“Narkoman abstinent(bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya) vəziyyətində anasını da qarət edə bilər…”

Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır.  Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməyib. Ekspertlərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, narkomaniya ilə mübarizə ümumxalq işinə çevrilməlidir:

“Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçılara göstəriş verməli, təlim keçməlidir ki, yas mərasimlərində həm terrordan, casusluqdan, həm də narkomaniyanın islama zidd olduğunu çatdıra bilsinlər. Axı, Quran bunu qadağan edir, islam buna “yox” deyir. Düşünürəm ki, bu çox ciddi addım sayılar.

Vaxt olub gənclərimizin bəziləri narkotik vasitələrin təsiri altında gedib başqa ölkələrdəki terror qruplarına qoşuldular. Nə qədər gənc İŞİD-ə qoşulublar. Ona görə bu mübarizə hərtərəfli olmalıdır. Məktəblərdə, universitetlərdə, iş yerlərində keçirilən yığıncaqlarda 10 dəqiqəlik vaxtı bu “bəla”ya ayırmaq olar. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dini qurumlarla komitə koordinasiya qaydasında işləməlidir, birlikdə çalışmalıdırlar. Bizim narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı milli fəaliyyət planımız var, amma o bəzən virtual xarakter daşıyır. Biz az səthidir. Dövlət qurumları bu barədə hesabat verirlər, amma bu hesabatlar reallığı əks etdirmir. Onlar hesabat xətrinə hesabat verirlər. Bu bizə lazım deyil. Ölkədə reallığı əks etdirən hesabat lazımdır ki, görək hansı dövlət qurumu nə iş görüb. Burada bütün güc Daxili İşlər Nazirliyinin çiyninə düşür”. 

Ş. Əliyev bu bəlanın başqa cinayətlərə də rəvac verdiyini xatırladıb:

“Narkomaniya cinayətkarlığın artmasına da rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Gənc nəslin bəzi nümayəndələrinin narkotiklərin gətirdiyi fəlakətlər haqqında yetərli təsəvvürü və məlumatı yoxdur. Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Cinayətlərin statistikasına baxsaq, artımı aydın müşahidə edə bilərik. 

Mən düşünürəm ki, bu mübarizədə narkomanların da təcrübəsini anonim şəkildə yaymaq olar. Xəstə narkomanlara amnistiyalar tətbiq edilsin, gedib müalicə olunsunlar, sonra cəmiyyətə inteqrasiya olsunlar.

Onlar bəzən məsləhətə qulaq asmırlar. Asılılıq vəziyyətində olanda anasının boynundakı qızıl zinciri də dartıb aparır ki, təki ehtiyacını ödəsin. Ölkədə çox çətin vəziyyət yaranıb. Hamımız bu bəlaya “yox” desək, çox şey əldə oluna bilər”.

Hüquqşünas bu mövzuda çəkilən reklamların uğursuz olduğunu deyib:

“Bu gün narkomaniya mövzusunda çəkilən reklamlarımıza baxın. Düzdür, bu mövzuda videoçarxlar, tez-tez çəkilir, amma çox bayağıdır. Reklamları çəkəndə ssenarist, rejissor düşünməlidir. Onlar narkomanın vəziyyətini sözün əsl mənasında insanlara göstərə bilməlidirlər, bu bacarıq yoxdur. Çəkilən reklamlara baxanda, guya narkoman qadındır, oturub rahat, səlis danışır, gözəl xanımdır, yaxud yaraşıqlı oğlandır. Tamamilə bayağıdır, şitdir, sünidir, reallığı əks etdirmir. Bu məsələyə rejissorlar mütləq professional yanaşmalıdırlar. Hətta yazıçılar narkomaniya ilə bağlı əsərlər yazmalıdırlar. Həmin əsərlər o həddə olmalıdır ki, insan oxuyandan və sona özünü, ailəsini narkomaniyadan qorumaq üçün tədbirlər həyata keçirsin. Artıq həyəcan təbili çalmağın vaxtı çatıb. Bu məsələyə barmaqarası baxmaq olmaz. Bir binada hansısa mənzildə bir narkoman varsa, bina ən ağrılı, bəlalı günlərini yaşayacağını dərk etməmək mümkün deyil”. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button