PARİSİN CƏHDLƏRİ İFLASA UĞRADI… 

Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında qəbul etdirməyə çalışdığı sənədin bloklanması Azərbaycan diplomatiyasınıın parlaq qələbəsidir…

Azərbaycan son iki ildə qalib ölkə statusunda özünü çox rahat hiss edir. İndi Azərbaycan savaş meydanında qazandığı hərbi qələbəni tədricən siyasi-diplomatik məkana da transformasiya etməkdədir. Rəsmi Bakı Cənubi Qafqazda Azərbaycanın lider dövlət statusunu beynəlxalq səviyyədə hər kəsə qəbul etdirməyə nail olub. Və bu, təbii ki, həm Azərbaycanın, həm də ümumiyyətlə, regionun gələcək inkişaf perspektivlərində yeni mərhələnin başlanğıcıdır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Azərbaycanın Cənubi Qafqazdakı hegemon mövqeləri ilə kifayətlənmək niyyətində deyil. Bu hegemon mövqelərdə ölkənin beynəlxalq qurumlarda təsir gücünü artırmaq məqsədilə istifadə edir. Son baş verən hadisələr rəsmi Bakının öz hədəflərinə maksimum səviyyədə nail olduğunu təsdiqləyir.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas strateji tərəfdaşına çevirə bilib. Bu, Azərbaycanın siyasi-diplomatik fəaliyyəti üçün əlavə geniş məkan açır. İndi rəsmi Bakı beynəlxalq məkanda da real təsir mexanuzmlərinə malikdir. Azərbaycanın beynəlxalq tərəfdaşlarının sırası intensiv şəkildə genişlənir. Və belə vəziyyətdə rəsmi Bakının Azərbaycana qarşı ermənipərəst siyasi dairələrin hücumlarını dəf etməsi də asanlaşır, effektiv xarakter daşıyır.

Azərbaycanın Fransa və Ermənistan üzərində daha bir üstünlük qazanması da belə düşünməyə əsas verir. Belə ki, Fransa-Ermənistan tandemi BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan diplomatiyasının çevik manevrləri sayəsində növbəti rüsvayçı məğlubiyyətə uğradılıb. Bu, o deməkdir ki, Fransa-Ermənistan tandeminin Azərbaycana qarşı beynəlxalq propoqandası artıq rəsmi Bakının siyasi-diplomatik fəaliyyəti qarşısında acizlik mərhələsinə daxil olub.

Məsələ ondadır ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Ancaq müzakirələrin nəticələri rəsmi Parisi və Paşinyan hakimiyyətini məyus duruma saldı. Çünki BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı ittihamedici sənədin qəbul edilməsinə göstərilən cəhdlər iflasa uğradı.

Dekabrın 20-21-də isə Fransa-Ermənistan tandemi Azərbaycandan revanş almağa cəhd göstərdi. Bu dəfə “iki bacı” Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırmağa nail oldular. Halbuki, bunun özü də bu qurum tərəfindən Azərbaycana qarşı açıq bir haqsızlıq idi. Çünki BMT TŞ-nın 4 qətnaməsi olduğu halda, BMT TŞ 30 ilə yaxın bir müddətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun, hər hnası toplantı keçirməmişdi. Bunun qarşısının alınmasındasa, məhz Fransanın Azərbaycana qarşı riyakar mövqeyi xüsusi rol oynamışdı.

Ancaq bu dəfə Ermənistanın “böyük və riyakar bacısı” Fransanın israrlı səyləri ilə BMT TŞ-da Azərbaycanın ittiham olunmasına hesablanmış toplantı keçirildi. 20-21 dekabr müzakirələrindən dərhal sonra Fransanın təşəbbüsü ilə BMT TŞ-da Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. Fransa BMT TŞ-nın daimi üzvü və bu qurumun indiki sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Azərbaycanın əleyhinə olan bu sənədin qəbul edilməsi üçün əlindən gələn hər şeyi edirdi. Və bu gərgin proses 10 gün ərzində intensiv xarakter daşıyıb.

Maraqlıdır ki, bu proses bilavasitə Fransa prezident administrasiyası və Emmanuel Makronun xarici siyasət məsələləri üzrə müşavirləri tərəfindən idarə olunurdu. Hətta bu barədə ən incə detallarına qədər məlumatlı olan Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı məkrli fəaliyyətin olduğuna da eyham vurmuşdu. Və rəsmi Bakının da müdafiə planlarının mövcudluğu qətiyyən şübhə doğurmurdu.

Təbii ki, rəsmi Paris Fransanın beynəlxalq nüfuzuna güvənərək, əvvəlcə Azərbaycana qarşı bəyanatın qəbuluna, ardıncasa, növbəti addım kimi, onu qətnaməyə çevirməyə çalışırdı. Üstəlik, Ermənistan da “böyük və riyakar bacı”sının buna nail ola biləcəyinə qətiyyən şübhə etmirdi. Halbuki, Fransa-Ermənistan tandeminin bu davranışları bir tərəfdən Rusiyaya xəyanət, digər tərəfdənsə, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqlara hörmətsizlik, sarsıdıcı zərbə və beynəlxalq ictimaiyyəti aldadılması xarakteri daşıyırdı.

Ancaq prosesin yekun nəticələri Fransa üçün böyük rüsvayçılığa səbəb oldu. BMT TŞ-nın daimi üzvü və hazırda onun sədri olan Fransa 10 gün ərzində bütün siyasi-diplomatik resurslarını işə salsa da, bir bəyanatı belə qəbul etdirə bilmədi. Belə ki, bəzi digər iştirakçı ölkələrin təklifləri sayəsində bəyanat fransızların təqdim etdiyi ilkin layihədən fərqli olaraq, ciddi şəkildə dəyişdirildi. Ermənipərəst məzmunda hazırlanmış sənəddən “dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Əvəzində “Humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Və bütün bunlar fransız-erməni tandeminin rüsvayçı məğlubiyyəti anlamına gəlir.

regnum_picture_1665120918612_normal.jpg (187 KB)

Çünki fransız-erməni tandeminin hazırladığı ermənipərəst mətn tədricən Azərbaycanın lehinə çevrilməyə başlamışdı. Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun çevik diplomatik manevrləri sayəsində Azərbaycanın dünyada qazandığı tərəfdaşların müdaxiləsi ilə Fransanın riyakar planları pozulmuş oldu. Üstəlik, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri tərəfindən rəsmi Parisin ədalətsizliyi, qərəzliliyi və tam erməniprəstliyi açıq şəkildə ortaya çıxdığından Fransanın beynəlxalq nüfuzuna da sarsıdıcı zərbə vurulmuş oldu.

Nəticədə çıxılmaz vəziyyətə düşən rəsmi Paris rəsmi məktubla müraciət edərək, BMT TŞ-da Fransanın başlatdığı prosesi dayandırdığını bəyan etmək məcburiyyətində qaldı. Verilən məlumata görə, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya da Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Bu ölkələr ədalətin və onu təmsil edən Azərbaycanın yanında yer almaqla, Fransa-Ermənistan tandeminin növbəti siyasi fırıldaqlarının qarşısının alınmasına xüsusi rol oynayıblar.

Təbii ki, bu, Prezident İlham Əliyevin xarici siyasətinin və Azərbaycan diplomatiyasınıın parlaq qələbəsidir. Fransa rəsmi Bakıya beynəlxalq səviyyədə təzyiq göstərərək, Cənubi Qafqazda geopolitik oyunçu statusu qazanmağa çalışsa da, rəsmi Parisin bütün cəhdləri bir-birinin ardınca iflasa uğradılır. Fransa-Ermənistan tandeminin riyakar və iyrənc propoqandası ifşa olunur. Və bu, Paşinyan hakimiyyətini Ermənistanın xilas edilməsi üçün Fransaya güvənmək əvəzinə, Azərbaycanın sülh prinsiplərini qəbul etmək məcburiyyətində buraxır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button