Bakıda polis polkovniki qətlə yetirildi

Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Trend-ə istinadən xəbər verilir ki, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.
İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.