“Putini “dərin dövlət” özü aradan götürə bilər”

“Pentaqonun bəzi adı açıqlanmayan rəsmiləri Kremli “öldürücü zərbə” vuracaqları ilə hədələyiblər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, əslində bunun Rusiya Prezidenti Vladimir Putinin fiziki olaraq məhv edilməsi təhlükəsi daşıdığını bildirib: “Kimsə, həqiqətən, bu barədə düşünürsə, o, belə planların mümkün nəticələri barədə də düşünməlidir”. 

Deyilənlər nə dərəcədə realdır? Bu, baş verəcəyi təqdirdə, Putini kim əvəz edəcək?

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov  bildirib ki, Kreml administrasiyası belə açıqlamadan təbliğat aləti kimi istifadə etməyə çalışır:

“Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov “adı açıqlanmayan mənbə” deyirsə, deməli, burada hansısa mənbədən söhbət getdiyi inandırıcı deyil. Adətən Rusiya hökuməti tərəfindən belə açıqlamalar veriləndə mənbə qəti olaraq göstərilir. Düzdür, Rusiyanın özünün də ABŞ-da kifayət qədər yaxşı işləyən kəşfiyyatçıları var. Hətta 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi, Kremlin necə çətin prosesləri idarə edə bildiyini göstərir. Lakin Lavrovun indiki vəziyyətdə belə bir açıqlama verməsi bir qədər müəmmalı məsələdir. Yəni onun məqsədi və bu açıqlamanın nəyə hesablandığı o qədər də açıq görünmür”. 

Həmsöhbətimizin fikrincə, burada 2 versiya nəzərə çarpır: 

“Qərbdə həqiqətən də belə bir fikir formalaşmış ola bilər. İkinci isə bunu Rusiyanın “dərin dövlət”inin verdiyi bir mesaj kimi də qiymətləndirmək olar. Yəni Putinin yerinə başqa biri gündəmə gələ bilər. Çünki Rusiya bu gün məhz Putinə görə sanksiyalar altındadır və bundan qurtula bilmir. Üstəlik bu sanksiyaların ləğv edilməsinin uzun illər çəkmə ehtimalı var. Bu isə Rusiyanın tamamilə çökməsinə gətirib çıxaracaq. Ona görə Rusiyanın “dərin dövlət”ində də bu narahatlığı ciddi şəkildə hiss edirlər. Hətta ola bilər ki, Vladimir Putini özləri aradan götürmək istəyir. Bu, istisna olunmur”. 

Politoloq hesab edir ki, Putinin yerinə kimin gələcəyini indidən söyləmək çətindir: 

“Çünki belə böyük dövlətlərdə bu məsələ açıq şəkildə ifadə edilmir. Putindən sonra Sergey Narışkin, Nikolay Patruşev, Sergey Şoyqu və digərlərinin adı hakimiyyətə gələ biləcək namizədlər arasında hallanır. Amma bu məsələlərə o qədər də inandırıcı yanaşmıram. Əvvəla onlar, üzdə görünən şəxslərdir. Vladimir Putinin iqtidara gəldiyi zamana baxanda görərik ki, “dərin dövlət” anidən Putini Baş nazir olaraq ortaya çıxardı, sonra da onu qabağa çəkdi. Bəlkə də heç kim onu gözləmirdi. Yenə də belə ssenari təkrarlana bilər. İndiki halda ABŞ-ın belə bir addım atması real deyil. Həmçinin, Sergey Lavrov bu açıqlamanı cəmiyyəti hazırlamaq üçün səsləndirmiş ola bilər”. 

Mənbə
Cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button