ELEGİYA…. Şəhid Vüsal Kazımovun əziz xatirəsinə…
Dəfn saatın müəyyənləşməyənə qədər ölümünə inanmağım gəlmirdi. Dünən axşam saatlarından sənə yazılan başsağlıları oxuduqca əsəbilik keçirirdim.Qəlbimin dərinliyinə inam vardı geri dönməyinə. Axı, adın Vüsal idi, hicran, həsrət yox…Fələyin qolları güclü çıxdı,səni aldı, apardı, qopardı bizdən.Uca bir məqama, əbədiyyət zirvəsinə yüksəltdi, şəhidlik kimi ilahi bir rütbə verdi sənə mənim əziz,ürəyi arzularla, yaşamaq sevgisi ilə dolu baş leytnantım…Tanıyanlar səni prorektor Kamran Kazımovun oğlu olduğuna görə deyil,öz şəxsi keyfiyyətlərinə görə sevirdilər.Bir körpə məsumluğu, uşaq səmimiliyi vardı çöhrəndə.Heç kəsin könlünə dəyəcək nəsə demədin, nəsə eləmədin.Ailənə həmişə başucalığı gətirdin.İndi də elin çiynində son mənzilinə qovuşursan.İki körpə qızcığazı səndən başqa kimsə ovuda bilməz.Bəlkə fələkdən izn alıb onları doyunca öpüb , qucaqlayıb, ata hənirini verib gedəsən?Axı gedəndə elə tələsik getmişdin ki, heç kəslə əməlli görüşə də bilməmişdin.Yaxın günlərdə dönəcəyinə inamın çox idi.Elə bu inam idi Kamran müəllimi ayaqda saxlayan…Axı sən onun yeganə oğlu idin, iki bacının tək qardaşı idin…Dərd adamı öldürmür,Saraldır, bədrəng edir…Səni tanıyanların hamısının simasına yoxluğunun bədrəngi hopub…Qələmim də, ürəyim də daşa dönüb …Necə ağı yaza bilirəm sənə,əziz Vüsalım…Əzizim balabanı,Asta çal balabanı,Hamının balası gəldi, Bəs bizim Vüsalımız hanı?Fələyin ağır caynanqları səni bu gün bizdən əbədilik qopardır.Onun yazdığını kimsə pozacaq gücdə deyil ki..Fələyin yazdığını poza bilsəydim həmən,Onu arzu murazımla yazardım təzədən…Vüsalı həsrətə dönən şəhid balamız, səni bu gün bütün el ağlayır.Bütün gözlərdən yaş, ürəklərdən qəm süzülür.İki körpə qızının nazını kim çəkəcək bundan sonra? Nurayın atasızlıq dərdini kim yüngülləşdirə, körpə qəlbini ovuda biləcək? Tifaqın dağılsın erməni cəlladları, şəhidlərimizin qanı sizi tutsun.Bəli, müharibə qandır, itkidir,ölümdür,göz yaşıdır.Məğlubiyyət kimi qələbənin də yükü çox ağır olur…Allah sənə rəhmət eləsin, Azərbaycan ordusunun məğlubedilməz əsgəri, baş leytnant Vüsal Kazımov!Ruhun cənnətdə qərar tutsun!Allah sizə səbr versin, şəhid atası, şəhid anası,şəhidin yadıgarı olan körpə balalar, şəhid bacıları, nakam , talesiz gəlin…Qarabağ Azərbaycandır deyənlər, Qarabağa yolu düşəcək insanlar,amandır o yerlərdə ehtiyatla gəzin, yavaş danışın.Orada Vüsal kimi yüzlərlə şəhidimizin ailəsinə həsrət ruhu dolaşır…
Esmira İsmayılova

