Nəriman Həsənzadədən şeirlər


Oyan, şair!

– Necəsiniz? – xəbər alır
O qız məni hər görəndə.
Mənim də dilim açılır
Dili dilavər görəndə.

O qədər qaş-qabaq gördüm,
Baş yerində ayaq gördüm.
Ürəyini mən pak gördüm,
Üzünü gülər görəndə.

Söz deməmiş, fikri duyan,
Ürəkdi ürək oxuyan.
Oyan deyir, şair, oyan
Qabağında şer görəndə

Bir az birtəhər oluram,
Bir az xoşxəbər oluram.
Bir az bəxtəvər oluram, –
Belə bəxtəvər görəndə

Şeir demək istəyirəm

O dərədən bir çay axır,
Oğlan qıza dönüb baxır,
Ayaqyalın keçir sudan,
Qız dinməyib susur bir dəm.
Bir eşq ilə elə bu an
Şeir demək istəyirəm…

Bir tərlanın uçuşunu,
Ya ceyarnın qaçışını
Öz gözümlə görəndə mən:
Yenə sözlə dolur sinəm.
Qüvvət alıb təbiətdən,
Şeir demək istəyirəm…

Qoca ovçu, çıxır ova,
Bir maralı qova-qova
Meşəlikdə itir gözdən…
Ürəyimi sıxır bu qəm.
O maralın haqqında mən
Şeir demək istəyirəm…

Uçuq-sökük qəbristanlıq…
Tutuluram mən bir anlıq:
Bu torpaqda yatır anam,
Baş daşına baş əyirəm…
Gəlib tapır məni ilham
Şeir demək istəyirəm…

Çöllər geniş, kəndlər yaxın.
Öz oğluyam bu torpağın.
Mən keçdikcə bu yerlərdən,
Qulaq as gör nə deyirəm:
Könül sevən hər şeyə mən
Şeir demək istəyirəm…

Yaşamaq öyrədir təbiət bizə

Badam çiçəkləri, nə zərifsiniz,
Elə bil hər budaq bir ağ işıqdı.
Burda səma işıq, torpaq işıqdı,
Soyuqdan bir azca göyəribsiniz.
Martın şaxtasında, boranda, qarda
Siz necə qaldınız, o budaqlarda?
Necə qopmadınız, ya düşmədiniz,
Necə donmadınız, üşümədiniz?!
Həyatda pisliyi gördünüz… fəqət,
Sizin çiçək qaldı yenə adınız.
Zəriflik dözümmüş, bir də dəyanət,
Kobud olsaydınız, məhv olardınız.
Bəlkə də dünyanın mənası budur
Zəriflik, kobudluq gəlir üz-üzə.
Zəriflik yaşayır, kobudluq ölür, –
Yaşamaq öyrədir təbiət bizə.

***
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol…
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim… bu, yadındadır,
gedərdik… yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

Oğluma cavab

Soruşdu bir gün oğlum.
– Ata, ağlamısanmı?
Döyüblərmi səni heç?
Danlayıblarmı səni?
Söyüblərmi seni heç?

Nə deyim indi, oğlum,
Eşidərsən sonradan, –
Özün ata olanda
Bilərsən ağlayıbmı,
Gülübmü sənin atan…

Düşüb

Küsüb bir dünya gözəli
Sükutu dünyaya düşüb.
Bir yol “Ay üzlüm” demişdim
Qalxıb indi Aya düşüb.

Əlimdən bir ceyran çıxıb,
Ceyran, canımdan can çıxıb.
Mirvari dəryadan çıxıb
Təzədən dəryaya düşüb.

Onu yerbəyer eləyin,
Məni dərbədər eləyin.
Məcnuna xəbər eləyin, –
Nəriman səhraya düşüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button