Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar – SİYAHI
Sülhməramlı kontingentin əsasını Rusiya Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının bölmələri təşkil edir. 2018-ci il prezidentin fərmanı ilə bu briqadaya “Aleksandriyskaya” fəxri adı verilib.
KP-nin məlumatına görə, 15-ci alay Rusiya Silahlı Qüvvələrində yeganə sülhməramlı briqadadır və BMT-nin beynəlxalq sülhməramlı qüvvələrinin bir hissəsidir. Tamamilə müqaviləli hərbçilərdən təşkil olunub.
Briqada nələrdən təşkil olunub?
Əlahiddə motoatıcı briqadaya idarə (qərargah), 3 motoatıcı və 1 tank taburu, zenit-raket diviziyası; zenit raket və artilleriya diviziyası, kəşfiyyat batalyonu, mühəndis-istehkam batalyonu, idarə (rabitə) batalyonu, təmir-bərpa batalyonu, maddi təminat batalyonu, atıcı bölük (snayperlər), radiasiya, kimyəvi və bioloji mühafizə bölüyü, pilotsuz uçuş aparatları bölüyü, radio-elektron döyüş bölüyü, komendant bölüyü, tibbi bölük, artilleriya kəşfiyyat bölüyü, nəzarət və radar kəşfiyyatının tağımı, təlimatçılardan ibarət tağım və orkestr daxildir.
2019-cu ildən briqadaya polkovnik Konstantin Neçayev komandanlıq edir.
Rusiya sülhməramlıları hansı tapşırıqları yerinə yetirəcək?
Əsas vəzifə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına nəzarət etməkdir.
Hansı silahları var?
Briqadanın hər bir əsgərinin “Ratnik” döyüş avadanlığı dəsti var. Üç il əvvəldən briqada BMD-4M desant döyüş maşınlarına və BTR-MDM Rakuşka zirehli transportyora keçməyə başlayıblar.
Sülhməramlıların radio elektron mübarizə üçün müasir elektron müharibə vasitələri də mövcuddur. Ayrıca, briqada Rusiya istehsalı “Orlan-10” dronları ilə silahlanıb. Bu PUA-lar maksimum məsafədə (120 kilometr) hava kəşfiyyatını təmin edirlər.
Sülhməramlıların vəzifələri nələrdir?
Sülhməramlıların əsas vəzifəsi döyüşən tərəfləri barışdırmaqdır. Bu məqsədlə aşağıdakıları etməlidirlər:
– münaqişə tərəflərinin sazişə riayət etməsini izləmək;
– silahlı toqquşmaların qarşısını almaq;
– xarici qüvvələr tərəfindən münaqişə iştirakçılarına silah verilməsinin qarşısını almaq;
– mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq;
– nümayəndə heyətlərinin qorunmasını təmin etmək;
– mülki əhaliyə kömək etmək.