“Bu yüksəklər ordumuzun gələcək hücumlarının miqyasının genişləndirilməsində müstəsna rol oynayacaq”

“Ermənistan işğalçı ordusunun növbəti atəşkəs rejimini pozmaqla hücum əməliyyatlarına cəhd etməsi, Azərbaycan Ordusunun birlik, hissə və bölmələri tərəfindən layiqli cavab verilməsi ilə nəticələndi”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib.

O qeyd edib ki, hazırda Füzuli və Cəbrayıl istiqamətində çox sayda yaşayış məntəqələri ilə bərabər 3324 metr yüksəklikdə yerləşən Murov və bu ərazilərə yaxın digər yüksəkliklərin azad edilməsi, Ermənistan ordusu üçün daha faciəli nəticələr vəd edir.

“Birincisi, bu yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusuna strateji təşəbbüsü ələ keçirməyə imkan verib. Başqa sözlə desək, bu yüksəkliklər Kəlbəcər və Ağdərə istiqamətlərində planlaşdırılacaq hücum əməliyyatları üçün fərqli ssenariləri seçməkdə Ordumuza daha geniş imkanlar verəcək.

Hakim strateji yüksəkliklər düşmən qruplaşmalarını məhv etmək üçün həm əsas zərbə, həm də digər zərbələri bir neçə istiqamətdə yönəltməyə münbit şərait yaradacaq. Qoşunların əvvəlcədən keçirilən təlimlərdə hazırlanması, əraziyə vaxtında köçürülməsi, strateji qruplaşmaların yaradılması, güc və qüvvələrin əsas zərbə istiqamətində toplanmasını və əməliyyatlara hazırlıq üçün digər tədbirləri asanlaşdırdı”, – deyə hərbi eskpert bildirib

O vurğulayır ki, ordumuzun əldə etdiyi mənəvi psixoloji üstünlük isə strateji yüksəklikləri itirərək geri çəkilməkdə olan düşmənin darmadağın edilməsi və böyük sayda canlı qüvvəsinin mühasirəyə alınmasına şərait yaradacaq.

“Əsas hücum istiqamətində qoşunların qarşılıqlı əlaqədə kütləvi istifadəsi düşmənə qarşı tam üstünlüyü təmin edəcək. Əlverişli şəraitdə vəziyyətin inkişaf etdirilməsi, düşmən qruplaşmasına güclü zərbələr endirməklə onu bir neçə hissəyə bölməklə parçalanmasını və mühasirəyə salınmasını da təmin edə bilər. Bu yüksəkliklər həm də fərqli istiqamətlər üzrə paralel hücum əməliyyatlarına da imkan verir. Bu metodlardan hansının tətbiq ediləcəyi dəqiq bəlli deyil, lakin bu yüksəklər ordumuzun gələcək hücumlarının miqyasının genişləndirilməsində müstəsna rol oynayacaq”, – deyə Ədalət Verdiyev qeyd edib.

Mənbə
ordu.az
Hamısını Göstər

Related Articles

Back to top button