Çavuşoğlu-Lavrov görüşü: Qarabağla bağlı pərdəarxası məqamlar – Təhlil

İyunun 30-da Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında keçirilən görüş Azərbaycan-Ermənistan münasibətləri kontekstində diqqət çəkir.

Bu görüşdə Qarabağın müzakirə obyekti olması bir daha onu göstərir ki, Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yaranmış yeni geosiyasi reallıqdakı atılacaq addımlar hələ də Moskva və Ankaranın prioritetləri siyahısındadır.

Prioritetlərdə Ankara ilə Moskva arasında müştərək maraqlar olsa da, bəzi hissələrdə fikir ayrılıqları var.

Fikir ayrılıqlarından biri odur ki, Rusiya regionda güc balansını öz xeyrinə dəyişmək istəyir, Ankara isə özündə bu “həmləyə” qarşı immunitetləri formalaşdırır.

Ankara-Bakı münasibətləri strateji əlaqələrin də fövqündə duran xarakter alıb, bu, həm də o deməkdir ki, Türkiyə regionda Azərbaycanla birgə güclənməyi hədəf seçib.

Kreml aşkar bildirməsə də, sətiraltı diplomatik mətnlərlə bundan narahatlıq keçirir, çünki Türkiyənin regionda güclənən iştirakı yeni hərbi baza yaratmaq səviyyəsinə qədər aktuallaşır.

Ona görə də düşünmək çətin deyil ki, Çavuşoğlu-Lavrov görüşünün qapalı hissəsində Rusiya Türkiyənin hərbi niyyətlərini dəqiq öyrənməyə çalışıb.

Sergey Lavrov həmkarı ilə görüş sonrası keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə münasibət bildirməsi bağlı qapılar arxasında diplomatların müzakirə mövzusunda hərbi baza məsələsinin yer aldığının göstəricisidir.

Cənab Lavrov Türkiyə liderinin Şuşa səfərini üstüörtülü diplomatik tərzdə şərh edib, bununla Moskvanın Ankara ilə dil tapması üçün səylər göstərdiyinə işarə edib.

Lavrov bildirib ki, türkiyəli həmkarı ilə hər kəsin öz imkanlarından istifadə edərək Azərbaycan və Ermənistan arasında barışığın reallaşması üçün şərait yaradılmasını müzakirə ediblər, bununla bağlı razılığa gəliblər.

Bu razılığın detalları hələlik məlum deyil, lakin düşünmək elə də çətin deyil ki, Rusiya bölgəyə münasibətdə öz xarici siyasətini Bakı-Ankara strateji partnyorluq parametrlərinə uyğun olaraq müəyyənləşdirməyə məcburdur.

Çünki regionda postmüharibə dövrünün iqtisadi açılımlarına Azərbaycan və Türkiyə rəhbərlik edir, elə Lavrov özü də bunu etiraf etməyə məcbur olub.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə liderlərinin regionun inkişafı üçün irəli sürdükləri “3+3” əməkdaşlıq platforması Moskvada müsbət reaksiya doğurub.

Lavrov bununla nə demək istəyib? Bir neçə versiyanı önə çıxarmaq mümkündür:

1. Rusiya Bakı-Ankara münasibətlərinin yaranan yeni mərhələsindəki müştərək gücü nəzərə alır və bununla barışmağa hazır olduğunu deyir,

2. İqtisadi açılımlar hazırda Kremlin də prioritetləridir. Zəngəzur dəhlizinin açılması ilə Rusiya-Türkiyə iqtisadi əlaqələri mühüm mərhələyə qədəm qoyacaq və iki ölkə arasında nəqliyyat əlaqəsi yaranacaq.

Fikrimizi inkişaf etdirmək üçün perspektiv iqtisadi platformanın möhkəmlənməsi üçün ortaya qoyulan hədəfə baxmaq lazımdır. Türkiyə ilə Rusiya ticarət dövriyyəsinin həcmini perspektivdə 100 milyard dollara çatdırmaq niyyətindədir, Zəngəzur dəhlizi isə hədəfə çatmaqda unikal imkanlar təqdim edir. Zəngəzur dəhlizinin ağrısız və asan reallaşması isə indi Ermənistanın tutduğu mövqedən asılıdır və Kremlin bu məsələdə Yerevana təzyiqlər etdiyi fikirlərini söyləmək məntiqli olardı.

Yaranmış yeni geosiyasi şəraitdə tərəflərin iqtisadi hədəflərinə çatması isə Ankaranın da hərbi iştirakını gücləndirməsindən keçir, çünki güclü əl gələcəkdə böyük faydalar gətirmək üçün vacibdir.

Hələlik isə, Türkiyənin hərbi bazası yaradılmasa da, Ankara bölgədə hərbi iştirakını təmin edib, söhbət Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gedir.

Çavuşoğlu-Lavrov danışıqlarında Mərkəzin addımları müzakirə predmeti olub və tərəflər atəşkəsə nəzarət üzrə yaradılmış bu hərbi qurumun fəaliyyətindən razıdırlar.

Bu razılıq bir məqam baxımından da diqqət çəkir, söhbət Şuşa Bəyannaməsində Mərkəzin fəaliyyətinə dair müddəanın yer almasından gedir.

Şuşa Bəyannaməsində Türkiyənin Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə verdiyi töhfədən də bəhs olunur.

Belə ki, Bakı və Ankara Türkiyənin Mərkəzdəki fəaliyyətinin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.

İndi əminliklə demək olar ki, Çavuşoğlu-Lavrov danışıqlarında Birgə Monitorinq Mərkəzinin fəaliyyəti həm də Şuşa Bəyannaməsi kontekstində müzakirəyə çıxarılıb.

İki ölkənin baş diplomatının görüşünü ümumilikdə neqativ çalarların aradan qaldırılması və müsbət tendensiyaların artması baxımından mühüm hesab etmək olar.

Əsas hədəf Azərbaycanla Ermənistan arasında münasibətlərin tez bir zamanda normallaşması və yekun sülhün əldə edilməsidir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close