Məsələnin Koordinasiyasına ehtiyac yoxdur – Kriminogen durum zatən nəzarətdədir.

Şəmsəddin Əliyev: “Bu şuranın fəaliyyəti, gördüyü işlər barədə ictimaiyyətə hər hansı bir məlumatın verildiyini xatırlamıram”

Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində” Koordinasiya Şurasının sədri dəyişib. Qərara əsasən, şuranın sədri vəzifəsi Samir Şərifova həvalə edilib.

Bu Koordinasiya Şurası indiyə qədər cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı nələri ortaya qoyub?

Ümumiyyətlə, bu cür qurumlar cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizələrə nə kimi töhfə vermək gücündədir? Bu, daha çox siyasi, inzibati orqan rolunu oynayıb, yoxsa əməliyyat funksiyalarını da müzakirə edib? Bu şuranın konkret işi nədən ibarətdir? Bu cinayətlərlə mübarizəyə inzibati rəhbərlikmi edib, yoxsa müəyyən əməliyyat tədbirləri də müzakirə edib? Bu qurum ümumiyyətlə bu sahədə nə kimi rol oynayıb?

“Qənaətimə görə, Nazirlər Kabineti yanında belə bir Koordinasiya Şurasının…”

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu qurumun fəaliyyəti, indiyə qədər gördüyü işlər barədə müfəssəl məlumata malik deyil. “Sözün düzü, bu qurumun sözügedən sahələr üzrə fəaliyyəti barədə geniş ictimaiyyətin də müfəssəl məlumata malik olduğunu güman etmirəm. Doğrusu, mən özüm də belə bir şuranın fəaliyyət göstərdiyi haqda yeni eşidirəm. Yəni cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının mövcud olduğunu bilmirdim. Müxtəlif koordinasiya şuraları, dövlət komissiyaları fəaliyyət göstərir, onların fəaliyyəti haqda ictimiayyətə məlumatlar verilir. Məsələn, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası var, onun işçi qrupu da yaradılıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var, çox aktiv də fəaliyyət göstərir.

Amma sözügedən şura barədə bunları demək çətindir, çünki gördüyü işlər barədə ictimaiyyətə məlumat verilmir, belə bir məlumat olsaydı, bizim də xəbərimiz olardı. 

Bu şura ilə bağlı mən öz fikirlərimi deyəcəyəm və heç kəs sözlərimdən inciməsin, başqa hər hansısa bir məqsəd, maraq axtarmasın, hansısa istiqamətlərə yozmasın.   Nazirlər Kabineti yanında  Koordinasiya Şurasının olmasına əsla ehtiyac yoxdur. Çünki cinayət yolu ilə əldə edilən əmlakla bağlı həm ibtidai, həm də məhkəmə istintaqı zamanı kifayət qədər ciddi prosessual yanaşma olur. Obyektiv və ədalətli araşdırmalar nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın hardan, necə və kim tərəfindən əldə olunması ilə bağlı prosessual nəticələr əldə etdikdən sonra yenə Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq bu əmlakın taleyi, cinayətin subyekti ilə əlaqədar son qərar qəbul edilir. Məhkəmənin Azərbaycan dövləti adından qəbul etdiyi akt həm də, düşünürəm ki, sosial ədalətin bərpası ilə bağlı atılan addım kimi qəbul olunur. Hüquq-mühafizə orqanlarında çalışanlar kifayət qədər peşəkardırlar. Həm prokurorluq orqanlarında, həm məhkəmə korpusunda, həm Daxili İşlər Nazirliyi sistemində, həm Dövlət Təhlükəsizlik Xidmətində, həm kəşfiyyat və əks-kəşfiyyat qurumlarında öz vəzifələrinə, səlahiyyətlərinə sadiq olan əməkdaşlar  bu sahədə dövlətin siyasətinin formalaşdırılmasında çox fəal iştirak edirlər. Onun həyata keçirilməsini və icrasını təmin etmək gücündədirlər və kifayət qədər peşəkardırlar”.

Ş.Əliyev qeyd etdi ki, ölkəmizdə bu cür məsul və peşəkar qurumların olması, onların fəaliyyəti nəticəsində heç nə diqqətdən yayınmır. Ş.Əliyevin fikrincə, ölkədə bir-birini təkrar edən qurumların olması müsbət hal deyil. “Qənaətimə görə, Nazirlər Kabineti yanında belə bir Koordinasiya Şurasının yaradılması əslində vaxt öldürmək, vaxt aparmaqdır.

Klassik hüquqşünlıqda belə bir ifadə var: “Vaxtı öldürmək ən böyük cinayətdir”. Amma heç bir dövlətin qanunvericiliyi, Cinayət Məcəlləsi ilə bu məsələ qadağan olunmur. Qadağan deyilsə, demək biz nə qədər istəsək vaxt öldürə bilərik. Yəni bu, məcazi mənada səslənir. Burda biz vaxt öldürürük. Bu şuranın gördüyü işlər nədir, nə iş görüb, əldə etdiyi nəticələr nədir, bilinmir.

Tutaq ki, cinayət yolu ilə əldə edilmiş əmlakın yiyəsini də, əmlakı da tapdılar, məbləği milyon dollarla ölçülən bir əmlakdır. İstintaqa verilir, dövlətin nəfinə keçirilir, çünki cinayət yolu ilə əldə edilib. Belə.

Oxuyuram ki, əvvəlcə bu şuranın sədri Əli Əhmədov olub, indi isə şuraya yeni sədr seçilib. Bu şuranın fəaliyyəti, gördüyü işlər barədə ictimaiyyətə hər hansı bir məlumatın verildiyini xatırlamıram. Yəni adətən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  ictimaiyyətə televiziyalar, qəzetlər, saytlar vasitəsilə məlumatlar verilir. Biz bu barədə tez-tez eşidirik və baş verənlərdən xəbərimiz olur. Amma bu şura ilə bağlı geniş məlumat yoxdur. Həm çox sayda normativ bazanın olması, həm də bu şəkildə bir-birini təkrarlayan, yamsılayan, kopyalayan agentliklərin, təşkilatların, şuralarının olması hüquqi və demokratik dövlətin anlamına heç cür uyğun gəlmir. Bu qədər bir-birini təkrarlayan qurumların olmasının nə mənası var?

Bizdə elektron hökumət, elektron müraciət, elektron məhkəmə sistemi var. Bu yolla  bürokratiyaya qarşı mübarizə aparılır, həm də vətəndaş-məmur təmasının aradan qaldırılmasına xidmət edir, korrupsiya hallarının qarşısını almaq ucun həyata keçirilir”-deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button