Azərbaycanlı generaldan şok İran anonsu

Ölkəmizə qarşı xain planları necə pozmalı? Təhlükəsizlik eksperti: “Tehran bütün “qırmızı xət”ləri keçib…”

“İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”.

Bunu DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. O, bu istiqamətdə görülən kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.

“Kəsərli tədbirlər” arasında təbii ki, bir qədər öncə Bakıda İrana casusluq edən şəbəkənin ifşa edilməsi də var. Bu zaman o da bəlli olmuşdu ki, İran ölkəmizə qarşı casusluğu həm də dostu-qardaşı Ermənistanın xeyrinə edir, Azərbaycanla bağlı hərbi xarakterli kəşfiyyat məlumatlarını onunla da bölüşür.

DTX generalının son açıqlaması isə cənub qonşumuzun Azərbaycana qarşı xəbis planlarından əl çəkmədiyini göstərir. Bu fakt həmçinin bir qədər öncə İran dini lideri Əli Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin Azərbaycan və azərbaycanlılar haqda söylədiyi xoş sözlərin səmimi olmadığını isbatlayır.

General Şadlinskinin yuxarıdakı açıqlaması İrana işləyən daha bir casus şəbəkəsinin faş ediləcəyini və ya faş edilmə üzrə olduğunun anonsu sayıla bilərmi? Ümumiyyətlə, cənub qonşumuzun pozucu fəaliyyətini tam neytral hala gətirmək mümkün olacaqmı?

Bakupost.az - Bu, böyük qayıdış üçün vacibdir - Arzu Nağıyev

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, İran-Azərbaycan münasibətləri ölkəmiz müstəqillik qazanandan sonra kifayət qədər soyuq olub: “Hazırda isə bu soyuqluq bir qədər də dərinləşib. İran hər zaman Azərbaycana  qısqanclıqla yanaşıb. İkinci Qarabağ müharibəsindən sonra isə qısqanclıq açıq şəkil aldı. İran tərəfdən ünvanımıza əsassız ittihamlar səsləndirilməyə başladı, ”quyruq” məsələsi ortaya atıldı. Azərbaycan qarşı açıq şəkildə hədələr oldu. İrandan keçməklə Naxçıvana yük daşıyan sürücülərin öldürüləcəyi hədəsindən tutmuş, raketlərlə Bakının neft mədənlərinin vurulması kimi hədələyici çıxışlar eşidildi. Azərbaycan daim mehriban qonşuluq siyasətinə sadiq olsa da, İranın hədələri bitib-tükəmir, bütün “qırmızı xət”ləri keçiblər. Ona görə də  özlərinə xoş olmayan cavabları eşidirlər.

Bu gün (dünən-red.) Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında da bu məqamı xüsusi vurğuladı. Dedi ki, İranın üç Prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.

Dövlət başçısı bildirdi ki, “biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”. Yəni İranın hədələri olmasa, bizim onlara qarşı hər hansı bir addımımız da olmaz. Təbii ki, biz istərdik ki, İran və Azərbaycan arasında münasibətlər gərginləşməsin. Amma nə baş verir? İran Azərbaycanda casus şəbəkəsi yaradır, həmin şəbəkəyə cahil, siyasi savadı olmayan insanları cəlb edir və onlardan istifadə edir.

Bu yaxınlarda DTX İranda xüsusi təlim keçmiş silahlı dəstə ilə bağlı çox təqdirəlayiq bir əməliyyat gerçəkləşdirdi. Bununla da bir daha göstərdi ki, DTX eyni zamanda, xüsusi xidmət orqanları əməliyyat şəraitinə tam nəzarət edir. Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı hər hansı bir təhdid törətmək istəyənlər mütləq şəkildə qarşısında Azərbaycanın hüquq mühafizə orqanlarını, xüsusi xidmət orqanlarını görəcəklər”.

Deputat deyib ki, İranın Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti genişlənə bilməz: “Azərbaycanın xüsusi xidmət orqanları zamanında belə fəaliyyətin qarşısını almağa qadırdir. Onların əsas məramları, məqsədi Azərbaycanda qarışıqlıq salmaq, silahlı qruplaşmalar yaratmaq, terror həyata keçirməkdir. Bu dəstələrin qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edir. Özü də indiki bir zamanda, hansı ki, regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycan ciddi addımlar atır. Lakin bunun qarşısını almağa çalışan istər İran xüsusi xidmət orqanları, istərsə də Ermənistan xüsusi xidmət orqanları, onların birgə tandemi bir daha gördülər ki, kifayət qədər materiallarmız var, kifayət qədər əlimizdə əsaslar var ki, bu təhdidlərin qarşısını alaq. Eyni zamanda, təbliğat xarakterli materialların Azərbaycana gətirilərək yayılması, bunun qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edən məsələdir.

Yəni bu gün haradasa gedib xarici xüsusi xidmət orqanlarının təlimatçıları vasitəsilə müxtəlif təlimlər keçən və sonradan Azərbaycana göndərilərək Azərbaycana qarşı təhdidlə məşğul ola biləcək o şəxslərin bu gün həbsi bir daha göstərir ki, bu şəxslər var. Qaçıb gizlənənlər, eyni zamanda bu məsələlərdən yayınanlar, hələ ki, sakit durub kənardan idarə edənlər də gec-tez ələ keçəcəklər. Onlarda bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur. DTX-nin İran casus şəbəkəsinə qarşı yönəlmiş fəaliyyəti bölgə üçün təhlükəsizlik məsələsində önəmli məsələdir”.

Hamısını Göstər

Related Articles

Back to top button