, Dədə Qorqud dastanının çap olunduğu kitablar tədbir iştirakçılarına paylanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button