Nübar Eldarqızı – Metro, Payız, Gecə gedənlər

Metro

Qapılar bağlandı, qatar tərpəndi,
Hamı mindi, qalan bir anda qaldı.
Gedən qatarlara “Yaxşı yol” deyən
güzgü sallayan qız perronda qaldı.

– Baxırsan vaqona, hər cür sifət var,
Ya dinsin, ya sussun – sözünü deyir.
Bircə gözlərindən tanınar biri,
Bilirsən: sifəti özünün deyil.

Qulaqcıq taxan var, başqa aləmdə,
Dinlədiyi bir şey uçurur onu.
Biri güclə durub ayaq üstündə,
Otura bilsəydi bu yol yorğunu…

Ekvatoru çoxdan geridə qoyub –
Getdiyi yolları uc-uca düzsən.
Gündəlik çörəyə çalışan adam
Şəhərdən kənara çıxıb, görəsən?!

– Qapılar bağlandı, açıldı yollar,
Yolu uzun da var, yolu qısa da,
Bir anla qatan ötürən bilmir,
Dayansa da gedir, dayanmasa da…

O qatara güzgü sallayan qızın
Açdığı yollar tək açıqmı baxtı?
Yer altından çıxıb dua eləsin,
Bəlkə Allah görüb üzünə baxdı…

Yaşayır özünün qanunlanyla
Bu yeraltı şəhər, qara səltənət.
Nə gözlədiyi var, nə gözləyəni,
Bəs niyə dəqiqə sayır bu saat?

Payız

Yayı yeyib çatır-çatır,
Yerinə gəlibdi payız.
Sanırsan ki, xəstə yatıb,
Saralıb-solubdu payız.

Küləyilə, yağışıyla,
Soyuq, sarı baxışıyla,
Min çalarlı naxışıyla,
Hər yerə dolubdu payız.

Quşlar qatar-qatar gedər,
Bağban, nə var, satar gedər,
Qonaqlar da atar gedər,
Kəndlərdə “səlibdi” payız.

Aşiqi var, saz-sözü var,
Naz edəni var, razı var,
Toy-nişanı var, sözü var,
Elçidi, talibdi payız.

Hücum çəkir solda-sağda,
Rəngi yoxsa da Bayraqda,
Bakı, Şəki, Qarabağda –
Hər yerdə qalibdi payız!

Gecə gedənlər

Axırda bürünüb yorğunluğuna,
Ən son göründüyü ay işığına,
Ona əl eləyən səhər çağma
duman kimi gedər
Gecə gedənlər.

Son dəfə gəzməkçün
boş olsun deyə küçə,
Gündüzün
bekar adamlarından qaçar,
Tanınmasın deyə özünə qısılıb
paltar asılqanı kimi keçər
Gecə gedənlər.

Evdən gedəndə
darıxacağı nə varsa, sinəsinə çəkər.
Otağın hər güncünə tütyə kimi
gözünün yaşından tökər.
Yatağı sığallayıb
xəyalını yorğanına bükər,
Balışın altında bir dəftərçə,
Səssizcə, kirimişcə gedər
Gecə gedənlər.

Gördükləri gözündən gəldikcə
gözünü ovar,
Başına düşən peşman səsləri qovar,
Hələ vidalaşacağı o var, bu var…
Son addımı güclə çatar vida yerinə,
Gecə gedənlərin…

Əqrəblər öz oxu ətrafında
fırlana-fırlana qalmış,
Saat gah ona… gah buna qalmış,
Ən böyük vida ən sona qalmış…
Bəxtilə, taleyilə yola getmədi,
Olmaq istədiyi ola bilmədi…
Qalmaq istəsə də, qala bilmədi
Gecə gedənlər…

Hamısını Göstər

Related Articles

Back to top button
Close