Hər an müharibə alovlana bilər, buna hazır olmalıyıq – Açıqlama

Politoloq, professor Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

– Azərbaycan Müdafiə Nazirliyi bir neçə gündür ardıcılıq olaraq xəbərdarlıq etməsinə baxmayaraq, bunu qulaq ardına vuran Rusiya Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı hazırladığı hesabatlarında qondarma erməni toponimlərini düzəltmir. Sizcə, bu hara qədər gedəcək, Rusiya təxribatçı yanlışını özü düzəldəcək, ya bunun qarşısını almaq üçün müvafiq addım Azərbaycan tərəfindən atılacaq?

– Belə görünür ki, Rusiya yanlışını düzəltmək üçün lazım olan addımı atmayacaq. Rusiya bölgədə hadisələrin gərginləşdirilməsi istiqamətində xətt götürüb. Bu xətti bir sıra xırda hadisələrin timsalında qızışdırmaq istəyir. Eyni zamanda, digər yönlü hadisələrə də istiqamət verir. Məsələn, Xankəndidə mitinqin keçirilməsi, oradakı separatçıların Moskvaya dəvət edilməsi, Qarabağın dağlıq hissəsində “rus icması” və ya “rus mərkəzi”nin yaradılması, Ermənistan ordusunun bölmələrinin sülhməramlıların müvvəqqəti nəzarətində olan ərazilərdə saxlanılması və həmin Azərbaycan ərazilərində səngələrin qazılması və s. Bütün bunları ya sülhməramlıların özləri həyata keçirir, ya da onun gözləri önündə baş verir.

Son zamanlarda məlum olub ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Qarabağın dağlıq hissəsinə silahlar daşınır. Eyni zamanda, Rusiyanın yük təyyarələri ilə İran üzərindən İrəvana silah-sursatın daşınması intensivləşib. Bütün bunlar göstərir ki, Rusiya həm bölgədə sülhyaratma prosesini ləngidir, həm də bu prosesdə kifayət qədər fəal olan Avropa Birliyini buradan kənarlaşdırmaqda qərarlıdır. Rusiya bu məsələdə Nikol Paşinyanı da əlində oyuncaq kimi oynadır və onun vasitəsilə Avropa Birliyinin vasitəçilik səylərini heçə endirməyə çalışır.

Bir sözlə, bölgədə Rusiyanın fəal iştirakı ilə təxribat xarakterli fəaliyyətlər artır. Təbii ki, baş verənlər Azərbaycanı ciddi şəkildə düşünməyə məcbur edir. Bu düşüncələrin nəticəsi olaraq, Azərbaycan öz suveren ərazilərində lokal xarakterli, yaxud daha irimiqyaslı qisas tədbirləri həyata keçirə bilər.

İndi gündəmdə olan məsələlərdən biri də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə əlaqəlidir. Azərbaycan prezidenti də öz çıxışlarında sülhməramlıların fəaliyyətindən öz narazılığını açıq şəkildə bildirib. Artıq Azərbaycanda belə bir qərar formalaşır ki, nə qədər Rusiya sülhməramlıları suveren ərazilərimizdədir, sülhyaratma prosesini həyata keçirmək mümkün olmayacaq. Rusiya təhlükəli oynayır və nəyə ümid bəsləyirsə, bunun üzərində düşünməyə dəyər.Ətraflı

– Bəs Rusiya Ukraynadakı işğalçı müharibəsini davam etdirdiyi vaxtda niyə cənub sərhədləri yaxınlığında, Cənubi Qafqazda gərginliyin artmasında, yaxud yeni hərbi toqquşmalarda maraqlı ola bilər?

– Rusiyanın təfəkkür tərzi belədir. Bilir ki, Ukraynada uduzacaq, postsovet məkanı və qlobal proseslərdən vurulub çıxarılır. Rusiya köhnə imperialist təfəkkürünə söykənərək belə düşünür ki, heç olmasa, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyada öz hegemonluğunu qoruyub saxlasın. Rusiya baş verənlərdən dərs almayan bir dövlətdir. Bu, təkcə Rusiyanın siyasi elitasına aid deyil, xalqının böyük hissəsi də bu cür düşünür. Sanki onlar elə fikirləşirlər ki, torpaq almaq, başqa xalqları kölə etmək, müstəqil ölkələrdə müstəmləkə rejimini bərqərar etmək onlara “Allah tərəfindən əta edilmiş hüquq”dur və bu “hüquq”lar həyata keçirilməsə, rus xalqı yox olacaq. Ona görə Ukrayna və digər bir sıra ölkələrdə beynəlxalq hüquq normalarına zidd, soyqırımı və digər hərbi cinayətlərlə müşayiət olunan müharibələrin aparılmasına cəmiyyətin böyük əksəriyyəti göz yumur. Hətta Rusiyanın media qurumları bu cür qeyri-insani, qeyri-humanist hərəkətləri təqdir edir, bunlara “dədə-baba torpaqlarına qayıdış”, “xilaskarlıq” kimi qondarma adlar verir.

Bütün bunlar Rusiyanın ictimai şüurunda aqoniya prosesi kimi görünsə də, hələ ki, müəyyən qədər işləyə, cəmiyyəti əldə saxlaya bilir. Amma birmənalı şəkildə demək olar ki, belə yanaşmanın axırı yoxdur. Bu, sonda dövlətin süqutuna və çoxmillətli ölkənin isə parçalanmasına gətirib çıxara bilər.

– Moskvadan Xankəndiyə göndərilmiş Ruben Vardanyan da kifayət qədər fəaldır. Onun Ermənistanın sabiq nazirlərindən ibarət yeni separatçı-terrorçu komanda qurmağa hazırlaşması haqda məlumat var. Hətta Vardanyan ötən günlərdə Moskvada da olub. Sizcə, onun bu separatçı fəallığı necə nəticələnə bilər?

– Belə bir şey olacaqsa, bu, birbaşa Azərbaycana müharibə elan edilməsinə bənzəyəcək. Sanki Ruben Vardanyan bununla Azərbaycanın önündə əlinə əlcək taxır, onu rinqə çağırır. Onu buna vadar edənlər də, sanki qulağına pıçıldayırlar ki, dayanma, davam et, qorxma, arxanda dayanmışıq. Təbii ki, Vardanyan özbaşına banlamır. O, Moskvadakı müəyyən dairələrin səsləri ilə banlayır, addımlarını da onların diktəsi ilə atır. Rusiyanın buradakı barmağı ona görə təhlükəli nəticələr doğurur ki, bölgədə separatizm yenidən dirçəlir. Sanki prosesləri 1980-90-cı illərin separatçılıq dövrlərinə qaytarmaq, bölgədə yenidən müharibə və ya hərbi toqquşmaların başlamasını istəyirlər.

Təbii ki, biz son dərəcə ehtiyatlı şəkildə, “yaralanmış rus ayısı” ilə açıq qarşıdurmadan qaçaraq bölgədə yeni düzənin formalaşmasına qədər hazırlığımızı görməliyik. Onsuz da gec-tez Rusiya-Ukrayna müharibəsi ukraynalıların və ya Qərbin qələbəsi ilə bitəcək. Bu məğlubiyyətdən sonra Rusiya zəifləyəcək və parçalanmış dövlət durumuna düşəcək. Bundan sonra postovet məkanı da daxil olmaqla, Avropadan Asiyaya qədər böyük bir coğrafiyada yeni düzənin formalaşması prosesi başa çata bilər. Bu proses dalğavari formada Cənubi Qafqaza da təsir edə bilər ki, bu da Azərbaycan üçün müsbət rol oynaya bilər.

Hamısını Göstər

Related Articles

Back to top button