Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
“Bunu təkrarlamağı dayandırmayacağam: Təəssüf ki, Minsk qrupu nədənsə münaqişəni həll etməyə qadir bir quruluş kimi qəbul edilirdi. Bir çox rusiyalı mütəxəssis və siyasətçi də belə düşünürdü. Minsk qrupundan imtina etməyə çağırdığım üçün məni qınayırdılar”.
Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatla bağlı fikirlərini media.az-a şərh edərkən bildirib.
O, bunun çoxdan gözlənilən olduğunu vurğulayıb:
“Başqa necə olmalı idi ki? Xüsusilə Fransa münaqişə tərəflərindən birinə dəstək olmaqla əsl simasını göstərdi. Elə ABŞ da konkret bir mövqe tuta bilərdi, sadəcə onlar bu hayda deyildilər. Bəs bu əlaqə qrupu niyə saxlanılmalıdır?”
O, Rusiyanın bu formatda münaqişənin ədalətli həllinə təsir göstərə bilmədiyini qeyd etdi.
“Yaxşı ki, bu həll oldu, amma heyif ki, böyük qurbanlar bahasına. Təsəvvür edin ki, məsələ yenidən Minsk qrupuna həvalə edilsəydi, nə baş verəcəkdi? Sonsuz görüşlər, söhbətlər, süründürməçilik… Bunların hamısını Rusiya və Azərbaycan prezidentləri mükəmməl anlayırdılar, ancaq Ermənistanın Baş naziri Nikol Paşinyanın simasında üçüncü tərəf başa düşmürdü”, – deyə rusiyalı deputat vurğulayıb.