Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
“Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir.
Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir.
Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur”, – deyə o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir:
“Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.
Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır”.