Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  Polise.az-a bildiriblər ki, Aleksandar Vuçiç dost və strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib.

Xalqlarımız arasında da dost münasibətlərin olduğunu qeyd edən Aleksandar Vuçiç vurğulayıb ki, Serbiyada Azərbaycanı yaxşı tanıyırlar. O, ölkəmizdə baş verən prosesləri çox yaxından izlədiyini diqqətə çatdırıb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Serbiya Prezidenti dövlətimizin başçısı ilə görüşlərindən məmnunluqla danışıb, bu görüşlər zamanı əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd edən Serbiya Prezidenti Milli Məclis sədrinin bu səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Serbiya Prezidentinə çatdırıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirən S.Qafarova bu illər ərzində əlaqələrimizin davamlı şəkildə inkişaf etdiyini deyib. Vurğulanıb ki, ali və yüksək səviyyəli səfərlər münasibətlərin dərinləşməsinə vacib töhfə verib. Həmin səfərlər zamanı aparılan müzakirələr, imzalanmış sənədlər ölkələrimiz arasında müxtəlif sahələrdə geniş əməkdaşlığın inkişafı baxımından çox mühümdür.

Görüşdə qeyd olunub ki, beynəlxalq təşkilatlarda, xüsusən də suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında güclü tərəfdaşlıq və həmrəylik mövcuddur. Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir.

Həmçinin enerji sektorunun iki ölkənin əməkdaşlığının daha da dərinləşdirilməsi üçün böyük potensiala malik sahələrdən biri olduğu diqqətə çatdırılıb.

Parlamentlərimizin qarşılıqlı fəaliyyətinin ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm, eyni zamanda, müsbət təsir göstərən amillərdən biri olduğunu deyən Sahibə Qafarova əlavə edib ki, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına təkan verir.

Serbiya Prezidentinə hazırda regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış proqramına başlanılıb. Lakin ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə minalanması yenidənqurma işlərinə ən böyük əngəldir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir, beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button