İranın Azərbaycanda “beşinci kolon”u yoxdur- Tehranın blefinin şok səbəbi…

Hakimiyyət mesaj verir ki, Qumun təsir dairəsi ciddi deyil – ekspertlərin mövqeyi

İranla gərginləşən münasibətlər fonunda Azərbaycanda bu ölkənin “beşinci kolon”u olması barədə iddialar artıb. Hətta Milli Məclisin deputatları da bu fikri dilə gətiriblər. “Yeni Müsavat” bildirir ki, son günlər İrana yaxın hesab olunan adamların saxlanılması cənub qonşunun ölkəmizdə “beşinci kolon”u olması barədə iddiaları yenidən aktuallaşdırıb.

Hakimiyyətin ölkənin təhlükəsizliyi sahəsində güclü iradəsinin olduğu sirr deyil. Xaricdən “idxal olunan” zərərli ideologiyaların qarşısını hər zaman qətiyyətlə kəsdiyini nəzərə aldıqda, “beşinci kolon” iddialarına ciddi yanaşmamaq tərəfdarı olanlar da var. Bildirilir ki, hakimiyyət İranın Azərbaycandakı təsir dairəsini ölkənin təhlükəsizliyi üçün təhdid hesab etmir. Saxlanılanlara gəlincə, bu, rəsmi Bakının İranın bəzi dairələrinin “Azərbaycanda vəziyyəti gərginləşdirə bilərik” kimi sərsəm bəyanatlarına cavabıdır. Hakimiyyət bununla İrana o mesajı da verir ki, Qumun Azərbaycana təsir dairəsi, iddia edildiyi kimi, ciddi deyil, yalnız ən yaxşı halda 3-5 nəfərin dəstəyinə ümid edə bilərlər. Ola bilsin, Tehrandakılar gözləyirlərmiş ki, Azərbaycanda bu yöndə çoxsaylı həbslər aparılacaq və İran da bundan Bakıya qarşı növbəti dəfə şərləmə kampaniyasının tərkibi kimi istifadə edərək, “müsəlman ölkəsində indi də dindarları həbsə atırlar” yalanlarını tirajlasınlar. Amma Tehranın arzusu gözündə qaldı və heç də “islamçıları repressiya edirlər” təbliğatına başlaya bilmədi. Deməli, İran blef edirmiş və burada onun şəbəkəsi deyildiyi qədər də böyük gücə malik deyilmiş. Bəs mütəxəssislər bu arqumentləri bölüşürmü?

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, ara-sıra bəzi xarici qüvvələr Azərbaycanda tərəfdarlarına, onlara işləyən şəxslərə eyham vuraraq iki ölkə arasında münasibətlərdə təzyiq kimi istifadə edirlər, bəyanatlar verirlər, guya kimlərisə qorxudurlar. “Amma Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və xüsusi xidmət orqanları daxilimizdə, xaricimizdə müxtəlif çağırışlara hər zaman olduğu kimi adekvat cavab verir. Son zamanlar İranla aramızda yaşananlar göstərdi ki, hər şey dövlətin nəzarətindədir. Müəyyən axundların, mollaların İrana bağlı olması həqiqətdir. Amma Tehranın timsalında o şəxslərə bel bağlamaq və onlarla siyasət qurmaq çox gülüncdür. Təbii ki, İran din xadimlərinə və şiə axundlarına güvənərək həmin ölkələrdə apardığı siyasətdə bu mexanizmdən istifadə edir. Lakin Azərbaycan İran üçün nə Yəmən, nə Suriya, nə də Livandır”, – deyə, Z.Məmmədov bildirdi.

Onun sözlərinə görə, bu ölkədə rasional düşünmək qabiliyyəti olan dini kəsim yaxşı bilir ki, İran hansı mexanizmlərdən və niyə istifadə edir: “Ona görə kimlərinsə həbsi ilə piketlərin keçirilməsinə, ajiotaj yaradılmasına ümid etmək həmin dövlətin zəifliyindən irəli gələn nüansdır. Bu ölkədə sosial qrupundan asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinin yanındadır, 5-10 nəfər isə başlarını aldadırlar, ya da bilərəkdən kimlərəsə qulluq edirlər, amma lazım olanda paylarını alırlar. Sosial şəbəkələrdə çıxışlar da bir sıra insanların süzgəcdən keçirilməsi üçün şərait yaratdı, kimin kim olduğunu bilməyə kömək etdi”.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli 

Professor Qabil Hüseynli hesab edir ki, ciddi şişirtmələr var: “İranın burada hansısa güclü təsirlərə malik olması haqda təsəvvürlər yanlışdır. Əlbəttə, müəyyən tərəfdarları var. Amma Azərbaycanda vətənpərvərliyin təbliğində ciddi problem mövcuddur, bu istiqamətdə iş aparılmalıdır. Bununla belə, o demək deyil ki, onlar ”5-ci kolon”a qoşulacaq. Sadəcə, milli ruhda tərbiyə sistemi qurulmalıdır. O halda İranın, ya hansısa başqa ölkənin təsiri altına düşmək çətin olur”.

Politoloqun fikrincə, kasıb təbəqənin təsir altına düşməməsi üçün diqqət artırılmalıdır: “İranın təsir rıçaqları yox dərəcəsindədir. Amma vətənpərvərliyin təbliği artırılsa, insanlar hansısa ideyalar arxasınca getməzlər. Eyni zamanda ciddi tərbiyə işi olan televiziyaya diqqət ayrılmalıdır. Ucuz verilişlərdən imtina edilməlidir, siyasi proqramlar genişlənməlidir. Hazırda Tehranla münasibətlərin mülayimləşməsi prosesi gedir və gərginliyin aradan qalxacağını gözləyirəm”. Q.Hüseynlinin sözlərinə görə, dini-ideoloji zəmində baş verənlərdən nəticə çıxarmaq lazımdır və həm insanlarla maarifləndirmə aparılmalı, həm efir siyasətində dəyişiklik etmək lazımdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, İranın Azərbaycanda casus şəbəkəsi yalnız informasiya əldə olunmasına yönəlməyib, həm də islam inqilabı ideyalarını bizim ölkədə yayıb dünyəvi dövlət quruluşunu dəyişməyə və şəriət dövləti qurmağa istiqamətlənib. Ekspertin fikrincə, İran xüsusi xidmət orqanlarının fəaliyyəti Azərbaycan xüsusi xidmət orqanlarına məlumdur: “Sadəcə, bəzən iki ölkə arasında münasibətləri gərginləşdirməmək üçün, eyni zamanda din pərdəsi altında fəaliyyət göstərən müəyyən qismin əməllərində hələ ki dövlətə xəyanət və satqınlıq əlamətlərinin olmamasını nəzərə alaraq onları məsuliyyətə cəlb etməyiblər”. İ.İsmayıl hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmədən öncə bəzi şəxslərə qarşı profilaktik, xəbərdaredici, yeri gələndə rəsmi çəkindirmə elan edilməsi kimi tədbirlərin görülməsi zəruridir.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: "Terrorçuların guya “hərbi əsir” kimi azad  oluması çağırışları regionda sülh və təhlükəsizliyə ziyan vurur"

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli dedi ki, İran rejimindən təxribat xarakterli nə desən gözləmək olar: “Ancaq əsas iş dini zəmində aparılıb. Tehran həmişə dinlə təsir göstərməyə çalışıb, amma son illər bu imkanları xeyli zəifləyib. Artıq İranın siyasətini dərk edən dindarlar var və bilirlər ki, İranın burada qarışıqlıq yaratmaq niyyəti var. Ona görə fars-molla rejimi burada kimlərinsə həbsində belə maraqlı ola bilər. Xankəndinə yük daşıyan sürücülərin həbsinə görə də həşir qoparmaq istəyirdilər, alınmadı. Yəni İran Azərbaycanda narazılıq yaratmaq üçün istənilən provokativ tədbirlərə getməyə hazırdır. Amma nə bizim cəmiyyət bu çağırışlara səs verəcək, nə də təhlükəsizlik xidmətimiz aciz deyil ki, hansısa təxribatlara yol verilsin”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close