“Le Monde”: “Təcrübəli erməni ordusu cəmi bir neçə gün sonra qaçmağa başladı…”

Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş kiçik Dağlıq Qarabağ regionu son vaxtlara qədər ancaq bir ovuc ekspertin diqqətini cəlb edirdi və sonda geosiyasət radarlarından itdi. Çünki onu SSRİ-nin dağılmasından sonra meydana çıxan və dondurulmuş münaqişələr siyahısına daxil etmişdilər. Lakin 1994-cü ildə əldə edilmiş atəşkəsdən 26 il sonra  bu dağlıq regionda yenidən münaqişə alovlandı, bu müharibənin  intensivliyi və xarakteristikası hərbi ekspertləri düşünməyə məcbur edir.

Bu cümlələr Fransanın nüfuzlu “Le Monde” qəzetinin Qarabağda Azərbaycan ordusunun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük müharibə və bu müharibədə ilk dəfə pilotsuz aparatların misli görünməmiş miqyasda tətbiqi haqda məqaləsindən götürülüb.

“Cəmi 6 həftədən də az müddətdə hər şey dəyişdi. Sentyabrın 27-də başlayan döyüş əməliyyatları erməni qüvvələrinin məğlubiyyəti və 10 noyabr Moskva razılaşmasının imzalanması ilə yekunlaşdı. Dağlıq Qarabağ ətrafında yerləşən və 1994-cü il atəşkəsinə qədər Ermənistan tərəfindən işğal olunan ərazilər Azərbaycanın nəzarəti altına qayıtdı, üstəlik özünü müstəqil elan edən erməni anklavı da az qala eyni aqibəti yaşayacaqdı. Bu ssenarini ancaq Rusiya qüvvələrinin müdaxiləsi dayandırdı”,-qəzet yazır.

“Le Monde” qəzetinin yazdığına görə,  bu vaxta qədər hesab edilirdi ki, erməni ordusu effektivdir və motivasiyalıdır, əraziyə daha yaxşı bələddir, daha əlverişli mövqelərdə möhkəmlənib. “Bununla belə Azərbaycan son illərdə heyrətamiz hərbi arsenal cəmlədi və münaqişəyə birbaşa müdaxilənin həndəvərində olan ölkənin-Türkiyənin dəstəyi ilə diqqətlə əməliyyata hazırlaşdı. Müharibənin başlamasından əvvəlki 11 ay ərzində Bakı Ankaradan 256 milyon dollarlıq silah, o cümlədən altı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi aldı. Nəticədə o, Türkiyənin o cümlədən Suriyada tətbiq etdiyi texnoloji nailiyyətlərdən və təcrübədən istifadə edə bildi”,-məqalə müəllifləri İzabel Mandro və Maced Zarruki yazır.

Bildirilir ki, 2016-2020-ci illər ərzində Türkiyə “Bahar qalxanı” ümumi adı altında  bir neçə transsərhəd əməliyyatlarına on minlərlə canlı qüvvə (ABŞ istisna olmaqla NATo üzvü ölkələr arasında görünməmiş miqyas) cəlb etdi və nəticədə Suriya ordusu ilə birbaşa toqquşma riski də yarandı.

Döyüş dronları

Qəzet daha sonra yazır ki, 2020-ci ilin martında aparılan sonuncu belə əməliyyat zamanı döyüş dronları, artilleriya, radioelektron mübarizə vasitələri və xüsusi təyinatlılar il dəfə kütləvi şəkildə nizami orduya, onun zirehli texnikasına, artilleriyasına və hava hücumundan müdafiə qüvvələrinə qarşı tətbiq edildi. Cəmi üç gecə ərzində Dəməşq 124 tank və zirehli texnika itirdi. Əsəd ordusunun qərargahları, anbarları və təchizat xətləri dağıdıldı.

“Hərçənd Əsədin gücdən düşmüş ordusu Qarabağdakı Ermənistan qüvvələri ilə müqayisəyə gəlmir, amma  o da eynilə bu cür texnoloji gerilikdən və bəlalardan əziyyət çəkir: hələ sovet dövründə istehsal olunmuş texnika, havadan dəstəyin olmaması, onu “kor edən” dronlara və radioelektron mübarizə vasitələrinə qarşı mübarizə apara bilməmək. Dağlıq Qarabağda cəmi bir neçə gün lazım gəldi ki, təcrübəli erməni ordusu qaçmağa üz tutsun. Türkiyə və İsrailin istehsal etdiyi dronlar praktiki olaraq döyüş aviasiyasının yerin yetirdiyi vəzifəni yerinə yetirdi. Onlar əhali arasında xof yaratdı, böyük canlı qüvvə və texnika itkisinə səbəb oldu”,-müəlliflər yazırlar.

“Le Monde” xatırladır ki, dronlar Azərbaycan ordusuna erməni qüvvələrinin mövqelərinə artilleriya zərbələri endirmək və onların təchizat kanallarını kəsmək üçün kəşfiyyat məqsədi ilə istifadə edilirdi. Suriya və Liviyada olduğu kimi, Rusiya Hava Hücumundan Müdafiə sistemləri bu cür nisbətən kiçik və yavaş uçan aparatlara qarşı qeyri-effektiv oldu. Ermənistanın Rusiyadan aldığı radioelektron mübarizə vasitələri də dronların idarəetməsini pozmaqda işə yaramadı, Ermənistan Su-30 qırıcılarını da işə salmağa cəsarət etmədi. Bir tərəfdən çox bahadır və onunla müqayisədə düşmənin dron itirməsi elə də böyük rol oynamır. Digər tərəfdən Ermənistan hələ Su-30 qırıcıları üçün raketlər almağa fürsət tapa bilməmişdi.

“Avropa bu münaqişənin dərslərini diqqətlə öyrəməlidir və onu iki kasıb ölkə arasında balaca müharibə kimi dəyərləndirməməlidir. Avropada ancaq Fransa və Almaniyanın dronlara qarşı kifayət qədər radioelektron mübarizə sistemləri (kiçik radiuslu) var, Avropa İttifaqının ordularının əksəriyyəti isə müasir müharibədə erməni ordusunun gününə düşərdi”,-Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasından Qustav Qressel deyir.

Fransalı hərbi ekspert Mişel Qoyya isə öz növbəsində Qarabağ müharibəsində dronların kütləvi istifadəsinə diqqəti cəlb edir. Deyir ki, indiyə qədər heç bir hərbi kampaniyada dronlar bu cür böyük dağıntılar törətməmişdi. “Qərb ordularında bu uçan qəribə texnikalara laqeyd yanaşmaq ənənəsi vardı, hesab edirdilər ki, dronlar yüksək intensivlikli döyüş şərtlərində çox davam gətirə bilməz və döyüş təyyarələri səmaların hökmdarları kimi qalacaqlar. Əslində isə tamamilə əks mənzərə ortaya çıxdı”,– o bildirir.

Xatırladaq ki, Azərbaycan ordusunun müharibə təcrübəsini, onun müxtəlif tipli dronları kütləvi tətbiq etməsini başda ABŞ ordusu olmaqla bir sıra ölkələrin, o cümlədən Rusiyanın Müdafiə Nazirliyi və hərbi mütəxəssisləri təhlil etməkdədir.

Hamısını Göstər

Related Articles

Back to top button