FİDE prezidenti: “Naxçıvanda bilmədiklərimi eşitmək maraqlı oldu”

“İlk dəfə Naxçıvan kimi gözəl bir yerdə olduğum üçün şadam. Vaxtilə mənim atam burada olub”.

Bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç deyib.

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasınının qonağı olan rusiyalı funksioner açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında təəssüratlarını bölüşüb: “O, 19 il əvvəl yeniyetmələrin dünya çempionatı zamanı burada çalışıb. Bu 2003-cü ildə olub. Ötən müddətdə burada nəhəng şahmat infrastrukturu yaradılıb. Məktəblərdə şahmat, xüsusi şahmat məktəbləri, Şahmat Sarayı tikilib. Naxçıvan həm güclü daxili yarışları layiqincə keçirir, həm də 16 yaşadək yeniyetmələrin FİDE Şahmat Olimpiadasını qəbul etməyə. Təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Hiss olunur ki, Respublika rəhbərliyi buna çox ciddi yanaşır. Tədbirin təşkilinə böyük resurslar qoyulub. Əlbəttə, Azərbaycanın gənclər və idman nazirliyi ilə şahmat federasiyası tərəfindən mərkəzləşmiş şəkildə dəstək də var. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və hazırkı prezidenti İlham Əliyev şahmata, bu idman növünün ölkədə inkişafına böyük diqqət ayırıblar. Azərbaycanda çox sayda güclü şahmatçılar, təşkilatçılar, hakimlər var. Bir sözlə, burdakı hər şeydən razıyıq”.

Dvorkoviç Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşü və burada təşkil oluna biləcək böyük yarışlardan da danışıb: “Biz indiyədək edilən işləri müzakirə etdik. Bəzilərini bilirdim, bilmədiklərimi eşitmək maraqlı oldu. Gələcəkdə burada keçirə biləcəyimiz yarışları da müzakirə etdik. Gələn il burada və bütün Azərbaycanda Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. Əlbəttə, bu tarixə şahmat yarışları da həsr etmək lazımdır. Düşünüb, mütləq nə isə edəcəyik”.

FİDE prezidenti bir müddət əvvəl “Şuşa Chess”, indi Şahmat Olimpiadası, ilin sonunda Vüqar Həşimovun memorialını təşkil edəcək ölkəmizin şahmat təşkilatçılığı haqqında da fikirlərini bildirib: “Bu çox yaxşı haldır. Heç də hər ölkədə beynəlxalq şahmat yarışları təşkil olunmur. Azərbaycanda isə il ərzində həm kişilər, həm qadınlar arasında 2-3 turnir keçirilir. Bu da şahmatın ölkədəki inkişafını artırır, ölkəyə qonaqları, digər şahmatçıları cəlb edir. Bu da onu təsdiq edir ki, Azərbaycan dünyanın şahmat ölkələri arasında ilk “altılıq”da layiqli yerini tutub. Dünyada rəqabətin böyük olmasına baxmayaraq belə də qalmalıdır”.

Dvorkoviç Maqnus Karlsenin dünya çempionluğu uğrunda qarşılaşmadan imtinasına da münasibət bildirib: “Maqnus Karlsen hələ heç hara getməyib. O, güclü şahmat turnirlərində oynamağa davam edir. O, dünya çempionu titulunu bu dəfə qorumamağa qərar verib. O, şahmatda qalır və uzun müddət bir çox şahmatçı üçün nümunə olacaq. Düşünürəm ki, o, nə vaxtsa yenidən titul üçün mübarizəyə qayıdacaq. Şahmat dünyası onun titulunu qorumaq üçün mübarizə aparmamasından nə isə itirib. Digər tərəfdən digərləri arasında rəqabət artıb”.

Qurum başçısı Karlsenin qalmaqallı bəyanatına da toxunub: “Hesab edirəm ki, şahmatda kompüter köməyindən yararlanmaq kimi fırıldaqçılıq problemi çox ciddidir. Həm onlayn, həm lövhə arxasındakı şahmat da belə hallar var. Bütün belə yaranan halları, o cümlədən Karlsenn dediklərini araşdıracağıq. Hesab edirik ki, bunu daha korrekt şəkildə, korkret turnirlərdən imtina etmədən də açıqlamaq olardı. Amma problem ktirik dərəcədə vacibdir. Bununla bağlı bütün mübarizə metodlarından yararlanacağıq”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button