Hacıbala Abutalıbov istintaqa cəlb oluna bilər – BŞİH-in sabiq Aparat rəhbərinin həbsinin təfərrüatları

Rasim Quliyev Abutalıbovun işdən çıxarılmasından cəmi bir ay sonra nəhəng tikintiyə necə icazə verib?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH ) başçısının müavini vəzifəsi səlahiyyətlərinin icrası həvalə edilən, BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləyən Rasim Quliyevin həbsinin təfərrüatları məlum olub.

Rəsmi məlumata görə, Rasim Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011″ Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verib.

R.Quliyev həmin ərazidə ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı şəxsən imzalayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Bəhruz Quliyev: Pandemiya tam nəzarətə götürülsə də, lazım gəldiyi təqdirdə  karantin rejiminin uzadılması da qaçılmazdır

Bəhruz Quliyev qardaşına qarşı irəli sürülmüş ittihamlarla razılaşmır.  

“Ürəyim, əzizim, canım, qardaşım Rasim Quliyevin həbsinə görə  şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox, imanlı, vətənpərvər, dövlətçi, nümunəvi bir insan həbs olunar. Tanıyanlar bilir ki, biz 90-cı illərin Xalq hərəkatından gəlmişik, dövlətçilik uğrunda qatı Heydər Əliyevçi kimi çox çətinliklər, türmələr görmüşük, amma nəfsimizə görə ittiham ağlıma gəlməzdi. Amma heç kim qeyri-adi hadisələrdən sığortalanmayıb. Mən bu həbsin detalları və məzmunu ilə tanışam. Əminəm ki, tezliklə bu cinayət hadisəsinə obyektiv baxılacaq hər şey ortaya çıxacaq, haqq ədalət öz yerini tapacaq. Mən qardaşımın müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə sədaqətinə, Allahın və Dövlətimizin ədalətinə inanıram” , – deyə Bəhruz Quliyev qardaşının həbsinə münasibət bildirərkən deyib.

Bəhruz Quliyev əlavə edib ki, qardaşı rüşvətxor və korrupsioner deyil: “Hamının ürəyi sakit olsun ki, biz nə rüşvətxor, nə də korrupsioner deyilik. Qardaşımı tanıyanlar və tanımayanların sosial şəbəkələrdə, saytlarda yazıb dəstəkləyirlər.  Nə qədər zənglər olur, çoxsaylı dostların narahat olduğunun şahidi oldum, Rasimin bu illərdə nə qədər hörmət, nüfuz qazandığını bir daha anladım. Qardaşımda iman, Allah sevgisi o qədər güclüdür ki, hər qəpiyin o dünyada haqq-hesabını verəcəyini bildiyi üçün heç kim görmədən, bilmədən həmişə  xeyirxahlıqla məşğul olub, heç vaxt ailəsinə haram tikə aparmayıb. Bizi tanıyanlar bilir ki, biz üç qardaş və bacılarım bir həyətdə və sadə Azərbaycan vətəndaşlarının orta yaşayış həddində yaşayırıq. Bu gün də hər şeyə görə Allahımıza şükür edirik. Bizim üçün narahat olanlara, biz tanımadan haqqın tərəfində duranlara dərin təşəkkürümü bildirirəm. Mən qardaşımın sonsuz  minnətdarlığını sizə çatdırıram. Tezliklə Rasim Quliyev Sizlərlə olacaq və dövlətimizə, xalqımıza xidmətini qaldığı yerdən davam etdirəcək, İnşallah. Mən qardaşımla fəxr edirəm!”.

Rasim Quliyev

Rəsmi məlumatdan da görünür ki, Bəhruz Quliyevə qarşı irəli sürülən ittiham Hacıbala Abutalıbovun Bakı meri vəzifəsindən çıxarılmasından sonraya təsadüf edir. Eldar Əzizov yeni mer təyin olunana qədər qeyd edilən məlum sərəncamın verildiyi bildirilir.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib.1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994-1996-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda mühəndis işləyib.

1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib. 2000-ci ildə 29 saylı Səbayel seçki dairəsinin sədri olub.

2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi BŞİH Aparatının rəhbəri vəzifəsində çalışıb. Həmin müddətdə ona dövlət qulluğunun müşaviri və dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib. BŞİH-in Aparat rəhbəri vəzifəsindən çıxarılandan sonra – 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri işləyib. R.Quliyev 2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.

Rasim Quliyevin həbsində bir neçə maraqlı məqama diqqət etmək lazımdır. Ona qarşı irəli sürülən ittihamdan aydın olur ki, qeyd edilən tikintiyə icazə verilməsi Hacıbala Abutalıbovun işdən çıxarılmasından bir ay sonraya təsadüf edir (Hacıbala Abutalıbov 2018-ci ilin aprelində işdən çıxarılıb. Rasim Quliyevin isə 2018-ci ilin mayında qeyd edilən sərəncama imza atdığı göstərilir red.). Tikinti sektorundan az-çox anlayışı olan hər kəs bilir ki, yaşayış binalarının, ofislərin tikintisi üçün belə qısa bir müddətdə icazənin verilməsi mümkün deyil. Prosesin Hacıbala Abutalıbovun zamanından başlaması şübhəsizdir. Sərəncam verilənə qədər bütün aidiyyatı qurumların icazəsi və razılığı olub. 

Onu da qeyd edək ki, Hacıbala Abutalıbov Bakı meri vəzifəsindən çıxarılıb, Baş nazirin müavini təyin olunduğu halda, hər gün BŞİH-in binasında öz otağında olub və bütün proseslərə nəzarət edib. Bu vəziyyət Eldar Əzizov Bakı meri olana qədər davam edib.

Ən maraqlı məqam isə qeyd edilən ərazidə tikintinin aparılmasına icazə hələ 2011-ci ildə Hacıbala Abutalıbovun razılığı və imzası ilə verilib.

Araşdırmalar zamanı məlum olub ki, rəsmi məlumatda qeyd edilən ərazidə tikinti aparılmayıb. Tikinti işi başlasa da dayandırılıb.

Əldə etdiyimiz məlumata görə Eldar Əzizov Bakıya yeni mer təyin olunandan sonra həmin sərəncamı ləğv edib.

R.Quliyevin cinayət işi üzrə davam edən istintaq müddətində Hacıbala Abutalıbovun ən azından şahid kimi dindirilməsi gözlənilir. O zaman Hacıbala Abutalıbovun baş verənləri necə izah etməsi əsas təfərrüatları üzə çıxaracaq. Əgər səhhəti imkan versə, xaricdən gələ bilsə…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close