Makron Paşinyanı erməni lobbisinə niyə satdı: Nikol “günah keçisi” oldu…
Müharibə günlərinin SMS-ləri, yaxud “axı, sən nə istəyirsən”, Makron?!
44 günlük müharibədən sonra ağlı başına gələn Ermənistan rəhbərliyi reallığı anlayaraq, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmağın zəruriliyindən danışır, amma Qarabağdakı bir ovuc erməni üçün “dövlətcik” qurmağı qarşısına məqsəd qoyan Fransa prezidenti Emmanuel Makron kirimək bilmir.
Biri də pencəyinin ətəyindən dartıb demir ki, müsyö Makron, Azərbaycanla Ermənistan sərhədində delimitasiya-demarkasiya prosesi gedir, Azərbaycan əsgərləri Qafan şəhərinin 1 kilometrliyindədir, Qafan-Gorus yoluna nəzarət edirlər, vəziyyət dəyişib, özünə gəl! Deyən yoxdur. Kim deyəcək, Dağlıq Qarabağın “müstəqillyini” tanımağa çağıran Fransa senatı, ya bu barədə qətnamə qəbul edən Milli Assambleya? Azərbaycan prezidenti demişkən, başlarına dəysin qətnamələri! Di gəl ki, bizim işlərimizə burun soxmaqda davam edirlər, dövlət başçımız dəfələrlə xəbərdarlıq etsə də.
Bir az əvvələ qayıdaq: 44 günlük savaş boyu “ilan çalan yatdı”, amma Makronun gecəsi, gündüzü olmadı. Bakıya ilk zəngi 27 sentyabrda oldu, Azərbaycan ordusu Ermənistanın təxribatlarına sarsıdıcı zərbə endirrərək əks-hücuma keçdiyi gün. Heç bir sutka dözməyə belə, səbri çatmadı. Cavabı verilsə də, yenə dözmədi, prezident İlham Əliyevə 2 oktyabrda yenə zəng etdi. Bu dəfə daha kəskin cavab alandan sonra hirsini-hikkəsini tökməyə başladı.
Fransanın “balaca bacısı”nı xilas etmək üçün nə mümkündürsə, etdi. Gah Nikol Paşinyanla dərdləşdi, gah Rusiya prezidentini aradı. Heç nə alınmadı, Azərbaycanı dayandırmağa gücü çatmadı. Belə olanda ya fransız deputatların savaş günlərində Ermənistana, ordan Xankəndinə gəlib işğala, terrora stimul verməsinə göz yumdu, gah da Fransa senatının beynəlxalq hüququ kobud şəkildə pozmasına.
Makron haqq-ədalət tərəfdarı olsaydı, Cənubi Qafqazın xəritəsini qoyardı qabağına, Azərbaycan-Ermənistan sərhəddinin haradan keçdiyinə diqqət edərdi, ya susardı, ya da normal mövqe ortaya qoyardı.
Makron ədalətli olsaydı, 1920-ci ilin Paris Sülh Konfransının arxiv sənədlərini kabinetinə gətizdirər, görərdi ki, ölkəsində keçirilən beynəlxalq konfransda Azərbaycanın tanınan ərazisi indiki ilə müqayisədə az qala iki dəfə böyük olub! Onda görərdi ki, nəinki ermənilərin Dağlıq Qarabağa aidiyyatı yoxdur, hətta Ermənistan adlı dövlətin də Azərbaycan torpağı olan bu bölgəyə bağlılığının tarixi 105 ildən artıq deyil!
Hələ indi-indi yeni təfərrüatlar ortaya çıxır. Bu günlərdə məlum olub ki, noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzalamasından bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə nahar edib və bu zaman ilginc etirafları olub. Ermənistanın “Qraparak” nəşrinin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını (!) bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Makronun sonrakı dedikləri də diqqət çəkir. Sitat: “Axı, mən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”.
Makron Ermənistan-Azərbaycan müharibəsi vaxtı Paşinyana SMS-mesajlar göndərdiyini etiraf etməklə əslində qatı ermənipərəst mövqeyini bir daha göstərmiş olub. Fransa liderinin erməni icmasına “sirr”lərini açması onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür. Az qala üçüncü onillikdir missiyası vasitəçilikdən ibarət olan bir dövlətin başçısı bununla nümayiş etdirib ki, yeganə məqsədi Ermənistanın işğalına hüquqi don geyindirmək olub. Əks təqdirdə döyüşlərin getdiyi bir dövrdə Azərbaycanın dinc əhalisinə qarşı bioloji, kasetli raketlərdən istifadə edən terrorçu dövlətin başçısına “sevgi mesajları” yazmazdı. Vasitəçilik, savaşı dayandırmaq, qan düşmənçiliyini aradan qaldırmaq belə olmur! Vasitəçi dövlətin başçısı torpağı 30 il işğal altında olan və üstəlik yeni ərazi işğalı təhdidi ilə üz-üzə qalan ölkənin liderinə zəng edib “Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə bəraət yoxdur”, deməzdi. Deməyə haqqı yox idi, nə mənən, nə də beynəlxalq hüquqa görə!
Məgər cənab Makronun beynəlxalq hüquqdan xəbəri yoxdur? Təbii ki, var, amma erməni sevdası hüququ üstələyir. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk Qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Deməli, illər boyunca varlığı ilə yoxluğu bilinməyən Minsk Qrupu bundan sonra mövcud olsa belə, orada Fransanın olması erməni işğalı nəticəsində məhrumiyyətlərə düçar olmuş yüz minlərlə insanımıza həqarətdir. Reallıq budur ki, Fransa prezidenti ölkəsindəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq, məğlub Ermənistanın vəkili kimi çıxış edir.
Bu gün bir sıra ermənilər tarixən yanlış yolda olduqlarını başa düşürlər və dalandan çıxmağın yollarını axtarırlar. Mən daha sağlam mövqeli, “İlham Əliyev Qafqazın lideridir”, deyən Karen Şahnazarovdan da getmir. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olmuş Jirayr Libaridyan bu günlərdə bildirib ki, “ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır, əks təqdirdə çantalarını yığaraq harasa köçməli olacaqlar”. Erməni siyasətçinin fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli olaraq baxan bir hökumət formalaşmalıdır. Ağıllı erməni məhz bu cür düşünür, anlayır ki, “böyük Ermənistan” xəyalından qopmaq, qonşulara qarşı ərazi iddialarına son vermək, nəhayət, adam kimi yaşamaq lazımdır. Amma işğalçılıq siyasətini stimullaşdıran Makron deyir yox, ermənilər dayanmamalıdır, kiflənmiş iddiaları sürdürməlidirlər, qonşularla düşmən olmalıdırlar.
Çünki Ermənistan qonşuları ilə düşmən olduqca, Türkiyə və Azərbaycana qarşı savaşı davam etdirdikcə, Fransaya lazımdır, “maşa” statusunda. Mənə görə Libaredyan daha normal ermənidir, nəinki Makron. Libaredyan deyir Azərbaycan və Türkiyə ilə dil tapın, Makronsa Ermənistanın bu qədər hərbi cinayətlər törətməsinə rəğmən, onu müdafiə edir. Aylar ərzində tutuquşu kimi eyni ittihamları səsləndirdilər, Türkiyənin Qarabağa suriyalı muzdluları daşıdığını iddia etdilər. Hansı ki, erməni tərəf Livan, Suriya, İraqdan işğal zonasına köç təşkil etdiyini rəsmi şəkildə illərdir bəyan edirdi, foto, videokadrlar yayılırdı, bu məqsədlə ayrılmış təyyarə reyslərinə, bu reyslərin maliyyəçilərinə qədər açıqlanırdı. Amma bütün bu faktları görməzdən gələn Makron və digər onun kimi erməni sevdalılar Ermənistanı yox, Azərbaycanı ittiham etdilər muzdlulara görə. Azərbaycan prezidenti haqlı olaraq sual etdi: “Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər?” Çünki yoxdur dəlil-sübut.
Azərbaycanın isə sübutları kifayət qədərdir. Bu gün Azərbaycan həbsxanalarında Qarabağda bizə qarşı döyüşmüş muzdlu əcnəbilər yatır, onlara ittiham elan olunub və layiqli cəzalarını alacaqlar. Dövlət Təhlükəsizlik Xidməti ortaya pasportlar, sənəd-sübutlar qoyub. Amma yenə də ittiham olunan Azərbaycandır.
Səbəb bəllidir, onlara həqiqət lazım deyil. Əgər həqiqətin ortaya çıxmasında maraqlı olsaydılar, 1915-ci ildə olmayan hadisələrlə bağlı ABŞ arxivlərindəki tarixi sənədlərə istinad edib saxta “erməni soyqırımı”nı rədd edər, əvəzində 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı, elə müasir dövrümüzdə törədilən Xocalı soyqırımını tanıyardılar. Amma bunlar nəinki erməni soyqırımı nağılına istinad edirlər, hətta onu inkar edənlərin belə, cəzalandırılmasına tərəfdardırlar. Budur, Fransanın gerçək sifəti.
Makronu, ümumən Jak Şirakı, onun sələf və xələflərini ermənilərin xilası, normal həyata dönüşü maraqlandırmayıb, ermənilər bir an öncə bu həqiqəti anlasalar, xilas olarlar! Necə olur ki, Makron rusiyalı həmkarı ilə telefon söhbətində rus sülhməramlılarının “Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş” olduğunu deyir, amma vəziyyətin gərginləşməsinə yönəlik “status” söhbətini ortaya atır yenə də. Məqsəd əbədi sabitliyin yaradılması deyil, bölgəni qarışdırmaqdır. Azərbaycan dövləti onun qanunlarını tanıyacaq Qarabağ ermənilərinə normal həyat vəd edir, Fransa isə suların durulmasına imkan vermir.
Emmanuel Makron təəccüblənib ki, Paşinyan nə üçtərəfli sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb, belə bir sənədi qəbul etdirdiklərini ona bildirməyib, yaxud ondan nə isə xahiş etməyib. Doğrudanmı adam bu qədər naşıdır? 44 günlük müharibə dövründə Nikol telefonların yanında yatırdı, dünya liderlərinin “zəhləsini tökmüşdü”, Azərbaycan prezidenti hətta məsləhət görmüşdü ki, o, kömək üçün şamanlara müraciət etsin. Az qala hər gün Putinə, Makrona zəng edirdi erməni baş nazir. Amma sonda ümidləri öldü, bildi ki, onun köməyinə kimsə çata bilməyəcək və təbii olaraq Makrona zəng üçün “konturunu sərf etməyə” ehtiyac görmədi. Ermənistan ordusunun 80 faizi məhv ediləndən, qənimət götürüləndən sonra Paşinyan anladı ki, onun xilaskarı Parisdə yox, Bakıda oturub, yetər ki, kapitulyasiya sənədinə imza atsın, əfv diləsin. Etdi və xilas oldu, belə olan təqdirdə Makrona nə ehtiyac vardı? Belə sadə həqiqəti doğrudanmı anlamır dünyanın aparıcı ölkəsinin lideri? Yoxsa erməni icması ilə naharda deməyə sözü-söhbəti yox imiş. Bəlkə də Makron 600 minlik Fransa ermənisinin dəstəyindən məhrum olmamaq üçün Nikolu “günah keçisi” kimi təqdim edib, bu qədər sadə…
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyən zaman həmin bu “vasitəçi” lider “Nikolcan, belə olmaz, sülh prosesini pozursan, davam etsən, məndən dəstək gözləmə” məzmunlu bir SMS yazsaydı, nə Tovuz döyüşləri olacaqdı, nə 44 günlük müharibə! Amma yazmadı, istəmədi. Qəsdi özgəydi axı…
Prezident Əliyev sözünü deyib: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy, onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versin”. Tutarlı və məntiqli cavabdır. Qarabağdakı 60 min erməniyə “dövlət” qurmaq istəyən bu “demokrat” niyə Fransadakı 600 min erməninin “haqqını” yesin ki?
Makron bu illər ərzində bircə dəfə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan didərgin salınmış, evləri darmadağın edilmiş 700 mindən çox azərbaycanlının hüquqlarını müdafiə etməyib. Bircə dəfə də olsun darmadağın edilmiş abidələrimizdən, yer üzündən silinmiş şəhər və kəndlərimizdən danışmayıb. Və hələ danışmağa da dili var…
Bu yerdə mərhum Heydər Əliyevin məşhur sualını xatırlamaq və Fransa liderinə ünvanlamaq yerinə düşür: “Axı, sən nə istəyirsən”, Makron?! Açıq deyə bilmirsənsə, SMS yolla…