İrandan Qarabağla bağlı şok: Dostluq mesajı, yoxsa məkr?

İran İslam Respublikasının Məsləhət Şurasının katibi, 1981-97-ci illərdə SEPAH-a komandanlıq edən (yəni sıradan biri deyil) Möhsün Rezayi maraqlı, maraqlı olduğu qədər də təzadlı açıqlama verib.

Doğrusu, mətni erməni mediasında gördük və təhrif ehtimalı yarandı. Orijinalı “Mehr” agentliyindədir, yəni ağayi Rezayi İran mediasına danışıb və ermənilər də əsasən, təhrifə yol verməyiblər.

Bəs, nədir Rezayinin açıqlamasında təzad və yaxud İranın narahatlıq yaradan baxışı?

Adam ilk cümləsindəcə deyir: “İran bütün gücü ilə Azərbaycanı və Dağlıq Qarabağı müdafiə edib”.

Əvvəla, İranın Azərbaycanı hansı güclə müdafiə etdiyini 90-cı illəri yaşayanlar çox əla xatırlayır. Hansı gücü ilə müdafiə edib? Hansı dəstəyi göstərib Azərbaycana?

Az öncə – Xocalı soyqırımı ilə bağlı həmin dövrdə prezident olan Ayaz Mütəllibovun xatirələri paylaşıldı. 1992-ci ilin fevralında İranda beynəlxalq tədbirdə iştirak edən A.Mütəllibov…

Yox, xatirəni olduğu kimi təqdim edək:

“Mən fevral ayının ortalarında İranda İslam ölkələrinin iqtisadi müşavirəsində iştirak edirdim. Mənə Bakıdan zəng etdilər ki, Xocalını atəşə tutublar. Müşavirədə fasilə zamanı İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin kabinetində oldum. Xarici işlər naziri Əli Əkbər Vilayəti də orda idi. Mən dedim: “Ağayi Rəfsəncani, bizdə vəziyyət gərgindir. Mənə zəng edib dedilər ki, Xocalı şəhəri atəşə tutulub. Kömək üçün nə edə bilərsiniz?” Rəfsəncani dedi ki, rəsmi şəkildə hər hansı yardım edə bilməzlər. Mən isə xahiş etdim ki, siyasi yolla müdaxilə etmək mümkündürsə, bunu yerinə yetirin.

Konkret olaraq bir şey demədilər. Mən dedim ki, xarici işlər naziri Vilayəti həm bizimlə, həm də Ermənistanla görüşlər keçirsin, yəni vasitəçi olsun. Vilayəti qeyd dəftərini çıxardı, bildirdi ki, yalnız cümə günü onun üçün münasibdir. Lakin bu, olmadı”.

İkincisi, Şuşanın işğalını necə, xatırlayırsınızmı?

1992-ci ilin mayında, həmin vaxt ölkə başçısı vəzifəsini icra edən Milli Məclisin sədri Yaqub Məmmədov İranın vasitəçiliyi ilə bu ölkədə Ermənistan rəsmiləri ilə görüş keçirərkən və müqavilə detallarını müzakirə edərkən Şuşa işğal edilmişdi. Baxmayaraq ki, vasitəçiliyi edən İran idi, Tehran Şuşanın işğalına səssiz qaldı – sanki bir qurulmuş oyun təsiri bağışlayır.

Üçüncüsü, İranın bu 30 ilə yaxın davam edən işğal zamanı tutduğu mövqe, Ermənistanı rəsmən iqtisadi baxımdan xilas etməsi və işğalı davam etdirməsinə yaratdığı şərait, işğal altında saxlanılan Qarabağda İran şirkətlərinin fəaliyyəti, hətta Şuşa məscidinin təmir adı ilə iranlaşdırılmasını İran şirkətinin həyata keçirməsi, Fələstində müsəlmanların haqqını qoruyan “şiə qardaşlarımız”ın Qarabağda məscidlərə donuz bağlayan ermənilərlə vaxtaşırı olaraq qucaqlaşıb-görüşməsi, “qardaş” olduqlarını deməsini biz unutduqmu?

Bunları “unutduq”, yaxşı, ağayi Rezayi “Azərbaycanı və Dağlıq Qarabağı bütün gücləri ilə müdafiə etmək” deyəndə, nəyi nəzərdə tutur ki? Necə yəni “Azərbaycanı və Dağlıq Qarabağı”? “Dağlıq Qarabağ”, “Aran Qarabağ”, “Yuxarı Qarabağ” deyilən bir anlayış yoxdur, Azərbaycan var! İran var gücü ilə “Dağlıq Qarabağı” müdafiə edib?

Bəlkə də həqiqəti bu cür ifadə edib – keçmiş və qondarma “dqr”ə münasibətini ortaya qoyub. Xub, ağayi Rezayi! Amma bunu daha sadə demək olardı…

Davam edək:

Rezayi deyir ki, “minlərlə iranlı” Azərbaycanı azad etmək üçün (yəqin işğaldan nəzərdə tutur) ölüblər: “Bunun sübutunu Bakı qəbiristanlığında tapmaq olar”.

Açıqlamadan aydın olmur ki, Rezayi bunu 90-cı illər haqda deyib, ya hansısa tarixlə bağlı: “Çarların pəncəsindən xilas etmək üçün” deyəndə, Abbas Mirzəni tək qoymalarından və 11 korpusdan bircəciyini “Azərbaycan korpusu”nun köməyinə göndərməməkdən danışıb (1826-28), yoxsa Qarabağ xanlığı dönəmindən?

“Bakıdakı qəbiristanlıq” ifadəsinə görə lap götürək 90-ları…

Əvvəla, “minlərlə iranlıdan” söhbət gedə bilməz, amma Bakı qəbiristanlığında Birinci Qarabağ savaşında döyüşən “iranlı”nın olması mümkündür. Onlar da Azərbaycan türkləridir, öz torpaqları uğrunda şəhid olublar. Və onlar müharibə vaxtı ya İrandan gizli keçib gələnlər, ya da Bakıda olanlar idi. İranın Qarabağda vuruşmaq istəyən və Araz çayının sahilinə yığışan qardaşlarımıza etdiyi zülmləri yaxşı xatırlayıram. Həmin vaxtı nə qədər azərbaycanlı dara çəkildi, nə qədəri zindanlara atıldı!..

Əvəzində İran İslam İnqilabi Keşikçiləri Korpusunun məşhur generalı – nə qədər qəribə də olsa, bu generalı Azərbaycanda da sevirlər – Qasım Süleymaninin Birinci Qarabağ savaşında erməni terrorçularla Qarabağda görüşləri və onlara dəstəyini ifadə etməsini təsdiqləyən fotolar çox ciddi “şahidlərdir”. Qasım Süleymani 90-larda erməni terrorçularla Qarabağda nəyi “bölürdü”? Yoxsa onlara Azərbaycan torpaqlarından çıxmağı əmr etməyə gəlmişdi?

Rezayi Qarabağ savaşında ölən “iranlılar” ifadəsinin ardınca bildirir ki, Azərbaycan – təkcə qonşumuz deyil, biz – iki ölkənin bir xalqıyıq: “Biz və Azərbaycan xalqı – eyni din və mədəniyyətin xalqıyıq”.

Tamamilə doğrudur. Azərbaycan xalqının bütün tarixi, mədəniyyəti, dini birbaşa iranlılarla, farslarla sıx bağlıdır və bu bağlılıq yalnız müsəlman, şiəliklə əlaqəli deyil. Bu tarix inanılmaz dərəcədə qədimdir və bu istiqamətdə araşdırma aparan şəxs olaraq elan edirəm: İran mədəniyyəti (“fars mədəniyyəti” deyil, “İran mədəniyyəti” çox geniş anlayışdır) qədər Azərbaycan xalqına doğma olan ikinci mədəniyyət yoxdur! Çünki bu mədəniyyətin yaradıcısıyıq!

Bisütun yazılarına qədər Qam Ata (Qamatay) izlərini tapa bilərsiniz, İran şahının yanında türk Zərdüştə qədər; əski dünyagörüş, maq və qamlardan üzü bəri İran mədəniyyətində payımız o qədər çoxdur ki, araşdırdıqca heyrət edirsən!

Musiqimiz də, muğamımız da ortaq – birgə yaratmışıq; şiəliyi də…

Fars hakimlərin bu qədər böyük mədəniyyət, din, təfəkkür ortağı olan, min il ərzində İranı yönətən və qoruyub böyüdən azərbaycanlılara münasibəti ortadadır, Qarabağ savaşında tutduğu mövqe də!

Əlbəttə ki, farslarla bizi birləşdirən həddən artıq böyük dəyərlər var, ancaq min təəssüf ki, İranın rəhbərliyi bu dəyərləri dağıtmağa, azərbaycanlıları düşmən gözündə görməyə, bu xalqın mümkün qədər əl-qolunu bağlamağa, hüquqlarını məhdudlaşdırmağa, dövlətimizin isə “başını qatmağa” çalışıb – hər zaman! 35 milyonluq (ən azı!) Azərbaycan türkünü orda zəlil etdikləri bəs deyilmiş kimi Azərbaycan dövlətinin də qüdrətli olmaması üçün əllərindən gələni hər zaman beş qaba çəkiblər.

Rezayi qeyd edib:

“90-cı illərdəki müharibədə İran Qarabağdan olan köçkünlər və azərbaycanlı qardaşları üçün 43 milyon dollar xərcləyib”.

Mümkündür – çünki xüsusilə Qubadlı və Zəngilan işğal ediləndə əliyalın əhali erməni qətliamlarından xilas olmaq üçün Araz çayını keçmişdilər. Həmin vaxt Arazda onlarla günahsız mülki azərbaycanlı da ölmüşdü. İran bu qaçqınları qəbul edib saxlamamışdı, sadəcə, Bakıya yola salmışdı.

Aha, gəldik xüsusi bir detala: Rezayi deyir ki, mərhum Heydər Əliyevin prezidentliyi dövründə iki ölkə arasındakı münasibətlər bir qədər pisləşmişdi.

Hə, dəqiqdir ki, Rezayi faktları və tarixi qatıb bir-birinə: Heydər Əliyev hakimiyyətə gələn kimi İranla da, Rusiya ilə də çox pis olan münasibətləri normallaşdırıb və hazırkı əlaqələrin, diplomatiyanın əsasını da Heydər Əliyev qoyub. Bəlkə, Rezayi Əbülfəz Elçibəylə səhv salır?

Hər bir halda SEPAH-a 16 il komandanlıq edən və hazırda da ölkənin siyasi yönətimçilərinə məsləhətlər verən Rezayinin yaxın tariximizlə bağlı bu yekəlikdə sapıntısı heç doğru məsələ deyil.

Neynək – “qocalıb” deyək, “prezidentlərimizi səhv salıb” düşünək, adlayaq getsin – adam hər sözü söz eləməz ki! Onda qonşudan olarsan.

Amma… Amma elə sözlər var ki, təkcə söz deyil!

Məsələn, Rezayi bunun ardınca deyir: “Bizim başlıca tapşırığımız – Azərbaycanın tərkibində Dağlıq Qarabağ xüsusi avtonom vilayətinin yaradılmasıdır. Ermənistan da qalan digər əraziləri verməlidir”.

Ağayi Rezayi:

1. “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur – bu vilayət 1991-ci ildə Azərbaycan parlamenti tərəfindən de-yure ləğv edilib, de-fakto isə 2020-ci ilin 44 günlük müharibə dövründə Azərbaycan Ordusu onun axırına çıxdı.

2. “Ermənistan qalan əraziləri verməlidir” – sözünə görə təşəkkür edirik, ancaq hansı Ermənistan? Ermənistan varmı ki? Ordusu, gücü, iqtisadiyyatı olmayan və Azərbaycan əsgərini görəndə İrəvana qədər qaçan erməni ordusumu Qarabağın qalan hissəsini “geri” verməlidir? Sizin bu bəyanatınız həddən artıq çox gecikməyib ki? Ermənistan Qarabağda nəyi verməyə bilər və hansı hüquqi, qanuni, hərbi imkanları ilə?

Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonası var və həmin ərazi hələlik Rusiyanın nəzarətindədir. Azərbaycanlılar da yurduna-yuvasına qayıdandan, normal birgəyaşayış bərpa olunandan sonra rus sülhməramlıları çıxacaq – 5 il olmasın, olsun 10 il, hər halda, 30 il ərazisinin 20 faizini işğaldan azad etmək üçün gözləyən və 44 gündə 20 faiz işğalda olan ərazisinin 80 faizinə qədərini azad edən xalq və dövlət qalan “faiz” üçün də səbir göstərər.

3. Ağayi Rezayi, siz kimsiniz ki, Qarabağda muxtariyyət yaratmağı qarşınıza əsas məqsəd qoymusunuz? Azərbaycan Prezidentinin aydın, dəqiq sözü var: status cəhənnəmə getdi, gorbagor oldu! Bunu Prezident 26 fevral mətbuat konfransında da elan etdi, dedi ki, “statusun yerinin harda olduğunu mən demişəm”. Yəni cəhənnəmdə, gordadır! İrana bu qədər açıq deyilən söz aydın deyilmi?

Siz hansı haqla Azərbaycan dövlətinin bu qədər aydın, səlist, gün kimi açıq mövqeyindən sonra Azərbaycanın daxili işlərinə qarışıb, “avtonom” qondarmaq istəyirsiniz? Niyə sizin başlığa hədəfiniz, məqsədiniz bu olmalıdır? Ümumiyyətlə, siz Azərbaycandan nə istəyirsiniz?

Azərbaycanın gücü qarşısında – əlbəttə ki, qardaşımız Türkiyənin dəstəyi ilə – məcbur qalıb, siyasətinizdə redaktələr etdiniz – qəbul etdik. Bəs, bu nə hiylə, nə məkr, nə xəyanət?

Azərbaycanda 60 min erməniyə “avtonom” tələb edən bir ölkə zəhmət çəkib, əhalisinin ən azı 40 faizini təşkil edən 35 milyonluq Azərbaycan türkünə muxtariyyət verməlidir!

Azərbaycan dövləti İranda 35 milyonluq Azərbaycan türkünə muxtariyyət, “avtonom” tələb edibmi? Azərbaycan rəsmilərindən kimsə bunu dilə gətiribmi? Hansısa yüksək kürsüdən İranda yaşayan Azərbaycan tüklərinin dilini məhv etmək, təhsilsiz qoymaq üçün min hoqqadan çıxdığınızı deyibmi?

Azərbaycan qonşuluq prinsipinə sədaqət nümayiş etdirir. Siz də oturun yerinizdə, Azərbaycan 60 minlik erməniyə muxtariyyət verməyəcək, bunu istəyən işğalçının da burnu ovuldu. Buna regional güclər – o cümlədən İran – davam edəcəksə, inad göstərəcəksə, demək, bu savaş bitməyəcək!

Siz mədəniyyəti, tarixi, dini bir olan və sizinlə birgə yaşayan, min il – 1925-ci ilə qədər İran dövlətinə hakimlik edən 35 milyonluq Azərbaycan türkünə hörmət edin, onlarla məşğul olun, öz vətəndaşlarınızın qayğısına qalın, hədəfiniz, məqsədiniz, qarşıya qoyduğunuz tapşırğınız da bu olsun!

Azərbaycan kimə muxtariyyət verəcək, kimə verməyəcək, daxildə vətəndaşlarının təhlükəsizliyini, hüququnu necə müdafiə edəcək, terrorçuların anasını necə ağladacaq – özü bilər!

Nədir bu təxribat-hiylə-məkriniz?

26 fevralda dünyanın 50-dən çox nüfuzlu media qurumunun toplandığı mətbuat konfransında Azərbaycan Prezidentinə ermənivari yalnız bir sual verildi – o da “Mehr”çi idi.

Ya siz hansı hiylə-məkrinizi “mehr”ləndirirsiniz?

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close