Azərbaycanlıların pulu ilə Ermənistana raket verilir…

Ötən ay Azərbaycan Nazirlər Kabineti Pakistan düyüsünün idxal-gömrük rüsumundan azad edilməsi barədə qərar imzaladı.

Qərar 31 dekabr 2027-ci ilə qədər, yəni kifayət qədər uzun müddətə qüvvədə olacaq.

Bu, həm keyfiyyətli düyünün ölkəyə idxalı, həm də Pakistanla ticarət əlaqələrinin genişlənməsi baxımından olduqca önəmli, təqdirediləsi qərardır. Bu qərara 25 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda xüsusi toxunması isə təsdiqlədi ki, proses şəxsən Prezidentin nəzarəti altındadır. Yeri gəlmişkən, Pakistan Baş naziri Şahbaz Şərif 26 noyabrda Azərbaycan Prezidentinə bu qərara görə xüsusi təşəkkür də etdi.

Pakistan düyüsünün gömrük-idxal rüsumundan azad edilməsindən sonra Bakı marketlərində vəziyyət necədir?

Apardığımız qısa müşahidə bunları göstərdi: Bakının böyük marketlər şəbəkələrinin əksəriyyətində Pakistan düyüsü yoxdur – tamam yoxdur, təklif edilmir. Əvəzində Hindistan düyüsünün bütün çeşidləri, markaları, növləri var.

Hazırda Hindistanın çeşid-çeşid, bir-birindən bəzəkli düyü markaları Bakıda hər yerdədir və az qala rəqabətsizdir.

Yalnız bir supermarketlər şəbəkəsində rəfləri dolduran Hindistan düyü markası çeşidlərinin yanında bircə növ Pakistan düyüsünə rast gəlmək mümkündür. Hindistanın da eyni qabda, eyni həcmdə, eyni dizaynda düyüsü var – söhbət “Basmati” markasından gedir.

Maraqlıdır ki, ilk baxışda xüsusi heç bir fərq olmayan, yalnız diqqətlə baxdıqda birinin Hindistan, digərinin Pakistan məhsulu olduğu yazılmış düyünün qiyməti arasında çox ciddi fərq olduğu üzə çıxdı: Hindistan “Basmati”si 4 manat 15 qəpik, Pakistan “Basmati”si isə 6 manat 99 qəpik.

Pakistan düyüsü idxal-gömrük rüsumundan – yəni 15% vergidən azad edildiyi üçün onun qiymətinin daha az olması adi məntiqdir. Həmçinin iş adamları da Pakistan düyüsünü gətirməyə, supermarketlər şəbəkəsi məhz Pakistan düyüsünü daha rəqabətli halda təklif etməyə borcludurlar.

Birdəfəlik başa düşmək lazımdır: əgər heç biri deyil, yalnız Pakistan düyüsü idxal rüsumundan azad edilirsə, burda dövlətin siyasi maraqları var.

Azərbaycanda “meydan sulayan” Hindistan və İran düyü çeşidlərinin satışına qadağa qoyulması doğru olmaz, bu, nə ticari, nə də siyasi baxımdan normal qarşılanar. Ancaq iş adamları, supermarket şəbəkələrinin rəhbərləri qanmalıdırlar ki, Hindistan Ermənistana hazırda silah satan yeganə, Ermənistanla iqtisadi-siyasi əlaqələri məhz Azərbaycanın əleyhinə inkişaf etdirməkdə qərarlı olan dövlətdir, İran isə hətta satmır da, Ermənistana tank əleyhinə sistemləri pulsuz, havayı bağışlayır.

Dövlət bütün bunları nəzərə alıb, Pakistan düyüsünün rəqabət qabiliyyətini artırırsa, onda eynihəcmli, oxşar, eyniformalı Pakistan düyüsü niyə baha olmalı, niyə Pakistan düyüsü bir çox böyük supermarketlərdə ümumiyyətlə təklif edilməməli, satışda görünməməlidir?

Bu halda Ermənistana İranın pay etdiyi, Hindistanın satdığı raket sistemlərində azərbaycanlıların da pulu olduğu təsəvvürü yaranır. Sanki biz əsgərlərimizə tuşlanan, bizə qarşı çevrilmiş hərbi sistemləri özümüzdən asılı olmadan maliyələşdiririk.

Azərbaycanı haqq savaşımızda 30 ildir dəstəkləyən, 44 günlük müharibədə daim yanımızda gördüyümüz qardaş ölkəmiz məhz Pakistandır! Hindistan da, İran da daim Ermənistana yardım edib və edir!

Bu, təkcə “düyü söhbəti” deyil, prinsiplərdir, aksiyadır, aktdır, milli immunitetdir, millətin reaksiyasıdır: dövlət addımını atdı, işini gördü, indi söz iş adamlarının, supermarket rəhbərlərinindir. Alıcıları bu ikiqat bahalı malı almaq məcburiyyətində buraxmaq vicdansızlıqdır və bu ədalətsiz seçim qarşısında alıcıları qoya bilməzsiniz! Pakistan düyüsü hər tərəfi sarmalı, bütün mağazalarda ən görünən yerə qaldırılmalı, dövlətin tanıdığı güzəştə görə, qiyməti də Hindistan-İran düyüsündən ucuz olmalıdır.

Amma doğrusu, şübhələnməyə də bilmirsən: sanki qəsdən bir görünməz əl Hindistan düyülərini məhz dövlətin bu qərarından sonra rəflərdə hər yerə düzür; sanki qəsdən məhz Prezidentin bu məqamı xüsusi vurğulamasından sonra Hindistan düyüləri Pakistan düyüsündən (məhz düyüsündən – çünki Pakistan düyülərinin çeşidləri yoxdur) az qala ikiqat aşağı qiymətə təklif edilir.

Burda da “5-ci kolon”dan şübhələnək?

Deyəsən, buna da dövlət qarışmalı olacaq…

Hamısını Göstər

Related Articles

Back to top button