BMT Azərbaycandakı keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına böyük əhəmiyyət verir
Martın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Bik Lum ilə görüşüb.
Komitədən Polise.az -a verilən məlumata görə, Xanım Bik Lumu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.
Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərə qayıdışın təmin edilməsi üçün görülən işlər barədə məlumat verilib. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.
Görüşün Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyi vurğulanaraq, son iki yüz ildə xalqımıza qarşı həyata keçirilən etnik düşmənçiliyi Ermənistanda bu gün də davam etdirmək istəyənlərin olduğu təəssüf hissi ilə qeyd edilib, bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına beynəlxalq təşkilatların dəstəyinin vacibliyi diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən icra edilən irimiqyaslı layihələr barədə qonağa məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərin doğma yurdlarına beynəlxalq hüququn prinsipləri əsasında, könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üçün zəruri tədbirlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Böyük Qayıdış çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə və Tərtər rayonunun Talış kəndinə ümumilikdə 510 nəfərin köçürüldüyü qeyd edilib.
Görüşdə beynəlxalq təşkilatların ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən dəstək göstərməsi razılıq hissi ilə xatırlanıb. Dövlət Komitəsinin BMT QAK-la birgə “Məcburi köçkün qadınların sosial, iqtisadi və mədəni sahədə iştirakçılığının artırılması” adlı layihə çərçivəsində əməkdaşlıq etdiyi, ötən il ərzində müxtəlif təlimlər, dəyirmi masalar və mütəmadi görüşlər təşkil olunduğu bildirilib. Eyni zamanda, Böyük Qayıdışla bağlı məsələlərdə də BMT QAK ilə birgə fəaliyyətin səmərəli olacağına inam ifadə edilib.
Bik Lum səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMT QAK-ın Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə, həmçinin keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışına böyük əhəmiyyət verdiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyi, onlarla bağlı gender bərabərliyi, zorakılığın qarşısının alınması, mina təhlükəsinə dair məşğulluğun artırılmasına dəstək layihələrinin həyata keçirildiyini bildirib. Məcburi köçkünlərin doğma yurda ləyaqətlə qayıdışına dəstək verən bu layihələrin gələcəkdə də davam etdiriləcəyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.