Nərmini öldürməkdə şübhəli bilinən İlkin Süleymanov: “İşgəncə verilmişdi deyə həmin çəkilişdə ayağımda tərlik var”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Süleymanov sualları cavablandırıb.

O, istintaq zamanı aparılan çəkilişdəki detallara aydınlıq gətirib: “Fikir verirsinizsə, çəkilişdə ayağımda tərlik var. Yanvarın 14-də tərliklə küçəyə çıxmaq ağlabatandır?! Mənim ayaqqabım vardı, amma işgəncədən ayaqlarım elə vəziyyətə düşmüşdü ki, ayağıma ayaqqabı geyinə bildirdim. Bu səbəbdən tərlik verdilər. Mənə işgəncə verəndən sonra evimizə apardılar. Orada gördüm ki, əşyalar qarışdırılıb. Məlum oldu ki, polislər yanvarın 9-dan 10-na keçən gecə bizim evimizə qanunsuz soxulublar. Güman edirəm ki, onda qarışdırıblar. Çəkilişdə də görünür, Nərminin saxlandığı iddia olunan otaqdan elektrik naqili keçir. Atam dekabrda qalxıb o otaqda elektriki qoşub, bəzi işlər görüb. Bacım oğlu Nicat yanvarın əvvəlində o otağa qalxıb, anamın paltosunu gətirib. Otaqda heç kim olmayıb. Mən əvvəl ifadəmdə demişdim ki, uşağı övladlığa götürmək üçün oğurlamışdım. Övlad kimi baxmaq istədiyim uşağı soyuq otaqda, əl-ayağı bağlı saxlamaq absurddur”.

İlkin Süleymanov bildirir ki, 6 yanvar 2020-ci ildə – yanmış meyit tapılan gün səhər saat 10-dan günorta saat 15.00-a qədər Gəncədə yas mərasimində olub. Amma videoçəkilişdə həmin gün haqqında danışarkən bu barədə heç nə demir. İlkin həmin paradoksu belə izah edib: “O videoda danışdıqlarımın hamısı uydurmadır. Həmin gün real baş verənlər onları maraqlandırmırdı”.

Məhkəmədə aparıcı Xoşqədəm Baxşəliyevanın o vaxt “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında Nərmin Quliyevaya həsr olunmuş reportaja da baxılıb. Həmçinin uşağın valideynlərinin başqa bir internet televiziyasına müsahibəsilə ilə bağlı müzakirələr olub. Məlum olub ki, Nərminin atası həmin verilişdə deyib ki, uşağın meyitini özü görüb, üzdən tanıyıb. Lakin Şərif Quliyev məhkəmədə ifadə verəndə uşağının meyitini kənardan gördüyünü, hətta meyitxanada tanınmada özünün yox, qardaşının iştirak etdiyini demişdi. Ş.Quliyev verilişdə uşağın üzünün yanmadığını desə də, cinayət işinin materiallarında üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu bildirilir.

Məhkəmə araşdırmaları davam etdirilir.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Hamısını Göstər

Related Articles

Back to top button