KTMT Ermənistanın bu tələbinə də baxmadı

Gözlənilir ki, bundan sonra Paşinyan hakimiyyətində KTMT-dən çıxmağı tələb edən anti-Rusiya qruplar yenidən fəallaşsınlar

Noyabrın 16-da Ermənistanın Xarici İşlər Nazirliyi sərhəddə yaranmış gərginliklə bağlı üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət göndərmişdi. Müraciət çərçivəsində, guya Azərbaycanın Ermənistana təcavüzü barədə hesabat göndərilib.

Müraciətdə Ermənistan həmin hesabata KTMT-nin qiymət verməsini istəyib. Bundan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin baş katibi, Belarus təmsilçisi Stanislav Zasa zəng edib. Mirzoyan ənənəsinə sadiq qalaraq, son baş verənlərə görə Azərbaycanı ittiham edib, ölkəsinin suveren ərazisinə müdaxilə olunduğu haqda yalanlar danışıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək sərhədindəki vəziyyəti müzakirə etmişdi. Aydındır ki, bütün bu zənglər KTMT-yə dönəm rəhbərliyi edən Belarusa təzyiq etmək məqsədi daşıyırdı.  Ermənistanda gözləyirdilər ki, noyabrın 29-da KTMT-nin Parlament Assambleyası 9-16 noyabrda baş verənləri özündə əks etdirən həmin hesabata baxacaq. Düzdür, noyabrın 29-da KTMT PA ilə təşkilatın özünün şura iclası birgə keçirildi. Tədbirdə təşkilatın baş katibi Stanislav Zas çıxış edib və KTMT-nin məsuliyyət zonasında ümumi şəkildə vəziyyətin gərgin olduğunu qeyd edib. Əsasən diqqət Ukrayna ətrafında gedən proseslərə, NATO-nun həmin istiqamətdə fəallaşmasına yönəldilib.

Ancaq Ermənistanın məlum hesabatı ilə bağlı konkret olaraq heç nə yoxdur, bir kəlmə də deməyiblər. Bütün bunlar o deməkdir ki, KTMT növbəti dəfə Ermənistanı məyus etdi. Bu dəfə də onların gözləntiləri fiaskoya uğradı. Gözlənilir ki, bundan sonra Paşinyan hakimiyyətində KTMT-dən çıxmağı tələb edən anti-Rusiya qruplar yenidən fəallaşsınlar. Üstəlik, Ermənistan KTMT-də olan formal müttəfiqlərinin Aşqabadda Azərbaycanı müharibədəki qələbəsi münasibətilə təbrikindən sonra daha bir tərs sillə aldı. Bəs Rusiyanın patronu olduğu bu qurumdan çıxmaqla bağlı Ermənistanın hədələrini niyə ciddiyə almırlar? İrəvanda sözügedən hərbi alyansdan çıxmaqla bağlı tələblər arta bilərmi?

Onu da deyək ki, Ermənistan 2 illik KTMT-yə sədrlik edəcək, bu halda sədri olduğu təşkilatda İrəvanın çağırışlarına niyə məhəl qoymurlar. Bundan öncə də 44 günlük müharibə dövründə Paşinyanın KTMT-yə çağırışları olmuşdu, o zaman da onun müraciətləri qulaqardı edilmişdi, hətta Rusiya prezidenti döyüşlərin Ermənistan ərazisində getmədiyini deməklə müdaxilə imkanları olmadığına işarə vurmuşdu.

Azad MƏSİYEV

 Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin musavat.com-a dediyinə görə, 44 günlük müharibədə Ermənistan KTMT-nı bu prosesə cəlb etmək istəyirdi: “Amma Rusiya lideri Putin dedi ki, döyüşlər Azərbaycan ərazisində gedir. İndi yenidən provokasiyalı iddialar səslənməkdədir. Onlar hər vəchlə alyansı inandırmağa çalışırlar ki, Azərbaycan Ermənistan ərazisinə müdaxilə edir. Amma KTMT-nin üzvləri bilirlər ki, münaqişə bizim ərazi ilə bağlıdır. Məsələ budur ki, İrəvan təşkilatdan çıxmaq üçün bəhanələr gəzir. Eyni zamanda unutmaq olmaz ki, KTMT-yə üzv ölkələrin Azərbaycanla yaxşı münasibətləri var. Ona görə bu qurumun Bakıya təzyiq göstərəcəyini güman etmirəm”.

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova deyir ki, Mirzoyanın KTMT baş katibindən nəyisə ummasının məntiqi yoxdur: “Çünki sərhədlər müəyyənləşməyib, necə Azərbaycan Ermənistana aid əraziyə müdaxilə edə bilər? Bu alyansın ağası Rusiyadır, Moskva da sərhədlərin dəqiqləşməsinin vacibliyindən danışır, bu halda KTMT sərhədi müəyyən edilməmiş ərazilərlə bağlı hansı qərarı verə bilər?”

Təhlilçi hesab edir ki, Paşinyan Qərbin kadrı olduğu üçün Rusiyanın olduğu bütün təşkilatlardan çıxmağa çalışır: “Ancaq mümkün olmayacaq. Ermənistan iki il KTMT-yə sədrlik etməlidir. Bu müddətdə əleyhimizə bir sıra məsələlərin qaldırılması mümkündür, amma sədrlik formal xarakter daşıyır, Rusiyanın razlığı olmadan Paşinyan hər hansı addım ata bilməz”.

Ekspert nəzəri olaraq KTMT-nin məsələyə münasibət bildirməsini belə əhəmiyyətli saymır: “Tutaq ki, Ermənistanın hesabatına qiymət verildi, deyildi ki, Azərbaycan Ordusu Ermənistanın suveren ərazisinə daxil olub, son nə olacaq? Ermənistan bunu əlində bayraq tutub bizə qarşı praktik olaraq hansı siyasəti apara bilər? Kim inanar ki, alyansa üzv ölkələr hərbi müdaxilə qərarı verəcəklər? Orada Belarus, Qazaxıstan kimi Azərbaycanla dost dövlətlər var. Yəni KTMT-nın hərbi müdaxiləsi indiyə qədər heç zaman olmayıb. Odur ki, erməni tərəfinin perspektivsiz müraciətlərinin bundan sonra da nəticə verəcəyini gözləmirəm. Sadəcə, Paşinyan oradan çıxmaq üçün vurnuxur. Lakin alınmayacaq. Onu Qərbdəki himayəçiləri inandırırlar, sonda Ukraynanın vəziyyətinə salacaqlar. Ümumiyyətlə, Rusiya belə zarafatları sevmir və İrəvan da KTMT-yə müraciətlərinə məhəl qoyulmadığını görürsə, anlamalıdır ki, ilk növbədə dövlət kimi özünə hörmət qoymağı bacarmalısan”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close