Ermənilərin işgəncə verdiyi azərbaycanlı: “Skeletləri güllələmək üçün qəbirləri qazdırırdılar”

Bakı Hərbi Məhkəməsinin mühakimə etdiyi Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə keçirilən növbəti məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib.

Zərərçəkənlər Mkrtiçyan və Xosrovyanın onlara verdiyi işgəncələrdən danışıblar.

Zərərçəkmiş Həbib Kazımov deyib ki, əsir götürüldükdən sonra Şuşa həbsxanasına aparılıb.

Onun sözlərinə görə, dəfələrlə Şuşa həbsxanasında Lüdkiv Mkrtiçyanın və Alyoşa Xosrovyanın işgəncələrinə məruz qalıb.

“Bizə Şuşa həbsxanasında otu təmizlətdirirdilər, sonra deyirdilər ki, siz ota əziyyət verdiniz, otun yerini dilinizlə yalayın”, – deyə H.Kazımov deyib.

Zərərçəkən qeyd edir ki, onun Sumqayıtdan olduğunu bildikdən sonra daha çox işgəncələr veriblər.

“Sumqayıt hadisələrinə görə mənə çox işgəncələr verirdilər. Məni dəmir və armaturla döyürdülər. Ermənilər 1994-cü ildə Sərdar adlı azərbaycanlını döyə-döyə öldürdülər”, – deyə o əlavə edib.

Onun sözlərinə əsasən, Lüdvik Mkrtiçyan Şuşada əsirlərə torpaq yedizdirirdi:

“Bizə deyirdi ki, alın, bu da sizə torpaq, Şuşa bizim torpağımızdır, yeyin”.

Digər zərərçəkmiş Rauf Qafarov isə bildirib ki, onları qondarma rejimin “müdafiə naziri” Samvel Babayan üçün tikilən donuz fermasında işlədiblər.

O, əsirlikdə olarkən dişlərinin çıxarıldığını da qeyd edib.

Zərərçəkmiş Famil Əliyev söyləyib ki, ermənilər Şuşa həbsxanasında saxlanılan əsirlərə azərbaycanlıların qəbirlərini qazmağı əmr edirdilər.

“Deyirdilər ki, qəbirləri qazın, skeletləri çıxarın. Məqsədləri o idi ki, skeletləri güllələsinlər və bununla əylənsinlər. Digər məqsədləri isə bu idi ki, qəbirlərdəki meyitlərin ağızlarındakı qızıl dişləri çıxarsınlar”, – deyə F.Əliyev əlavə edib.

O, ayaq dırnaqlarının kəlbətinlə çıxarıldığını da söyləyib.

Zərərçəkənlər vurğulayıblar ki, əsirlikdə olarkən ermənilər uşaqları onların önünə gətirib “bunlar türkdür, sizin düşməninizdir” deyirdilər.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib. Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib. İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb. Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir. İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib: Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib. Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin 3 oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close