Nüvə kölgəsində restləşmə: Böyük güclər bu bölgədə toqquşur

“Pakistanla Hindistan arasındakı gərginlik təhlükəli həddə çatıb. Bu gərginliyin təməlində müəyyən təxribatlar dayansa da, fakt odur ki, vəziyyət getdikcə ciddiləşir. Türkiyə Pakistanı dəstəkləməyə başlayıb – silah, sursat göndərilməsi ilə yanaşı, qırıcı təyyarələr də yollanıb. Bu gərginliyin arxasında daha geniş bir siyasi və geosiyasi mesaj dayanır. Fransa, Yunanıstan və İsrail Hindistan tərəfdə yer alıb, digər tərəfdə isə Türkiyə açıq şəkildə Pakistanın yanında olduğunu göstərir. Bu, arxa planda gedən daha böyük bir güc qarşıdurmasının göstəricisidir və hazırda kifayət qədər ciddi proseslər baş verir”
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Onun sözlərinə görə, müharibənin genişlənmə riski hələlik açıq şəkildə görünməsə də, bu riski azaltmaq üçün real güc nümayişinin vacibliyi ortadadır:
“Bu baxımdan, Fransanın artıq “Rafale” döyüş təyyarələrini Hindistana göndərməsi, Türkiyənin isə F-16-larla cavab verməsi, tərəflərin hərbi güc balansını göstərmək niyyətində olduqlarını göstərir. Əgər bu qarşıdurma real müharibəyə çevrilərsə, bu, təkcə Hindistan və Pakistan üçün deyil, Cənubi Asiya üçün böyük fəlakət ola bilər. Hər iki ölkənin nüvə silahına malik olması vəziyyəti daha da təhlükəli edir və qarşılıqlı ehtiyatlı davranışı zəruri edir. Böyükmiqyaslı müharibə təkcə hərbi yox, həm də humanitar və ekoloji fəlakətə yol aça bilər. İnfrastrukturun dağıdılması, su və enerji təchizatının pozulması, kommunikasiya xətlərinin sıradan çıxması regionda xaos yarada bilər. Belə bir ssenaridə Çin də maraqlı tərəfdir – çünki regionda böyük iqtisadi və investisiya maraqları var. O da bu gərginliyin müharibəyə çevrilməsini istəmir. Türkiyənin açıq şəkildə Pakistanı dəstəkləməsi qarşı tərəfə – yəni Hindistan, Fransa, Yunanıstan və İsrailə – yönəlik ciddi bir mesajdır: “Mən Pakistanın yanındayam və bütün imkanlarımla onu dəstəkləyəcəyəm”. Tərəflər arasında qarşılıqlı “restləşmə”, yəni siyasi və hərbi manevrlərlə bir-birini çəkindirmə baş verir. Hazırda bu, açıq müharibədən çox, güc nümayişi və siyasi oyunlar səviyyəsindədir. Ancaq bu prosesin hansı nöqtəyə qədər gedəcəyini yalnız zaman göstərəcək”.
Mehin Mehmanqızı