Güneydə milli müstəqillik mübarizəsi davam edir

Güney Azərbaycan Müvəqqəti Milli Məclis Təşkilat Komitəsinin üzvü Elyar Makuyinin 21 Azər Hərəkatı ilə bağlı Axar.az-a müsahibəsi:

– Bu gün 21 Azər Hərəkatının ildönümüdür. Pişəvəridən indiyə qədər nə dəyişdi?

– O gün də, bu gün də Güney Azərbaycan məsələsi gündəmdədir. Ancaq bir fərq var. O vaxt Pişəvəri İran daxilində digər xalqların da haqlarını bərpa etmək istəyirdi. Güney Azərbaycan milli hökumətini qurarkən, “bütün xalqların azadlığını istəyirik” deyib irəli getdi. Bir ildə olduqca böyük uğurlar əldə edildi: ana dilində məktəblər açıldı, işçi qüvvəsi təkmilləşdi, Güney Azərbaycan inkişaf etdi, müstəqil siyasət yürütməyə başladı. Ancaq çevrəsində olan bəzi insanların yanlış məşvərəti nəticəsində Pişəvəri Tehran rejiminə inandı. Elə bu inam da milli hökumətin sonunu gətirdi. O vaxt müstəqil Azərbaycan Cümhuriyyəti yox idi, Türkiyə də indiki gücdə deyildi. Bu gün isə Güney Azərbaycan türklərinin 80 faizi milli məsələdə oyanıb, artıq fars, Tehran mərkəzli hökumətlə bir yerdə olmaq istəmir, onlara inanmır. Daha da önəmlisi bölgədə güclü Azərbaycan və Türkiyə var. Bu gün İranın tərkibində hər bir xalq öz azadlıq mübarizəsini aparır. 1945-ci ildəki hadisələrdən dərs alaraq artıq Tehran mərkəzli hakimiyyətə inanmayacaq, milli hökuməti bərpa etmək üçün əlimizdən gələni edəcəyik.

– Güneyli soydaşlarımızın davam edən etirazları fonunda hərəkatın ildönümü ilə bağlı hər hansı tədbir keçirməsi gözlənilir?

– Güney Azərbaycanda son 70 ildir 21 Azərin ildönümündə müxtəlif tədbirlər keçirilib. Amma bunu açıq şəkildə edə bilmirlər. Çünki hər zaman – həm şah, həm molla rejiminin qadağaları ilə qarşılaşıblar. Hətta rejim ildönümündə proqram keçirənləri nəzarətə götürüb, illərlə həbsə məhkum edib. Ona görə də ildönümünün İranda son 83 gündəki etirazlarla eyni vaxta təsadüf eləməsi təzyiqləri bir qədər də artıracaq. Güney Azərbaycanda bəzi etirazlar olacaq, rejim də indidən buna icazə verməyəcəyini bəyan edib. Fars-molla rejimi, eləcə də şah rejimi 21 Azər hərəkatını qəbul etməyib, indi də etmir, onu İrana böyük xəyanət kimi görürlər. Hətta məktəb vəsaitlərində Pişəvəri xain kimi təqdim edilir. Güney Azərbaycanda 21 Azərdə (1946-cı il – red.) minlərlə insan Qərbin dəstəyi ilə öldürülüb, yaxud edam edilib. Həmin gün bizim üçün qanlı, eyni zamanda, tarixi gündür. Amma İran rejimi bunu əksinə, “Azərbaycanın qurtuluşu” olaraq adlandırır. Orada 30 minə yaxın türkün öldürülməsinə baxmayaraq, həmin tarixi – 1946-cı ilin 12 dekabrını İranın milli günü kimi qeyd edərək, “biz vurduq, öldürdük, Azərbaycanı türklərdən geri aldıq” informasiyasını yayırlar. Bu səbəbdən də bizlərə 1945-ci ilin 21 Azər gününü (Tam bir il yaşayan Milli Hökuməti – red.) qeyd eləməyə heç bir şəkildə imkan vermirlər.

– Aksiyalarda “Azadlıq, ədalət, milli hökumət” şüarları çox səsləndirilən şüarlardandır. Bunu şüardan əmələ keçirmək üçün nə kimi addımlar atılır?

– Bir sıra milli fəal vətəndən kənarda birləşərək Güney Azərbaycan Müvəqqəti Milli Məclisinin qurulması üçün təşkilat komitəsi təşkil ediblər. Yüzlərlə güneyli fəal bu komitəyə dəvət edilib. Onlar Güney Azərbaycan türklərinin səsi olmağı, sözlərini dünyaya çatdırmağı qarşılarına məqsəd qoyublar. Həmçinin, Güneydə yaşayanlarla məxfiliyini qorumaq şərti ilə əməkdaşlıq edir, fikir mübadiləsi aparırıq. Görülən işlərlə mübarizəmizi daha da inamla irəli aparmağa, Güney Azərbaycanın müstəqilliyinin əldə edilməsinə çalışırıq. 27-30 noyabrda Azərbaycan Respublikasında Milli Məclisimizin qurulması ilə bağlı bəzi görüşlər baş tutdu. Əminik ki, bu məclisin qurulması ilə Güney Azərbaycan öz mübarizəsini daha fərqli yerlərə gətirəcək.

Hamısını Göstər

Related Articles

Back to top button