Bəktaşi dərvişi, filosof, professor, nazir, millət vəkili – Kədər şairi Rza Tofiq – Azər TURAN

“Kürsüdə konfransçı, çılpaq rəsmlərində pəhləvan, təkkədə rind, məqalələrində əllamə və bunların hamısına imza atarkən bir filosof”. (H.S.Gezgin).

Mason olduğunu iddia edənlər, masonluğa xəyanət etdiyi üçün lojadan qovulduğunu söyləyənlər də var.

Əhməd Həmdi Tanpınara görə o, bəktaşidir.

1907-ci ildə İttihad və Tərəqqi sıralarına qatılıb.

İstanbul Universitetinin ilk fəlsəfə professorudur.

Məclisi-məbusanda millət vəkili.

Osmanlı dövlətinin Təhsil naziri…

Dövlət Şurasının sədri…

Özü isə Türkiyədə turançılıqla bağlı cərəyan yaratdığını və bunu sözdə və nəzəriyyə ilə deyil, əməldə gerçəkləşdirdiyini iddia edir.

Şair idi. Heca və əruzda eyni vüsətlə, ustalıqla və ilhamla yazırdı.

Əli bəy Hüseynzadənin dostu, Hüseyn Cavidin fəlsəfə müəllimi, Məhəmməd Hadinin xeyirxahı…

Türk poeziyasının milliləşmə hərəkatının və cərəyanının episentrində “şair bütün varlığın ahəng və mənasını sezən ruh olmalıdır” deyən Rza Tofiqin nəzəri fikirləri və dəstəyi dayanırdı. “Türkçülüyün tarixi”ində Akçura da elə bunu nəzərdə tutaraq: “Rza Tofiq türkçülük ədəbiyyatının teorisiyenlərinə başçılıq edir” demişdi. 1901-ci ildə Türkiyənin ilk milli şairi Mehmet Emin Yurdaqul ilk fəlsəfi şeirini ona ithafən yazır, o isə Yurdaqula səslənir: “Əməl qütbünün yolunu siz kəşf etdiniz… Anlamışsınız ki, yalnız əruz vəznini və ya ərəbcə kəlmələri, yaxud əski təşbeh və təsəvvürlərlə bərabər onları bəlirtməyə, söyləməyə vasitə olan vəsf tərkiblərini və digər tərkibləri buraxmaqla iş bitməyəcək; anlamışsınız ki, türkcə şeir yazmaq bu yabançılıqların hamısından qələmini xilas etmək, zehnini təmizləməklə bərabər türklüyün fikir özəlliklərinə, yüksək mənasına, zövqünə, keyfinə, ehtiyacına, inancına görə yazmaqdır. Fazla olaraq o kimi özəlliklərdən bir türk qövmünün bu milli yaradılışını sevmək, həm səmimi olaraq sevməkdir. İştə yaradılışınızda olan şairlik bacarığınız, çətin şeyləri asan qılmağa yönəlik şəxsi qüdrətiniz bir yana, sizin böyük başarınız bu qədər ağır, bu qədər çeşidli səbəblərə meyil etmənizlə bağlıdır… Öylə parlaq, öylə böyük mənzumələrlə davanın əksini isbat etdiniz ki, altı yüzillik ədəbiyyatımızda bir örnək göstərmək asan deyil deməkdən çəkinmirəm”.

Rza Tofiqin bu yazısını Hilmi Ziya Ülken yeni ədəbi hərəkatın manifesti kimi səciyyələndirirdi.

Təkcə şeirdə deyil, Rza Tofiq sənətin bütün qollarında millilik amilinin qaynaqlarını tədqiq edir, hətta türk rəqslərində belə türk mənəviyyatının cizgilərini, bu rəqslərin milli mənasını araşdırırdı.

Fəlsəfədə qərbçi, şeirdə xalqçıydı.

Rza Tofiq XX yüzil türk poeziyasında milliyyətçi ruhu təsəvvüf düşüncəsiylə, hələ üstəlik, təsəvvüfü fəlsəfə ilə qovuşduran ilk şair idi.

Həm də “Yazdığı şeirlərinin səmimiyyəti etibarilə ölməz nəfəsləri, şami-qəribanları üzündən Anadolunun təhkiyəçiləri, təsəvvüf salikləri onu “Mövlana Rza”, “Dərviş Rza” və ya “Rza baba” deyə tanıyır və mürşid sanırlar” (H. Zeynallı).

Türk ictimai fikrində Kamil İnsanla Fövqəlinsanı fərqləndirən ilk filosof da Rza Tofiqdir. İstanbul Universitetində “Vəhdəti-vücud” müəllifi Ömər Fərid Kam kimi sufi professorlar olsa da, Qərbi və Şərqi mükəmməl bilən Rza Tofiq bu baxımdan bənzərsiz idi. XX yüzilin əvvəllərində Türkiyənin elmi çevrələrində Kamil İnsanla Üstinsan nəzəriyyəsinə onun qədər aşina olan, bu iki aspekti onun qədər incələyən və bu barədə onun qədər yazan ikinci bir mütəfəkkir yox idi: “Avropa fəlsəfəsiylə aşina olanlar bilirlər ki, keçənlərdə vəfat etmiş olan alman filosofu Fridrix Nitsşe “Kamil insan” nəzəriyyəsini Avropada təbliğ etmişdi. Bu mütəfəkkir xəyalpərəstin fikrincə, hazırkı tərəqqinin təbii davamı ilə gələcəkdə insanlar əxlaq baxımından fövqəladə təkamülə qovuşacaq, fövqəlbəşər bir insan olacaqlar. İndi insanlara nisbətlə meymunlar, bu gün hansı dərrakədə qalmışlarsa, bizlər daha gələcəyin o fövqəlbəşər insanları ilə müqayisədə o mənzilədə görünəcəyik. Nitsşenin bu nəzəriyyəsinin təfsilatına varmaq niyyətində deyiləm. Amma onu söyləyim ki, alman filosofunun fövqəlbəşər dediyi nümunəvi insan nəzəriyyəsiylə, təsəvvüfün Kamil İnsanı arasında zahiri bənzərliklərinə rəğmən, heç bir vəchlə münasibət yoxdur. Zahirə baxıb aldanmayın. Nitsşenin bu təsəvvürü aristokratiya hissinin… bir az da təkamül fəlsəfəsinə bürünməsindən doğmuşdur. O yüksək insan, amal və hərəkətində bildiyimiz əxlaq ehkamına riayət etməyə məhkum deyildir. Sair adi insanları istədiyi kimi təsərrüf edər, heyvandan istifadə edirmişcəsinə istifadə edər. Nə etsə, məsul deyildir. Görünür, müstəmləkə idarə edənlərin istibdadını bu nəzəriyyə, sadəcə, mümkün deyil, məqbul və zəruri hesab edir. Təsəvvüf ilə bunun qətiyyən münasibəti yoxdur”.

Rza Tofiq Türkiyədə 1914-cü ildə nəşr olunmuş ilk “Fəlsəfə dərsləri”nin müəllifidir. Dünya fəlsəfi fikri barədə ilk bilgilər türk ictimai fikrinə onun bu kitabı ilə daxil olur. “Türkiyədə Berqsonu ilk tanıdanlardandır… Türkiyədə fəlsəfəni tədris halına gətirən ilk insandır” (H.Z.Ülken). Fəlsəfi istilahların, terminlərin, bir sözlə, türk fəlsəfə dilinin yaranmasında birinci amil Rza Tofiqdir. XX yüzilin əvvəllərində Əli bəy Hüseynzadə Hartmanın pessimizmi barədə yazarkən, təəssüf hissilə qeyd edirdi ki, “dilimiz fəlsəfi istilahlar cəhətindən naqis və kasıb olduğu üçün bu barədə danışmaq asan deyil” və örnək olaraq “yenə Osmanlı şivəsi ilə böylə bir bəhsə girişmək olur və İstanbul alimlərindən filosof Rza Tofiq əfəndi böylə bəhslərdə dil cəhətdən əsla zəhmət çəkməyir. Lakin bizim Azərbaycan şivəsilə fəlsəfədən dəm vurmaq çox çətindir!” – deyirdi.

Hüseyn Cavidin İstanbul dövrünü yazarkən, diqqətimi cəlb edən və məni dərindən düşündürən əsas məqam bu oldu ki, necə oldu, Cavid 1906-cı ildə İstanbula çatan kimi, Rza Tofiqlə qarşılaşdı? Naxçıvandan İstanbula gələn bir gəncin Rza Tofiqlə bağlantısı necə baş verdi? Onun 1906-cı ildə İstanbuldan Qurbanəli Şərifzadəyə yazdığı ilk məktubda belə bir qeyd var: “Şeyx əfəndi ki, qabil və zabitəli və ezvai-ruzgara xəbərdar bir müəllim və ədibdir, gündə üç saət kəndi əfkarımca təhsil edim”. Belə anlaşılır ki, Cavid hələlik Şeyx əfəndinin kimliyini bilmir. İki il sonra, 1908-ci ildə yazdığı məktubda isə artıq Şeyx əfəndi yoxdur. Rza Tofiq var: “Hürriyyət alınar-alınmaz Rıza Tofiq bəy Ədirnə məbusu intixab edildi. Bəzi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat şöbəsinə professor təyin edildi. İttihad-tərəqqi cəmiyyəti tərəfindən millət vəkalətinə namizəd oldu. Xülasə, iş iş üstündən aşdı-daşdı, bizə vaqt qalmadı”. Hüseyn Cavid Rza Tofiq məsələsinə bir də 1938-ci ilin 10 noyabr tarixli istintaq dindirilməsində müstəntiqin sualını cavablandırarkən qayıdır: “Türkiyəyə təhsil almaq üçün getmişdim. Görkəmli şair Rza Tofiqin yanında oxudum… Bir ildən sonra isə ədəbiyyat fakültəsinə qəbul olundum.

– Necə oldu ki, sizi fakültəyə qəbul etdilər?

– Həmin il Rza Tofiq özü həmin fakültədə dərs deyirdi. Universitetə onun təqdimatıyla qəbul edildim.

– Rza Tofiq sizi hardan tanıyırdı?

– Mən İstanbulda olarkən Rza Tofiqin yanında oxuyan Abdulla Məmmədzadə adlı bir kirovabadlıyla tanış olmuşdum. Məni ona Abdulla təqdim etdi…”.

Qəribədir, niyə Cavid Rza Tofiqlə tanışlığının səbəbi kimi Abdulla Suru nişan verirdi? Müstəntiq bunun belə olduğunu hardan bilsin, yaxud necə araşdırsın? Axı yeganə şahid kirovabadlı Abdulla Məmmədzadə – Abdulla Sur dünyasını çoxdan dəyişmişdi… Və doğrudanmı, onu Rza Tofiqə gəncəli Abdulla Sur təqdim edib? Axı İstanbula ikisi də eyni vaxtda gəlmişdi… Cavidin 24, Abdulla Surun 23 yaşı vardı. Rza Tofiqin də, Hüseyn Cavidin də, Abdulla Surun da, bəlkə hətta ötən yüzilin əvvəllərində Azərbaycan-Türkiyə münasibətlərinin də sirli qalan, araşdırılmayan tərəfi budur. Bu faktın gerçək mahiyyətinin aşkarlanması Azərbaycan fikir tarixinin daha dərindən bilinməsinə təkan verir. “Cavidnamə” kitabımda bu barədə ətraflı yazmışam… 1927-ci ilin sentyabrında Rza Tofiq, Ammandan dostu Rza Turquta yazdığı məktubunda həmin sirri ikinci şəxsin dilindən danışaraq özü açır:

“…Məşrutiyyətin elanından xeyli zaman əvvəl (1908) Feyləsof Rza Tofiq bütün türk aləmini oyandırmaq fikir və himmətində bulunmuş. Sultan Hamidin ən vahiməli zamanlarında Rusiyadan məşhur milliyyətpərvər yazıçı İsmayıl Qaspirinski üç digər arkadaşıyla bərabər tanınmamaq üçün qiyafəsini dəyişərək İstanbula gəlmiş və öncə Feyləsuf Rzayı sormuş və onun əski məktəb arkadaşı və dostu olan kafkasyalı doktor Hüseynzadə Əli bəy vasitəsiylə Rza Tofiqlə görüşmüş və Kadıköyündə Cevizlikdəki köşkündə üç gecə müsafir qalaraq türklərin oyandırılması haqqında bu adamlar o Feyləsofdan rəy və məlumat almışlar… Hətta – söyləməyi unutdum! – məşrutiyyətdən çox əvvəl Qasprinskinin rica və iltiması üzərinə Rusiyadan göndəriləcək tatar-türk gənclərinə rızaən göndərilən on bir türk və tatar və azərbaycanlı gənclərə, Feyləsof kimsəyə sezdirmədən, kəndi evində… büsbütün xüsusi və sırf yeni mədəniyyətə yönəli və zehinlərini açmaq üçün dərs vermiş. Sonra bunların hər biri kəndi məmləkətlərinə gedərək böyük adamlar olmuşlar, bir qismi də Feyləsofdan ayrılmayaraq İstanbulda qalmış və elani-məşrutiyyətdə (1908-də) onun yanında bulunmuşlar… Demək oluyor ki, Məşrutiyyətdən çox əvvəl… turançılığın əsasını yenə Feyləsof qurmuş və… Türk aləmində bir cərəyan açmış… sonra on dörd kişini iki sənə tərbiyə edib məmləkətlərinə mürşid olaraq göndərmişdir”.

Gördünüzmü? Cavid əvvəlcə evində dərs aldığı Şeyxdən danışır. 30 il sonra istintaqa “məni Rza Tofiqlə kirovabadlı Abdulla Sur tanış etdi” deyir. Rza Tofiq isə azərbaycanlı gənclərə, kimsəyə sezdirmədən, kəndi evində iki sənə dərs verməyindən və sonra da onları məmləkətlərinə bir mürşid olaraq yola salmağından danışır. Deməli, məsələ belə çözülüb. İsmayıl bəy Qaspıralı Rza Tofiqin universitet dostu Əli bəy Hüseynzadənin vasitəsilə onunla görüşür və filosofun Cevizlikdəki köşkündə üç gecə qonaq olur və Rza Tofiq də Rusiyadan göndəriləcək tatar-türk gənclərinə Qaspralının ricası ilə kimsəyə sezdirmədən, kəndi evində iki sənə dərs verir. Sonra da o insanları məmləkətlərinə bir mürşid olaraq yola salır. O adamlardan hələlik dördü bəllidir. Rza Tofiqlə bir yerdə şəkilləri də var: Hüseyn Cavid, Abdulla Sur, Bəkir Çobanzadə və özbək Əbdül Əziz.

Rza Tofiqin 1920-ci illərdə Azərbaycanda çox dartışılmış bir şeiri var. Hənəfi Zeynallı bu şeiri nəzərdə tutaraq Cavidlə bağlı “Rza Tofiq kimi dinsiz bir sufi şairin əfsununa düşən bir gənc içində nə mübarizələr ola bilməz?” – deyirdi. Amma:

Feyləsof Rzayam, dinsiz anlama,

Dini bən öyrətdim kəndi babama.

Hər ipdə oynadım, cambazam, amma

Sırat köprüsünü keçəməm, xocam.

Bu mətndə filosof, şair və akrobatın ekssentrik qovuşuğu var. Doğrudan da, akrobat idi. Həm də dinsiz deyildi, hətta öz atasına belə, dini özü öyrətmişdi. Pəhləvanlığıyla, gimnastik təlimləriylə də Spenserin fəlsəfəsinə bağlıydı ki, “Sağlam baş sağlam bədəndə olur”. Amma daha önəmli olan akrobatın Sırat körpüsündən keçməsi idi. “Sırat köprüsünü keçəməm, xocam”.

…Onun bir də Tofiq Fikrət sevgisi var. Mən də onu ilk dəfə “Rübabi-şikəstə”nin son səhifəsində dərc olunmuş “Tofiq Fikrətin nəcib ruhuna” ithafən yazdığı şeirlə sevmişdim.

Dedilər ki, ıssız qalan türbəndə

Vəhşi güllər açmış!.. Görməyə gəldim;

O hücra cənnətin xakinə bən də

Həsrətlə yüzümü sürməyə gəldim.

Dedilər ki, sənə əməl bağlayan

Qəbrində diz çöküb, bir dəm ağlayan

Bərmürad olurmuş!.. Bən də bir zaman

Ağlayıb mürada erməyə gəldim.

Şu hicran yılının son baharında,

Jalələr titrərkən çəmənzarında,

Gün doğmazdan əvvəl, bən məzarında

Matəm çiçəkləri dərməyə gəldim.

Səni andım bütün qəm çəkənlərlə,

Eşqi-haqq uğruna yaş tökənlərlə,

Sarı qöncə verən şu dikənlərlə

Daşına bir çələng hörməyə gəldim.

Yadın – ölüm kimi – bir sırri-mübhəm!..

Nəşeyi sevdamı bu hissi ələm?!..

Ruhumu nə füsun eylədin, bilməm?

Bu gün sənə könül verməyə gəldim!

Rza Tofiq Fikrəti antik Zenonla, dekadans Bodlerlə qiyaslandırır. Tofiq Fikrətin şeirlərini fəlsəfə və incəsənətin subyektivizm, klassizm, naturalizm, romantizm, spiritualizm, simvolizm, impressionizm, sentimentalizm, intellektualizm əyarları ilə dəyərləndirir. Onu “Tarixi-qədim”in opponentlərindən qorumaq üçün pozitivizmində din duyğusunu kəşf edir. 

…Rza Turquta yazdığı məktubda “Turançılığın əsasını Feyləsof qurmuş” deyərkən Rza Tofiq nələri nəzərdə tuturdu, bəllidir. Onun fəlsəfəsinə görə, kamil insanı yetişdirmək üçün xalqa irq duyğusu və qüruru üzərinə qurulmuş milliyyət hissi verilməliydi. Rza Tofiq “Türk və Turan cərəyanı bunun nəticəsidir” – deyir. “Quranın türkcəyə çevrilməsi, duaların türkcə olması lazım. Lakin bununla da kifayətlənməməli, xalqa vətənin nə olduğu öyrədilməlidir”. Göstərdiyi örnək də maraqlıydı: “Ərəblər bir-birini tanımayan qəbilələr halında idi. İslamiyyət onları birləşdirdi. Bu birlik nədir? Bu, yalnız dil işi deyildir. İrq işi də deyildir. Çünki fərqli irqləri də birləşdirmişdir. Bu bir inanc və qayə birliyidir”.

Rza Tofiqin Azərbaycan aydınlarına təsir dairəsi, yuxarıda da dediyim kimi, çox geniş olub.

Məhəmməd Hadi də onun həvarilərindəndir. 1910-cu ildə Bakıdan İstanbula gedən Hadini də Rza Tofiq himayə etmiş və “Tanin” qəzetində işə düzəlməsinə yardımçı olmuşdu. Hadi hələ İstanbuldaykən Azərbaycan mətbuatına içəriyindən əksər hallarda Rza Tofiqin adının keçdiyi yazılar göndərirdi… 1914-cü ildə isə “Türklərin yeganə filosofu Rza Tofiq həzrətlərinə” adlı bir şeir yazdı: “Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru…” misrası ilə başlayan bu şeir Rza Tofiqə xitabən yazılmış yeganə poetik örnək deyil, əvvəllər Tofiq Fikrət biricik filosofumuz adlandırdığı Rza Tofiqə  “Həqiqətin yıldızı”, Mehmet Emin Yurdaqul filosof Rza Tofiq bəyə “Ölü kafası” adlı şeirlər həsr etmişdilər. Tofiq Fikrət Gümülcinədə daş-qalağa məruz qalan Rza Tofiqi “ona hər zərbə şəfa, hər acı söz bir müjdə” deyə, az qala, qutsallaşdırmış, Yurdaqul “Ölü kafası” şeiri ilə hecada fəlsəfi məzmunlu şeir yazmağın mümkünlüyünü o dövrün türk ədəbi camiasına isbatlamışdı. Azərbaycanda isə Hadi elmin pak çöhrəsinə – Rza Tofiqə səslənirdi:

Əqlin də, kamalın da,

                      fünunun da zəbundur,

İnsan hələ məcnun,

                      cahan səhni-cünundur…

İştə mədəniyyət deyiriz, vəhşəti-əkməl,

İnsanda təkamül bumu?

                     Ey zati-mükəmməl!

Bunu isə Əli Nəzminin “Keçmiş günlər”indən oxumuşam: “1918-ci ildə Gəncədə Əli Nəzminin evində Məhəmməd Hadi Salman Mümtaza İstanbul xatirələrini anladarkən məlum olur ki, onun da İstanbuldakı mürşidi Rza Tofiq imiş:

Hadi İstanbuldan edirdi söhbət,

Heç kəsdən görməmiş orada hörmət.

Ancaq Rza Tofiq filosof, müdam

Etmişdi Hadiyə artıq ehtiram.

“Uyğunsuzluqları” atmış keçmişə,

Hadini düzəltmiş yüngül bir işə.

Həm də müdafiə etmişdir daim,

Bunu ondan başqa etməmiş heç kim.

Hadi sitayişlə bəhs edir ondan

– Təkdir İstanbulda, – derdi, – bu insan!”

Əziz Mirəhmədov “Məhəmməd Hadi” əsərində yuxarıda adıkeçən şeirin yalnız ilk iki misrasını (“Hadi İstanbuldan edirdi söhbət, // Heç kəsdən görməmiş orada hörmət”) xatırlatmaqla kifayətlənib. Rza Tofiqlə bağlı misraları “unudub”, əvəzində Hadinin sitayişlə bəhs etdiyi Rza Tofiq haqqında absurd və heç bir əsası olmayan məlumatlar verib: “Rza Tofiq jandarm idarəsində işə girib, inqilabçı fəhlələri döydürürdü”. Bu qədər…

Uçun, quşlar, uçun, doğduğum yerə,

Şimdi dağlarında mor sünbül vardır.

Ormanlar qoynunda bir sərin dərə,

Dikənlər içində sarı gül vardır.

O çay ağır axar, yorğunmu, bilməm,

Mehtabı xəstəmi, solğunmu, bilməm,

Yaslı gəlin gibi məhzunmu, bilməm,

Yücə dağ başında siyah tül vardır.

Orda keçdi bənim güzəl günlərim

O dəmləri anıb bu gün inlərim

Dastani-ömrümü oxur dinlərim

İçimdə oralı bir bülbül vardır.

Uçun quşlar uçun, burda vəfa yox,

Öylə axar sular, öylə hava yox,

Fəryadıma qarşı əksi-səda yox,

Bu yanğın yerində soyuq kül vardır.

Hey Rıza kədərin başından aşqın,

Bitib tükənmiyor ələmi-aşqın.

Səndə dərya gibi daima daşqın,

Daima çalxanır bir könül vardır.

Hər halıyla Əhməd Cavadın nəfəsini yansıdan “Uçun, quşlar” Rza Tofiqin şeiridir. Hətta bu nəfəs eyniyyəti Əli Nazimin də diqqətindən yayınmamış, Əhməd Cavadın Rza Tofiq təsirində olmasını yazılarının birində o da ayrıca vurğulamışdı. Cavad özü də bunu etiraf edirdi.

Fikir adamının, düşüncə mürşidinin, ən başlıcası isə kədəri başından aşqın bir şairin siyasətdə nə işi? Tərcümeyi-halında ömrünün sonunacan onu incidən, varlığını dərbədər edən uğursuz bir məqam var. Siyasətlə bağlıdır. O barədə yazmaq istəmirəm. Çünki yazmağa əlim gəlmir. Gəlməsə də… Sevr Anlaşmasına imza atdığı üçün Rza Tofiq 1922-ci ildə Türkiyədən sürgün olunur. Amma ona sürgün taleyi yaşadan bu imza bir şair imzası deyildi. Nazir imzasıydı… Rza Tofiqin şair imzası Türkiyəni heç vaxt tərk etmədi…

Rza Tofiq bir müddət Nyu-Yorkda – övladlarının yanında yaşayıb. Məkkədə həcc ziyarətində olub. Vətənə 1943-cü ildə qayıdıb… 1949-cu ildə isə haqqa qovuşub…

Mənbə
edebiyyatqazeti.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close