“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Şamaxı Dövlət Regional Kollecində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının birgə tədbirlər planına uyğun olaraq reallaşıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alveinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Emin Əsədov, “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova, “Sosial iqtisadi inkişaf uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev və tələbələr iştirak ediblər.
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilən tədbirdə insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlər, 152 qaynar xətt xidmətləri barədə məlumat, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs olunub.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, məlumatlandırıcı bukletlər paylanılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.