Paşinyan postunu necə qorudu: Revanşistlərin təzyiqləri onu Azərbaycan və Türkiyəyə daha çox möhtac edir

Ermənistanda revanşist siyasi qüvvələrin yeni müharibə şüarları Paşinyan hakimiyyətinin ölkədaxili mövqelərini möhkəmləndirir; Erməni baş nazirin cəmiyyəti regional münasibətlərin qurulması sayəsində yeni inkişaf mərhələsinə keçidin mümkünlüyünə inandırmaq cəhdləri müsbət nəticələr verə bilər…

Ermənistanda dövlət çevrilişinə cəhd onu planlaşdıranların ssenarisinə qətiyyən uyğun nəticələnmədi. Halbuki, çevriliş planları quranlar tərəfindən 20 fevralda keçirilən aksiyalara böyük ümidlər bəslənirdi. Paşinyan hakimiyyətinin devrilməsinin mümkünlüyü iddia edilirdi.

İlk baxışdan, Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün resursları səfərbər etmiş kimi görünürdülər. Bu məqsədlə 30 milyon dollarlıq maliyyə vəsaiti ayırdıqlarının ictimailəşdirmişdilər. Dövlət çevrilişi baş tutacağı təqdirdə, bu zorakılığa haqq qazandırmaq üçün cəlbedici görünən təbliğat tezisi də düşünmüşdülər. İddia edirdilər ki, Ermənistanın xilas olunması üçün Paşinyan hakimiyyəti mütləq devrilməlidir. Və Paşinyan hakimiyyəti mövcud olduqca, Ermənistanın gələcək taleyi böyük təhlükə altında qalacaq.

Ancaq görünən odur ki, bu, o qədər də işə yaramadı. Paşinyan hakimiyyətini devirə bilmədilər. Yəni, “Ermənistanın xilası” baş tutmadı. Və “çevriliş aksiyası” sadəcə, 10 noyabr anlaşmasının imzalanmasından sonra bir müddət davam etmiş mitinqlərin daha bir təkrarından uzağa getmədi.

aksiya-ermenistan.jpg (72 KB)

Ancaq indi bundan ən çox məmnun qalan yəqin ki, elə baş nazir Nikol Paşinyan ola bilər. Çünki, hər uğursuz etiraz aksiyası onun hakimiyyətini daha da möhkəmləndirib, bir qədər də uzadır. Hətta belə düşünmək olar ki, Paşinyan hakimiyyətinə qarşı etiraz dalğası “mutasiyaya uğrayıb” və hər mitinqdən sonra gücünü, kütləviliyini və effektivliyini itirir.

Deməli, bundan sonra Paşinyan hakimiyyətini devirmək cəhdiləri daha da zəifləyəcək. Baş nazir Nikol Paşinyanın öz siyasi rəqiblərinin təzyiqlərinə qarşı müqavimət resursları isə tədricən artmağa başlayacaq. Və buna paralel olaraq, qazanılmış zaman Paşinyan hakimiyyətinə hərbi məğlubiyyətin məsuliyyətini öz siyasi rəqibləri ilə paylaşmaq üçün özünümüdafiə arqumentləri tapmağa imkan verəcək.

Bu müddətdə Ermənistan əhalisinin sosial həyatına müsbət təsir göstərə biləcək hər hansı geoiqtisadi layihəyə qoşulmaq şansı da qazanarsa, Paşinyan hakimiyyəti onu devirmək niyyətindən əl çəkməyən Qarabağ klanını bir dəfəlik “dəfn” edə bilər. Çünki, Ermənistan əhalisinin sosial durumunun ağır olduğu heç kimə sirr deyil. Və sosial vəziyyəti səfalət durumuna yaxın olan əhali üçün isə öz rifah halını yüksəldə biləcək vədlər daha cəlbedici xarakter daşıya bilər.

Əslində, bu reallıq Ermənistanda keçirilmiş son ictimai rəy sorğusunda da öz əksini tapıb. Belə ki, Ermənistan mediasının məlumatına görə, rəyi soruşulanların 41 faizi baş nazir Nikol Paşinyanı, 18 faizi keçmiş prezident Robert Köçəryanı, 0.7 faizi digər keçmiş prezident Serj Sarkisyanı, 1.4 faizi ilk prezident Levon Ter-Petrosyanı və 2.8 faizi müxalifətin əsas favoriti hesab olunan Vazgen Manukyanı dəstəkləyir. Və bu, tam bir siyasi iflas durumudur.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Belə anlaşılır ki, Ermənistanın revanşist qüvvələri siyasi mövqelərini zaman keçdikcə, daha çox itirirlər. Onların Ermənistan cəmiyyəti üzərində təsir resursları zəifləyərək, əhəmiyyətdən düşür. Və bu baxımdan, Paşinyan hakimiyyətini alternativsizlik durumuna yaxınlaşdırır.

Əslində, Paşinyan hakimiyyətinin devrilməsi üçün erməni diasporunun ayırdığı milyonlarla vəsait də artıq əhəmiyyətsiz sayıla bilər. Çünki, baş nazir Nikol Paşinyanın devrilməsinə imkan verə biləcək zaman intervalı artıq çoxdan əldən buraxılıb.

Hər halda, 10 noyabr anlaşmasının imzalandığı gündən sonrakı ilk həftələr Paşinyan hakimiyyətinin ən zəif dövrü idi. Əgər, baş nazir Nikol Paşinyan devriləcəkdisə, bu, məhz həmin ərəfədə daha asan reallaşdırıla bilərdi. İndisə, erməni baş nazir qazandığı zamandan siyasi hakimiyyətini “təmir etmək” üçün yararlana bilib. Ermənistan cəmiyyətində də hərbi revanş şüarları öz təsirini itirməyə başlayıb. Və əhalinin maraqları artıq fərqli məzmun daşıyır.

Maraqlıdır ki, hazırda əhalinin sosial məzmunlu maraqlarının təmin olunması ilə bağlı vədlər baş nazir Nikol Paşinyanın əsas siyasi müdafiə faktoruna çevrilməkdədir. Çünki, revanşist qüvvələr əhaliyə yeni savaşdan başqa heç nə təklif edə bilmirlər. Yeni savaş isə sosial həyat şərtlərinin daha da ağırlaşmasını vəd edir. Və ilk hərbi məğlubiyyətin sarsıdıcı zərbələrindən hələ də şok yaşayan Ermənistan əhalisi “yeni səfalət-fəlakət mənbəyi”nin işə salınmasına qətiyyən hazır deyil.

Beləliklə, baş nazir N.Paşinyanın əhaliyə sosial rifahın yüksəlişinə yol aça biləcək regional münasibətlər vəd etməsi onu revanşist rəqibləri qarşısında gücləndirir. Əslində, erməni baş nazirin revanşist rəqibləri də bu reallığı anlayırlar. Sadəcə, onu dəyişmək imkanları yoxdur.

azerbaycan-türkiye-1-700x375.jpg (78 KB)

Məsələ ondadır ki, revanşist mövqe və şüarlar onların regional münasibətlər vəd etməsinin qarşısını alır. Çünki, Ermənistanda sosial rifahı yüksəldə biləcək regional münasibətlərin qurulmasında Azərbaycan və Türkiyə əsas dövlətlərdir.

Bu baxımdan, Azərbaycan və Türkiyə ilə həm savaşıb, revanş almaq, həm də iqtisadi-ticari münasibətlər qurmaq qətiyyən mümkün deyil. İkisindən birisini seçmək lazımdır. Ancaq revanşist qüvvələr elə ziddiyyətli situasiya yaradıblar ki, bu iki variantdan hansını seçsələr, özləri lazımsız duruma düşürlər.

Elə hazırda onların üzərində durduqları revanşist şüarların Ermənistan əhalisinin marağından uzaq qalması da bunu təsdiqləyir. Yəni özlərini “siyasi labirintə” salıblar və içindən çıxa bilmirlər.

Ermənistan müxalifətinin əsas liderlərindən biri olan Vazgen Manukyanın son açıqlamasında da bu ziddiyyətlər qabarıq şəkildə nəzərə çarpır: “Biz hər şeydən öncə ordunu bərpa etməli, təhlükəsizliyimizi təmin etməliyik. Türkiyəyə qarşı olan istənilən qüvvə – Rusiya, Çin və ya İranla əməkdaşlıq etməliyik”.

Əlbəttə ki, məntiqsiz yanaşmadır. Ordunu bərpa etmək üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Belə bir qaynaq üçün isə ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq vacibdir. Ordusu olmayan, zəif Ermənistan ucbatından hansı ölkə Azərbaycan və Türkiyəyə qarşı əməkdaşlığa həvəs göstərər?

resized_0bc6c-cbf1141c123.jpg (71 KB)

Deyəsən, V.Manukyan özü də məntiqsiz danışdığını anlayır. Ona görə də, qonşular ilə münasibətlərə də təmas etmək məcburiyyətində qalır: “Bizim əvvəl-axır hər dövlətlə münasibətlətimiz qurulacaq. Lakin indiki köləlik şərtləri ilə deyil, bizim diktə etdiyimiz şərtlər daxilində… Ona görə də, kim Türkiyə ilə mücadilə edirsə, bizim müttəfiqimizdir. Heç kim bizim taleyimizi həll edə bilməz”.

Göründüyü kimi, erməni müxalifət lideri yenə də siyasi məntiqə yaxınlaşa bilməyib. Ermənistan çökmüş iqtisadiyyatinı inkişaf etdirmək üçün regional münasibətlər qurmadan xəyal etdiyi “diqtə şərtləri”ni haradan tapacaq? Digər tərəfdən, Türkiyə dünyanın güclü dövlətlərindən biridir. Və güclü dövlətlərə qarşı isə ordusu olmayan zəif ölkələrlə müttəfiqlik qurulmaz.

Müxalifətin bu yanaşma tərzi hazırda Paşinyan hakimiyyətinin xeyrinə işləyir. Çünki, bu, Ermənistan cəmiyyətini, regional münasibətlərin qurulması sayəsində yeni inkişaf mərhələsinə keçidin mümkün olduğuna inandırmaq işini asanlaşdırır.

Belə münasibətlərin hesabına sosial-iqtisadi vəziyyətin müsbətə doğru yönələcəyinə inamın yaradılması Paşinyan hakimiyyətini daha da gücləndirə bilər. Məhz bu önəmli faktor revanşistlərin daxili təzyiqləri qarşısında Paşinyan hakimiyyətini Azərbaycan və Türkiyəyə daha çox möhtac duruma salmaqdadır.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close