Latviyada 28 May – Müstəqillik Günü qeyd olunub


Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqanın simvolları arasında yer alan məşhur tarixi-memarlıq abidəsi “Qara Başlar Evi”ndə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Polise.az -a xəbər verir ki, tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin, eləcə də bir sıra dövlət strukturlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik və mədəni dairələrinin tanınmış təmsilçiləri və Latviyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Latviyanın tanınmış xorlarından biri olan “Yuventus” qarışıq xorunun ifasında hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək müsəlman dünyasında ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə və qısa müddət ərzində milli dövlət təsisatlarını yaratmağa, dövlət atributlarını qəbul etməyə, eləcə də ölkənin beynəlxalq aləmdə tanınması üçün qətiyyətli addımlar atmağa nail olub. Cəmi 23 ay yaşayan Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələrinin Azərbaycan xalqının təfəkküründə möhkəm yer tutduğu, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanıb.

Eyni zamanda, bu il xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyev uzaqgörən Lider və böyük dövlət xadimi kimi Azərbaycanı təhlükələrdən xilas edərək onu inkişaf yoluna çıxarıb.

Həmçinin qeyd edilib ki, Ulu Öndər Azərbaycan-Latviya münasibətlərinin banisidir. Onun 1994-cü ildə Prezident olduğu dövrdə Azərbaycanla Latviya arasında diplomatik əlaqələr qurulub.

2017-ci ildə Azərbaycan ilə Latviya arasında münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayan diplomat iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini bildirib.

Tədbir mədəni proqramla davam edib.

Latviya Universitetinin “Yuventus” qarışıq xoru tərəfindən Azərbaycan və latış xalq mahnıları ifa olunub.

Eyni zamanda, Latviyada fəaliyyət göstərən “Buta” rəqs qrupu Azərbaycanın milli rəqslərini təqdim edib.

Tədbirdə, həmçinin Riqa Rəssamlıq və dizayn tam orta məktəbinin 3-cü kurs tələbəsi həmyerlimiz Məryəm Seyidovanın fərdi rəsm sərgisi nümayiş olunub.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button