Ermənilər məğlubiyyəti həzm etməyə başlayıb? – Və ya Şuşa Bəyannaməsini niyə sakit qarşıladılar?

“Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”.

Bunu hazırda erməni siyasətçiləri arasında ən rasional və realist təsir bağışlayan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Sonra Ter-Petrosyan Robert Koçaryanın Şuşanı və Hadrutu qaytarmağın mümkünlüyü barədə söylədiyi cəfəngiyyata münasibət bildirib: “O, Şuşanı və Hadrutu necə qaytaracaq? Bu, yalnız müharibə ilə mümkündür. Azərbaycan oraya sakitcə getmək üçün gəlməyib…”

Adam neçə illərdir ki, ermənilərə hər şeyin pis qurtaracağı barədə xəbərdarlıq edirdi, Azərbaycanla “dil tapmağa” çağırırdı. Ancaq faydası olmadı.

Dünənsə Ermənistan XİN İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri barədə tragikomik bir bəyanat yaydı. Şikayət, yalvarış və digər bu xarakterli çığır-bağırdan başqa bir şey olmayan həmin cızma-qaraya nə region ölkələri, nə beynəlxalq qurumlar, nə də ermənilərin özləri heç bir əhəmiyyət vermədilər. Elə əsas məsələlərdən biri də budur – erməni cəmiyyətinin baş verənlərə münasibəti.

Məsələ ondadır ki, seçki kampaniyası, hakimiyyət davası səbəbindən Şuşa və orada baş verənlər heç Ermənistandakı əsas siyasi fiqurların da yadına düşmür. Erməni mətbuatında bu mövzuyla bağlı heç bir ciddi yazıya, şərhə, mövqeyə rast gəlinmir.

Doğrusu, Şuşa görüşünün və Bəyannaməsinin, Şuşada Türkiyə konsulluğunun açılmasının və s. Ermənistan cəmiyyətində, siyasi dairələrində böyük əks-sədaya, hay-küyə səbəb olacağını gözləyirdik. Ancaq bunun tam əksini, ermənilərin çox sönük reaksiyasını görürük.

Bu, bir tərəfdən erməni cəmiyyətinin tədricən reallıqla barışmağa, məğlubiyyətlərini həzm etməyə meylli olduğunu göstərir. Digər yandansa görünür ki, hamının başı seçkiyə və Ermənistandan hansı yolla olursa olsun və mümkün qədər tez qaçmağa qarışıb. Şuşa heç kimim yadına da düşmür. Və bu, bir də onu göstərir ki, Şuşanı ermənilərlə heç nə bağlamır!

Ancaq ermənilərdən fərqli olaraq, işğal altında olduğu 28 ildə bircə gün də Şuşanın adı dilimizdən düşmədi.

Yəqin ki, Paşinyanın başıpozuq dəstəsilə Şuşada etdiyi təlxəkliklərin Azərbaycanda necə qarşılandığını və bunu müharibənin demək olar hər günündə ermənilərə xatırlatdığımızı xüsusi olaraq yada salmağa ehtiyac yoxdur. Bir sözlə, bu illər ərzində Şuşa bizim niskilimiz, kədərimiz, həsrətimiz oldu.

Elə Şuşa uğrunda gedən döyüşlər də bunu göstərdi. Hətta Rusiyadakı erməni milyarderlərin muzdlu tulası olan Semyon Peqov da Şuşadan ötrü daha çox canfəşanlıq edirdi, nəinki oradakı erməni hərbçiləri. Çünki bu şəhərin ermənilərlə, erməniliklə heç bir tarixi, mənəvi və ruh bağlantısı olmayıb və yoxdur! Bütün bunlar bir daha təsdiq edir ki, Şuşa öz canı, qanı, ruhuyla Azərbaycanındır!

Demək olar ki, Ermənistan XİN-in Şuşa görüşüylə bağlı bəyanatına Azərbaycan XİN-dən başqa əhəmiyyət verən olmadı.

“Qonşu ölkə rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil” – bu, bəlkə də Azərbaycan XİN-in indiyə qədər Ermənistana verdiyi ən tutarlı və cəsarətli cavab idi.

Belə görünür ki, qalib ölkənin XİN-i də qalib əhval-ruhiyyəsi, özünə inamı, kəsərli məntiqi ilə seçilir. Uzun illər bunların heç biri Azərbaycan XİN-də yox idi…

“Kim satıb Şuşanı? Şuşa satılıbsa, bu, son 30 ildə baş verib. Şuşa çox bədbəxt, boz şəhər idi”.

Bunu Paşinyan müharibə bitəndən qısa müddət sonra demişdi. Bəzən belə təəssürat yaranır ki, Paşinyan digərlərinə nisbətdə erməni siyasətçiləri arasında ən səmimisi və həqiqəti deyənidir. Doğrudan da, erməni əsirliyindəki Şuşa işğal illərində boz və bədbəxt şəhər olub. Bugünsə tam başqa bir Şuşa – sevinən, şənlənən, rəqs edən Şuşa görürük…

Nəhayət, Şuşa görüşü və Bəyannaməsi, onun mahiyyəti və bəndləri, eləcə də bu tarixi hadisəyə beynəlxalq güclərin münasibəti onu da göstərdi ki, təkcə ədalətli yox, həm də güclü tərəf olmalısan. 30 ildə ədalətli olmağımız bizə heç nə vermədi, cəmi 44 gün güclü olmağımızsa heç zaman imtina etmədiyimiz haqq-halalımıza qovuşmağımıza, ədaləti bərpa etməyimizə kifayət etdi.

Deməli, bu gücümüzü qorumalı və daha da artırmalıyıq ki, bu işdə də Şuşa Bəyannaməsinin xüsusi rolunun olacağı şübhəsizdir.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close