İki qardaş ölkə arasında keçirilən təlimlərdən kimlər nəticə çıxarmalıdır?

“İki qardaş ölkə arasında keçirilən təlimlərin əsas mahiyyətini bir müddət sonra görəcəyik. Bu təlimlərdən təkcə İran yox, Ermənistan və Rusiya da nəticə çıxarmalıdır”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, son təlimlər Azərbaycanla Türkiyənin indiyə qədər keçirdiyi oxşar tədbirlər arasında həm miqyasına, həm əhəmiyyətinə görə ən əhəmiyyətlisidir:

“Son zamanlar bölgədə çox ciddi proseslər gedir və bəzi ölkələr Azərbaycana qarşı təhdidlər törətməyə cəhd edirlər. Lakin bütün bu kimi addımlar əbəsdir, çünki Azərbaycan artıq dəyişib, onun ordusu güclənib, 44 günlük Vətən müharibəsində böyük nəticə əldə edib. Bütün bunların fonunda özünü dost kimi təqdim edən dövlətin sərhədlərimizin iki addımlığında 50 min nəfərdən artıq şəxsi heyətlə təlim keçirməsini və bəzi İran rəsmilərinin məsuliyyətsiz bəyanatlarını Azərbaycan cavabsız saxlaya bilməzdi. Azərbaycan Prezidentinin ADA Universitetində son çıxışı zamanı söylədiyi “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”- fikirləri Ali Baş Komandanın baş verən proseslərə münasibəti idi”.

Ü.Cəfərov bildirib ki, indiyə qədər bu miqyasda təlimlər olmayıb:

“İndiyə qədər hərbi təlimlər Bakı və ya Bakı ətrafında, yaxud hərbi poliqonda keçirilirdisə, budəfəki təlimlər Astara, Cəbrayıl və İmişli kimi İranla sərhəd rayonlarda keçirilir. Bizim heç bir ölkəyə qarşı hər hansı iddiamız olmayıb. Hər zaman mehriban qonşuluq siyasəti aparmışıq. Lakin İran qardaşı Ermənistanı seçib. Buyursun etsin, amma bunun bir cavabı da var. Azərbaycan dəfələrlə İrana suallar ünvanlayıb ki, Quranı, İslamı təhqir edənlər necə sizin qardaşınız ola bilər? Amma Tehran bu suallara cavab vermir”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, indi 21-ci əsrdir və Azərbaycanla Türkiyə arasında ikitərəfli strateji müttəfiqlik haqqında, hərbi sahədə əməkdaşlıqla bağlı mühüm sənədlər imzalanıb:

“Bir sözlə harda Türkiyə varsa, orada Azərbaycan var. Harada Azərbaycan varsa, orada da Türkiyə var. İran bunları unutmamalıdır. Tehran hələ də anlamaq istəmir ki, 70-ci illərin silahlarının – hansılar ki, onlar vaxtilə İraq-İran müharibəsində istifadə edilib – indiki şəraitdə nə gücü, nə də effekti var. Xatırlayırsınızsa, İran təlimlər zamanı guya Araz çayını keçdiyi haqda təsəvvür yaratmağa çalışırdı, əslində isə köhnə silah-sursatlı İran hərbçiləri çayın İranın ərazisindən keçən hansısa qolu yaxınlığında toplaşmışdılar. İndi Türkiyə ilə Azərbaycan hərbi təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması tapşırığını yerinə yetirməklə İrana mesaj verdi və həmçinin bir növ dərs keçdi. Bir sözlə İran hansı salamı verdisə, ona uyğun da cavab aldı”.

O, həmçinin 2001-ci ildə İranın Xəzərdə Azərbaycana qarşı açıq təhdidinə cavab olaraq Bakıda Azadlıq meydanı üzərində “Türk şahinlərinin” göstərdiyi şounu da heç vaxt unutmadığını deyib:

“Həmin vaxt Müdafiə Nazirliyinin mərkəzi aparatında zabit idim. Bütün Bakı “Türk şahinlərinin” havadakı manevrlərini izləmək üçün binaların başında idi. Bu hadisədən sonra da qardaş Türkiyə hərbiçiləri Azərbaycana gəliblər və yenə də gələcəklər. Hərbi təlimlər gələn il də davam edəcək və daha iki ölkə – Özbəkistanla, Qırğız Respublikası da bizə qoşulacaq. Həmin təlimlərin bir elementi Türkiyədə, biri Özbəkistanda, digəri Qırğızıstanda planlaşdırılır ki, onlar misilsiz əhəmiyyətə malikdir”.

Hamısını Göstər

Related Articles

Back to top button