Mənim həyat hekayətlərim (IX hissə)

Əvvəli

xxx

“Sən, mən olmasaq da, bu kaftar dövran işini görüb gedəcək…”

Atamdan eşitmişdim ki,bənövşəni ilk dərən onun ətrini qəlbinə doldurmaqla  gülün “bakirəliyinə” bir növ “təcavüz”edir.Bundan sonra ikinci və üçüncü şəxslər  bənövşənin qoxusunu anlamazlar.Bənövşənin ətrini ilk qəlbinə çəkən şəxsdən sonra çiçəyin yanağındakı “qırmızılıq” ruh tək səmaya qalxar.Əvvəlki  “bakirəlik” ətrindən əsər əlamət qalmaz. Atam mənə belə anlatmışdı. Aləmlərin Rəbbi heç bir çiçəyi belə yaratmayıb.Çünki bənövşə təbiətin çətin yerlərində-meşə yamaclarında, sıldırım, dərilməsi təhlükəli olan yerlərdə yalnız baharın gəlişi və qoxusunu gətirməklə bitir. Ömrü də,elə gözəlliyin ömrü qədər, qısa olur…

O günləri xatırlamağa bir an bəs etsə də, ayrılmaq çətin və o incəliyi  xatırlamağa artıq vaxt da çatmır. Onda çox şey arzulayardım.İndi isə başa düşürəm ki, həmin arzular əlçatmazmış.Ümidimi və həyatımı bəzəyən dəyərlərə çatmaq üçün hələ də, şansımı itirməmişəm…

…Az qala unudacaqdım. Allahın bəndəsinə bəxş etdiyi qisməti kimsə özününküləşdirə bilməz…

Orta təhsilimi bitirdikdən sonra atam mənim də Sumqayıta-məndən böyük qardaşlarımın yanıına getməyimi qərara almışdı.Məqsəd gələcəyimlə bağlı ali məktəbə daxil olmaq və müəyyən bir ixtisasa yiyələnməkdən ibarətiydi. Amma yola tədarük üçün imkanımız tükənmişdi.Sübh namazından sonra atam tövlədən iri bir qoçun buynuzlarına qalın kəndir bağlayıb birlikdə Masallı bazarına yola düşdük.10 km-lik məsafəni qoyun yerişi ilə qət etməliydik.Qoyunu satıb heç nə almadan geri qayıdacaqdıq.Saat 9:30-da artıq Viləş çayının sahilində yerləşən mal bazarında idik. Qoçun buynuzlarına bağlanmış kəndirdən möhkəm yapışmışdım.Atam isə hərdən müştərilərlə söhbət edərdi.Nədənsə,baxtımıza istədiyimiz qiyməti verən tapılmırdı.Bizdən bir az aralıda ,yerə səpilmiş samanın üstündə əyləşən,başında buxara papaqlı ahıl bir kişi,yanında körpə danası olan ağ -qara zolaqlı inəyin pulunu sayıb sahibinə verdi,qalan pulunu isə səliqə ilə keçmişdən qalan kiçik pul kisəsinə yığıb dizinin üstünə qoydu.Mənim diqqətim həmin buxara papaqlı kişidəydi.Qısa söhbətdən sonra buxara papaqlı kişi ayağa qalxdı,dizinin üstündəki  kiçik pul kisəsi bardaş qurub oturduğu samanlığa düşdü.Güman edirdim ki,yaddan çıxmaz və əyilib kisəni götürəcək.Amma aldığı inəyin kəndirindən yapışıb arxasınca dartanda az qala:”Ay əmi,pulun qaldı”-səsləyim,amma asılı qaldığım bir qüvvə məni kiritdi:”Sus.O “kisə” artıq onunku deyil.”Səsimi çıxarmadım.Kişi bazarı tərk edəndən sonra sakit-sakit gəlib həmin “samanlıqda”qalmş o “kisə”nin üstünə oturdum.Bir müddət gözlədim.Lakin qayıdan olmadı.Dönmədiyinə əmin olduqda altımda olan pul kisəsini götürüb cibimə qoydum…

Atam müştəri ilə deyəsən razılaşmışdı. Məsələdən onu agah etməyə ehtiyatlanırdım. Əsəbiləşəcəkdi. Pulun sahibi artıq yox idi. Qoç satıldıqdan sonra ehtiyatla bu hekayəti  ona danışdım. Bir müddət bazar ətrafında həmin o,buxara papaqlı kişini axtardıq. Atam: ”İpi əlində olan balalı inəklə uzağa gedə bilməz” – deyirdi. Hansı tərəfə üz tutduqsa “kisə”nin sahibini tapa bilmədik. Nahar vaxtı ötdüyündən bazarı tərk edib rayon mərkəzindən “İsti-Su”ya gedən magistral yola çıxmalı olduq.Bortlu Qaz 51 markalı yük maşının damına qalxdıq.Kəndimizə gedən daşlı yolun sərhədində maşından düşüb,kəndə uzanan yola üz tutduq.Atam yorulmuşdu.Mən isə susmuşdum.Bir neçə dəqiqə getdikdən sonra atam: ”Mənə niyə vaxtında demədin?

-Qoçun pulunu sayırdın.Çaşdırmaq istəmirdim .

-Ay səni,ay səni.Dərsini evdə verərəm. Eybi yox.

Evdə atam dəstəmazını alıb namazlarını bitirdikdən sonra məni çağırdı.

-Nə qədərdir?

-Saymamışam.

-Say. Yanında saydım, 170 manat idi. Atam məni sərt tənbeh etdi. ”Bir daha belə qələt etməzsən”-dedi. Tanrı keçsin günahımızdan…

Sabah Sumqayıta yola düşməlisən. O da, xərcliyin. Qənaətcil ol!.. Bilirsən ki, pensiyamdan başqa imkanımız yoxdur…

 Mən, hər gün yuxudan oyanıb günümə başlarkən özümü yeni doğulan körpə tək hiss edirəm.Çünki,yuxu ölümün dopdoğma qardaşı, başqa tərəfidir.Hərdən səhər olmaya da bilir.Bu mənada yeni gündə”Nə edim və nədən başlayım,haradan gəldim,haradayam və gedəcəyim yer-qismətim,mənzilim harda olacaq?”Suallarına cavab axtarıram.Günlərim eyni keçəndə və eyni keçən günlərim ziyanıma olsa da, ömrümdəm silə bilmərəm,silsəm həyatım qısalacaq.Axı,həyat dünənin, bu günün və sabahın növbə ilə əvəz olunan günlərin bir-birinə calanmasıdır?!

 Çalışmışam ki ,günlərim bir-birinə oxşamasın,keçmişimi şirin ovqatla xatırlayım, gələcəyimə  sarı həyacanlı addımlarla irəliləyə bilim. Belə anlarda hava və su kimi gərək olan fürsətlərin yanımdan nə vaxt keçdiyini anlamamışam.  Fürsət də Tanrı nemətidir. O həmişə olmur ki,…

 Biz insanlar çox qəribə məxluquq. Daha çox ehtiyac duyulmayan və yaxud qadağan olunmuş şeylərə marağımız olur. Desək,yaxud yazsaq ki, səmada 5 milyarddan çox ulduz var, hamı inanacaq. Amma,“Divar boyanıb”-elanı qapıdan assaq,bəzilərimiz barmağı ilə divara toxunub onun boyanıb-boyanmamasını yoxlayar.Biz axı,bu cür xəlq olunmamışıq!(və yaxud,belə xəlq olunmuşuq?) Hamımızın rast gəldiyi kənd həyatının qış günlərini bir anlığa xatırlayaq :Qışın sərt keçdiyi vaxtlarda donmuş göldə buzun qalınlığına əmin olmaq üçün üzərinə çıxıb ayaqlarımızı döyəcləməyə başladıqda, buzun qırılıb suya batan günlərimiz çox olub…

İnsan yaşayırsa xoşbəxtdir. Həyatda xoşbəxtliyin arxasınca çox yüyürdüm. Nəfəsim bəzən təngisə də qorxmadım. Bu yarışda yorulmadım,uduzmadım…

Eynəyini axtarıb  tapan dərzinin sevinci necədirsə,bəziləri üçün xoşbəxtlik elə həmin həddə olur. Eynək dərzinin burnunun ucunda olduğu kimi ,bəzən xoşbəxtlik də insanın bir addımlığında dayanıb ona istehza edər.  İnsan ona yaxınlaşmaq istərkən müəmmalar ona mane olar.

 Zənnimcə insan harda özünə hörmət görərsə, orda xoşbəxtdir!

Ömrüm boyu çalışdım. İxtiyar çağımda geriyə boylanıb başa düşdüm ki, düzgün başlamadığım üçün həyat yolum aşırımlı,dolanbaclı oldu. Geriyə baxanda nədən və necə başalamağımı indi daha aydın görürəm. İndi də gec imiş, gec…

…Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm

İndi də bilməyim gec imiş demə…

Həyatda hər kəsin bir arzusu var.Mən bu illər boyu arzuma çata bilmədim. İmkanlarımdan istifadə etsəm də “olacağa çarə yoxdur”- deyə anladım ki, mənə və ətrafıma fəlakətə səbəb olacaq hadisələrdən qaçmaq lazımdır (qaçmaq olardı). Şübhəsiz,ruzini  Yaradandan  istəsən də,yolunu özün tapmalısan.

Əjdahanın ağzına gedən yolda “köşk” qurmaq olmaz!

Ürəyimin yumşaqlığı, sadəliyim və insanlara inanmağım mənə çox baha başa gəldi. Əslində insanın insana inamı, rəhmli ürək sahib olmaq və sadəlik insana xas İlahi hikmətlərdəndir. Niyə bizdə bu dəyərlərin qıtlığı var?

Rəvayət edirlər ki, əli-ayağı olmayanın biri “qırxayağı” öldürür. Yoldan ötən bir arif adam bu səhnəni görəndə təəccüb edir: Yəqin “qırxayağın” əcəli çatıbmış. Qırx ayağı ola-ola ,”əlsiz-ayaqsızın “əlindən qaçıb canını qurtara bilməyib-düşünmüşdü…

 Sədi Şirazinin “Gülüstan” əsərində belə bir hekayət var:

 Balıqçının toruna böyük bir balıq düşür. Lakin balıqçı nə qədər çalışırsa balığı saxlaya bilmir. Balıq zor gəlib toru da balıqçının əlindən alıb özü ilə aparır. Hamı balıqçını danlayır: Adam  da, elə balığı əldən buraxar!? Balıqçı isə cavabında – Ay qardaş, görünür qismət deyilmiş, ya əcəli hələ çatmayıbmış…

Mən, ümumiyyətlə zəmanənin və fələyin gedişindən fəryad qoparmamışam.Atam da, anam da, hər birimiz bu sayaq davranmışıq.Tələbəlik illərində hər günüm Sumqayıt avtovağzalından başlayardı. Bakıya gedən sərnişin daşıma avtobuslarının son dayanacağı,Bakı şəhərinin“Naxçıvan-Həyat” mehmanxanasına yaxın məsafədə olan Avtovağzalında başa çatardı. Həmin vağzaldan bir az aşağıda “Beş mərtəbə”yə  tərəf tramvaylar hərəkət edərdi.Dərs saatının başlanmasına az qalırdı, gecikirdim. Tramvaya minməyə isə pulum-3 qəpiyim yox idi.Həyatımdan gileylənirdim, “tramvaya minsəm qabaq qapıdan düşməli olacağam, pul da yox. Piyada getsəm 30 dəqiqəlik yolum var, “qayıb” yazacaqlar”-həyatdan gileyli fikirilərlə irəliləyirdim. (Həmin vaxt hüquq fakultəsi M.Ə.Sabir adına bağın yanındakı “keçmiş Elmlər Akademiyasının birinci mərtəbəsində yerləşirdi) Hava küləkli idi. Bir anın içində 5 manatın necə sağ ayağımın pəncəsinin altına “ilişməsini” görəndə heyrət  etdim. “Allah,Allah!” Qismətimi götürüb Yetirənə şükr etdim və iti addımlarla tramvaya  tələsdim…

…Atam bir dəfə namazının sonunda Allahı razu-niyaz və həmdü-səna ilə təsbih edərdi:”Ya Rəbbim!Dualarımı etməklə,tacirlər kimi Səndən mallarımın qiymətini istəmirəm. Dərgahına dilənməyə əl açmışam. Günahlarıma görə yox,ləyaqətimə, bir ailənin başcısı olmağıma görə mənimlə rəftar et. Üzüyola bir qulunam, Ya Rəbbim! Dərgahından məni heç vaxt naümüd qaytarmamısan, qaytarma! Məni, əyalımı, övladlarımı bağışla! Əgər,o dünyada mənə əzab-əziyyət verəcəksənsə gözlərimi bağla ki, bağışlananları və mənə baxanları görüb xəcalət təri tökməyim!Bu,mənə və ətrafıma əzab olar.

Ya Rəbbi! Böyüklüyünün və yoxdan bəxş etdiyin övladlarımın xatirinə məni bağışla! …

Ata ömrünün bir qismi ikinci dünya müharibəsində xərclənəndə,ana ömrü iki ömrün cəfasını tək daşımışdı.Həsrət və cəfa ilə yüklənən həyat anam üçün ağır keçərdi.Yuxularında cəbhə həyatını yaşayan atamla bir yerdə olardı …

 Inşəallah atam və anam, dünyasını dəyişən doğmalarım da,qiyamət gününün əzabından amanda qalacaqlar. Valideyinlərim hər gün Allaha dua edib,Ondan kömək istəyindən yorulmazdılar.

 Belə vəziyyətlərdə Rəbbimiz buyurar: Mənim qulumun məndən başqa bir köməyi və üz tutduğu qapı olmadığından onun istəyini yetirməsəm xəcil olaram, arzusuna çatdırım ki, bu qədər yalvarışları boş qalmasın…

Cahandan qəm yeyib şikayət etməyə dəyməzmiş. Qara torpaq əjdaha kimi ağzını açıb qismətini gözləyər. Hər çətinliyə,  yoxsulluğa və acizliyə dözmək də ucalıqmış!?

Yaşamaq üçün Əjdahanın ağzına gedə yolda “köşk”qurmaq da,çox riskliymiş…

Sən, mən olmasaq da,bu kaftar dövran keçib gedəcək. Bacardıqca nəfsimizlə baş-başa qalıb ona; “yükünü məndən çək!”-deməyi bacaraq. 

…Daha mənzillərimizdə valideynlərimizin nurlu simaları bizə nur saçmayacaq.Yoxluqları ilə barışmalı olduq. Şəkillərinə baxanda gözlərini qırpmadan  məhzun-məhzun mənə baxdıqlarının şahidi oluram,susub danışmırlar. Az qala haray qoparacağam: Mənim atasız və anasız dünyam heyy…

…Hüquq fakultəsini bitirdikdən sonra,əvvəlcə Sovxozlar Nazirliyində hüquqşünas vəzifəsində çalışdım. Gənc hüquqşünas kimi işə başlamaq çətin olsa da, qısa müddət ərzində cığırımı tapdım. Yerlərdə aşkar olunan yeyinti, israfçılıq və təssərüfatsızlıq halları ilə bağlı,baxılması mənə olunan materiallara rəy verib ərazi üzrə prokurorluq orqanlarına göndərilməsini tövsiyə edərdim. Lakin Sumqayıt şəhərində yaşadığıma görə hər gün Sumqayıt – Bakı yolunu gedib-gəlmək çətinlik yaradırdı. İş yerimi dəyişmək qərarına gəldim. Əmək fəaliyyətimə Sumqayıt Kimya zavodundan başladığım üçün, yenə əvvəlki “iş yerimə” qayıtmaq istədim və bu istək baş tutdu. (bu hekayətləri  yuxarıda nəql etmişdim)…

Mən zamanı artıq dərk etmişdim. Gələcəyim Uca Rəbbimin qədərində yazılsa da, zamandan çox şey umurdum. Doğmalıq istədim, ögey oldu. Yaşadığım zaman  məni kəmfürsət həyatın çətinliklərilə üzbəüz, köməksiz vəziyyətdə qoydu. Çətinliklər həyat tikanı kimiydi,hansı səmtə üz tutdumsa, yolumda bitdi.

 Zamanın bütün acılığını duyduqca öz vəzifəmi müəyyənləşdirə bilirdim, seçimimi edib həyatın burulğanına atıldım. Həyatın aldadıcı və şirin hissələrinə aldandığım, onun acı, ürək göynədən həqiqətləri ilə üz-üzə durduğum anlar da oldu. Geriyə çəkilmədən onunla savaşa başladım. Əsil həyatı, zamanı və dövrü tanımaq mənim üçün bundan sonra başladı. Mən zaman üçün yeni və yaxud, dadlı ov da deyildim. Adi iştirakçılardan birisiydim. Bəzən də təsadüfdənmi, zərurətdənmi zamanla arzulamadığım qarşıdurmanın iştirakçısına çevrilmişəm. Etiraf edim ki,həyatımla sıx bağlı olan dərd-sərimi ictimailəşdirmək məqsədim olmasa da,ətrafımı öz taleyimə şərik etmişəm…

Sumqayıt Kimya Sənayesi istehsalat Birliyinin hüquq şöbəsində baş hüquq məsləhətçisi,sonra o şöbənin rəisi vəzifəsində çalışmağa başladım.

Ailə həyatıma  Sumqayıt şəhərində ,halal və alın təri ilə yaşayan bir ailənin övladı ilə izdivacda  oldum.Yaşamağa evimiz olmadığından xeyirxahlığı və tərbiyəsilə seçilən ,qısa zamanda tanıdığım Telman qardaşımın üç otaqlı mənzilinin bir otağında müəyyən müddətə,təmənnasız yaşadım.Beləcə ailənin də məsuliyyətini dərk etməyə başladım.Dünyaya gələn üç övladımın hər biri kirayədə yaşadığımız mənzillərin sakinləriydilər…

  “… Vuruşlarda bir qəhrəman,

Baxışlarda həlim dilim!..”.

Zavodun hüquq şöbəsində çalışarkən qısa vaxt ərzində baş hüquq məsləhətçisi vəzifəsindən, hüquq şöbəsinin rəisi vəzifəsinə qədər yüksəldim. Sovet ideologiyasının böyüyüb çiçəkləndiyi dövrlərdə istehsalat müşavirələri, yazışmalar, kargüzarlıq işlərinin hamısı rus dilində aparılırdı. Ana dili unudulur və unudulmuşdu. Xalqın mənəviyyatı  və tarixi yad dil ilə “zənginləşirdi”. Bu,komunist ideologiyasının psixoloji təsirindən doğurdu. Ona təsir etmək imkanı tükənmişdi.Cəsarətli şair və yazıçılar bu mövzuya toxunsalar da, faydası olmurdu,kommunist qınağına çəkilirdilər. Bu mənada Bəxtiyar Vahabzadənin “Ana dili” şeri insan ruhunu məhvərindən oynadan, cingildədən, millətin namusu və vicdanı, eşqi kimi qələmə alınan,bir növ dövlətin simvolu səviyyəsində ana dilimizi çəkinmədən vəsf edir. Onu işlətməyənləri iti qələminin artilleriyasından atəşə tutur.            

Ey bu günü dilim-dilim
Parçaladan ana dilim.
Sinəsində od qalanan ana dilim.
Qapıların arxasında boynu bükük qalan dilim,
Var ikən yox olan  dilim.
Ayaqlarda kilim dilim,
Vuruşlarda bir qəhrəman,
Baxışlarda həlim dilim!…   

Bu şerin ingilis dilində tərcüməsini Alman  alimi Əhməd Şmide hardasa oxuyandan sonra yaman özünə qapanır:“Bir insanın öz  xalqını və doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən,Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadədən öyrəndim ”- deyir.

Kommunist Partiyasının Nizamnanəsi rus dilində dərc olunduğundan bu partiyaya üzv olmaq üçün həmin nizamnaməni rus dilində öyrənməli idin. Rus dilini bilməməyinin və yaxud, təhsilini rus dilində alıb-almamağının heç bir əhəmiyyəti yox idi və nəzərə də alınmazdı. Mən, hüquq şöbəsinin rəisi işləyərkən subay idim və KP-nın üzvü olmamağım mənim tutduğum vəzifədə qalmağımı şübhə altına qoyurdu. Məsələ artıq böyümüşdü. Baş direktor Əliş Mustafayev bir gün məni yanına çağırdı. Kabinetinə daxil olan kimi salamıma cavab vermədən məni qınamağa başladı: Kak tebe ne stıdno, poçemu tı do six por bez partbileta xodiş?

 Cavab verdim ki,  Əliş İsayeviç! Buraxmırlar.

-A kto, imenno kto? Dedim ki, ilk partiya təşkilatının katibi Arustamyan Sara.

-Sluşay, kto ona takaya? U nas je est osvobojdyonnıy partkom. Tı k nemu obraşaysya.

Mən yenə ona ana dilimdə aydınlıq gətirməyə başladım: Aliş İsayeviç! Axı,iki zəmanət lazımdır və ilk partiya təşkilatında müzakirədən sonra mənim şəxsi işim partkoma göndərilməlidir. Yenə Arustamyan qoymur -dedim. 

Əliş müəllim əsəbi halda: Xoroşo, idi ya sam zaymus.

Kabinetini tərk etmək istərkən mənə əli ilə “dayan” işarəsini verdi. Hökumət telefonu ilə Mərkəzi Komitəyə zəng etdi. Ondan sonra Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi,Şənlik Əliyevə də zəng vuraraq mənim partiyaya üzv olmaq məsələmi demək olar ki,həll etdi. Sonra istehsalat birliyinin raykom səlahiyyətində olan partiya komitəsinin sədri ilə telefonla danışdı. Beləliklə mən bir ay ərzində Kominist Partiyasının üzvlüyünə namizəd oldum…

 Yaxşı xatırlayıram. Bizi-birliyin şöbə müdiri vəzifəsini icra edənləri partiya üzv seçmək üçün şəhərin partiya komitəsinin bürosuna dəvət etdilər. Əliş müəllim də büronun üzvü idi.Sosialist sənaye şəhərinin ən mühüm və ən iri kimya sənayesi istehsalat birliyinin Baş direktoru kimi böyük nüfuzu varıydı. Mənim adım səsləndirilən kimi irəli, kürsüyə tərəf getdim. Birinci katib Əliyev Şənlik  Müslümoviç: Pojalusta zadavayte voprosı.   

 Bu zaman Əliş müəllim söz istədi: “Şanlik Muslimoviç! Tov.Aliyev qlavnıy spesialist-zaveduşiy Yurotdela proizvodstvennoqo obyedineniya.Predlaqayu i  proşu, prinyat    tov.Aliyeva kandidatı v çlenı kompartii”. Bununla da məsələ bitdi.Və birinci katib Əliş İsayeviçin təklifindən sonra mənə: “Pozdravlyayu vas, mojete idti”.

Amma,böyük etimad bəslənilən vəzifədə və etibar edilən bir kollektivdə çox qalmaq fikrim yox idi. Burada gənc hüquqşünas üçün perspektiv gözlənilmirdi.Yaxşı halda baş direktorun kadrlar üzrə müavini postuna irəli çəkilə bilərdim. Xidməti maşın və yüksək əmək haqqı ilə təmin olunacaqdım. Amma,mənim buna həvəsim yox idi. Mən, hüquq mühafizə orqanlarının birində çalışmaq arzusunda idim,daha çox Daxili İşlər Orqanlarında…

 Bu arzu ilə mən sənədlərimi toplayıb DİN-ə göndərdim. Həmin illərdə kommunist partiyasının zəmanəti ilə polis, prokurorluq və məhkəmə orqanlarına çoxlu kadrlar göndərilirdi. Açığı,həmin kadrlar özünü doğruldurdu. Baş direktorun xəbəri olmadan mənim sənədlərim, kollektivin zəmanəti ilə DİN-ə göndərildi. 1970-ci ilin yay ayında,gözləmədiyim bir vaxtda məni Daxili İşlər Nazirinin qəbuluna dəvət etdilər.  Özümü itirmişdim. Belə tez reaksiya verəcəyinə inanmırdım. Məsələ barədə Baş direktora məlumat verməyim də artıq gecikmişdi. Çıxılmaz bir vəziyyətə düşmüşdüm. “DİN-ə getməsəm, dəvətdən imtina kimi qəbul  olunacaq və mən bir daha ora müraciət edə bilməzdim. Direktora indi deməyim də gecdir”- fikirləri ilə Bakıya yollandım. Şənbə günü idi. Saat 11:00 da mən,Daxili İşlər naziri,daxili xidmət general-mayoru Cəfər Vəliyevin yanına kadrlar idarəsinin rəisi ilə bir yerdə getdik.Məlum oldu ki, 40 gün ərzində barəmdə müəyyən araşdırmalar aparılmış və  materiallar şəxsi işimlə birlikdə nazirə məruzə edilmiş,harada işləyəcəyim sahə də müəyyən olunmuşdu.Nazir mənimlə söhbətindən razı qalardısa əmr imzalanacaqdı. Əvvəlcə kadrlar idarəsinin rəisi Nazirin yanına daxil oldu. Mən qəbul otağında gözləməli oldum. Təxminən 30 dəqiqədən sonra “zəng ” çalındı. Köməkçi:

-Bəli yoldaş nazir!… Oldu. Bu an köməkçi əli ilə “Yoldaş Əliyev keçin”.

Qapını açıb, ikinci qapının da olduğunu görəndə bir az dayandım. İçəridən “Zaxodite”-əmr formasında müraciəti eşidib içəri daxil oldum. Bir neçə addım atıb dayandım. Nazirin otağı səliqəli və sadə idi. Kabinetin mərkəzi univermağa tərəf olan hissədə dörd pəncərəsi varıydı.Mənə elə gəldi ki, nazirin kabineti Əliş müəllimin kabineti ölçüsündədir. Amma nazirin kabineti səliqə-sahmanı,bir də zəhmi ilə diqqətimi çəkdi.Niyəsini sonra başa düşdüm… Çevik baxışlarımla otağı süzdüm. Bu an Nazir əli ilə məni bir az da yaxın gəlməyimə işarə etdi.Oturduğu masaya bir addım qalmış,əmrə müntəzir-farağat komandasında dayanmışdım.

-Sluşayte. On je pravitelstvennıy paren. Poçemu eqo ne vzyat v sentralnıy aparat? Davayte naznaçim eqo yuriskonsultom v sentralnıy aparat. Potom posmotrim.

Sonra mənə baxıb dedi: Xoçeş u nas rabotat? “Da, tovariş ministr-dedim.” “Ne podvedyoş?” “Net tovariş ministr”-yenə qısa cavab verdim. Sonra “Nu xoroşo. Pozdravlyayu. Mojete idti”.Bununla da,mənim polis orqanlarında xidmətə başlamağım 1978-ci ilin noyabrından hesablanmağa başlandı.(Mənim polis orqanlarında işə başlamağımda 30 yaşında Bakı ş.Polis idarəsinin rəisi işləmiş,şair mərhum Azad Quliyevin(Talışoğlunun),mərhum yurnalist qardaşım Ağaddin Mansurzadənin və şair qardaşım Nurəddinin zəhmətlərini Tanrı dərəcəyə çatdırsın.)

Amma narahat idim. Daxili İşlər naziri məni polis orqanlarında xidmətə qəbul etmişdi,amma kimya istehsalat birliyindəki vəzifəmdən hələ ayrılmamışdım. Əliş müəllim də DİO-ya xidmətə keçdiyim üçün məni hüquq şöbəsinin müdiri vəzifəsindən azad olunmağıma dair əmr imzalamalıydı.Bu, təbii ki, kadrlar şöbəsinin rəisinin vəzifəsinə aid edilirdi. Belə də oldu. Əmrin surətini Əliş müəllim oxuyan kimi hökümət telefonu ilə Daxili İşlər Naziri Cəfər Vəliyevə telefon açır. Kadrlar şöbəsinin rəisi telefon danışığını təfsilatı ilə mənə danışmışdı: “Hörmətli Cəfər müəllim! Siz savadlı hüquqşunas və mühüm bir orqana rəhbərlik edirsiniz. Mənə sizin bir əmriniz təqdim olunub. Həmin əmrdə birliyin hüquq şöbəsinin rəisi ,yoldaş Əliyevi DİO-ya  xidmətə qəbul edirsiz. Bu necə ola bilər?  Axı, mən onu işdən azad etməmiş, haqq hesabını verməmiş,başqa sahədə necə işə qəbul oluna bilər? Bilirsiniz, Cəfər müəllim bu nonsesdir. Mənə çox təəccüblü gəldi.” Əliş müəllim Cəfər müəllimlə (hər ikisi haqq dünyasına qovuşublar) çox mübahisə etdikdən sonra Cəfər müəllimə:Mən indi  Əliyevi “proqul” ilə işdən azad edəcəyəm və siz yəqin ki,onu işə götürməyəcəksiz”-deyib sağollaşmışdı. Sonra Əliş müəllim kadrlar şöbəsinə – onu yanıma çağırın. Yazığım da gəlir-deyib. Yanına tək getmədim. Baş mühəndis Camal müəllimlə kabinetinə daxil olduq. Camal müəllim: Əliş İsayeviç on molodoy, qramotnıy, pust poydyot slujit v orqanax vnutrennıx del. Ya vas oçen proşu.

 Əliş müəllim təbəssümlə mənə baxdı.

-Əmrini imzalamağa əlim gəlmir.Vallah istəmirəm sən MVD-də  işləyəsən, mədəni oğlansan. Savadlı, yerini bilən, doğrusu hörmətimi də  qazanmısan. Hara gedirsən? Bəlkə heç özün də hara getdiyini dərk etmirsən?!

-Əliş İsayeviç! Orda mənə irəli çəkilmək üçün geniş imkanlar olacaq. Amma burada isə hüquq şöbəsinin müdiri vəzifəsindən yuxarı hədd yoxdur.

– Sluşay. Hansı perspektivi görürsən o “juliklərin” sırasında? Kimdi səni irəli çəkən. Yetim oğlansan. Orada akulalar var. Bilirsən bunu? Gəl, səni  kadrlar üzrə direktor müavini təyin edim.  Nəzərinə çatdırım ki, iki gün öncə mən Camal Veysoviçlə sənin bu vəzifəyə irəli çəkilməyinlə bağlı söhbətimiz olub. Sənə 8-ci mkr-da iki otaqlı mənzil vermək qərarına gəlmişik. Sən isə (əsəbi halda)bu etibara xəyanət edib gedirsən!

Heç nə deyə bilmədim. Əliş müəllim hardasa düz deyirdi.Tərəfimdən belə bir addımın atılmasını düzgün hesab etmədim.Doğrusu,DİN-də müraciətimin istəyimə uyğun həll olunacağına ümid bəsləmirdim,inanmırdım.

Nə edəcəyimi bilmirdim.Seçim qarşısında qalmışdım. Ya kimya sənayesi istehsalat birliyindənki yeni təyinat və iki otaqlı mənzil, ya da DİN. Bir həftə ərzində çox düşünüb götür-qoy etsəm də,çıxış yolu tapa bilmədim. Növbəti həftənin ikinci günü Əliş müəllimin yanına getdim.Xoş təbəssümünü sezdikdə ürəkləndim və açıq danışdım. Əliş müəllim! Sizin boynumda haqqınız var. Məni partiya sıralarına qəbul etdiniz, şöbə rəisi təyin etdiniz.Dəfələrlə əməliyyat müşavirələrində nüfuzumu yüksəldən ifadələr işlətmisiz. Açığı,mənim üçün də,bu kollektivdən ayrılmaq çətindir.Bura mənə doğmadır. İdarəçiliyi burada-Sizdən öyrənmişəm. Amma, mən hüquq fakultəsinə daxil olanda da, bitirəndə də arzum cinayətkarlıqla mübarizə aparan, vətəndaşların təhlükəsizliyini təmin edən bir qurumda çalışmaqdan ibarət olub. Bu baxımdan arzularımın arxasınca gedirəm. Allah xatirinə mane olmayın.

Əliş müəllim heç nə demədən köks ötürdü və düyməni basdı:”Camal Veysoviçə deyin yanıma gəlsin”. Camal müəllim içəri daxil olan kimi; Bu cavan oğlanın əmrinə siz imza atın, mən bacarmıram!”

 Çıxılmaz vəziyyət yaranmışdı. Düşdüyüm şərait okeanda üzən gəminin əsən küləyə qarşı gedə bilməməsinə bənzəyirdi. Gəmi bəzən həftələrlə küləyin dayanacağını səbirsizliklə,ümidlə gözləyir,amma vəziyyət aylarla dəyişmir. Axı, dəlisov küləkləri bir növ ümmanlar yaradır. Mən, gənc hüquqşunas kimi burada işə başlayarkən “sakit hava” idi. Əliş müəllim də böyük bir kollektivin “kapitanı” kimi təlatümlü kişi, rəhbər idi. İdarəçilikdə və təşkilatçılıqda əsil partiya funksioneri kimi Sumqayıt şəhər partiya komitəsinin qətiyyətli və prinsipal büro üzvlərindəndi.“İstehsalat birliyinə” çevik rəhbərliyi həyata keçirən, bacarıqlı mühəndis idi.Ümidlə zamanın dəlisov küləklərinin sakitləşən vaxtını gözləyirdim…Əliş müəllim-təlatümlü kişi artıq sakitləşmişdi …Ayağa qalxıb təzim etdim və yaxınlaşıb sağ əlini iki əlimlə  tutub öpdüm.

-Allah sizi həmişə uca etsin,Əliş müəllim!Sizdən çox şey öyrəndim və həmişə sizi xatırlayacağam.

-Tolko uspexov i uspexov…Rastlaşarıq…

 Əmrimi almışdım.Bazar ertəsi günü Respublika Daxili İşıər Nazirliyinin mərkəzi aparatına işə çıxmalı idim. Geriyə dönmək “uduzmaqdı”. Daxilən əzab çəksəm də düşünürdüm ki, Əliş müəllim (Aliş İsayeviç! Mən ona belə müraciət edirdim) ağıllı adamdır, yəqin inciməz…  

XXX

Hamısını Göstər

Related Articles

Back to top button
Close