İlham Əliyev və xanımı Şəkidə…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

***

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir.

Qeyd edilib ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Məlumat verilib ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.

Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib.

Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.

Bildirildi ki, müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.

Diqqətə çatdırıldı ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.

Müəssisənin ərazisində logistik mərkəz fəaliyyət göstərir. Bu mərkəzə ümumi həcmi min kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.

Məlumat verildi ki, müəssisədə və bağ sahəsində 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit götürülüb.

***

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

***

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya kompleksdə aparılmış bərpa işləri barədə məlumat verib.

Bildirilib ki, Şəki Xan məscidi kompleksi əsaslı bərpa işlərindən sonra istifadəyə verilib. Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.

Qeyd edilib ki, məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub.

Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan “Xan qəbiristanlığı” adı verilib.

Diqqətə çatdırılıb ki, məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Burada eyvana qalxmaq üçün dairəvi pilləkən var. Məscidin ön fasadında olan tağvari eyvan isə məscidə xüsusi gözəllik verir. Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib.

Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə başlanan bərpa işləri çərçivəsində əvvəl Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində 3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin ilkin görüntüsünün əldə edilməsi baxımından əhəmiyyətli olub. Ərazidə yerləşən tikililər – məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Məscid kompleksinin əldə olunan ilkin görüntüsü əsasında aparılan bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb.

Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.

Məlumat verilib ki, məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Layihəyə uyğun olaraq məscid ərazisində xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Məscidin qədim giriş darvazası və pilləkənləri, o cümlədən onun cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.

Məsciddə bərpa işləri çərçivəsində 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilmişdi. Bu səbəbdən həmin hissədə bərpa işləri dayandırılmış və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmış, ekspedisiyanın tədqiqatı və qazıntı işləri nəticəsində həmin hissədə qəbir aşkar olunmuşdur. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsinə dair məlumatın olması digər fərqli tədqiqatlarda da bu barədə olan məlumatlar əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı. Mütəxəssislərə dəstək məqsədilə Heydər Əliyev Fondunun köməyi ilə aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.

Məlumat verilib ki, məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.

Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu “Qurani-Kərim” bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Hamısını Göstər

Related Articles

Back to top button