PUTİNDƏN MOSKVANIN QARABAĞLA BAĞLI DÜŞÜNCƏSİNİ İFŞA EDƏN AÇIQLAMA – “Erməni xalqına mesaj verir ki…”

Dünən “Valday” qrupunun toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi barədə bir sıra açıqlamalar verib.

“Həll məsələsində, sülh müqaviləsində bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın, eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq…”  – deyə,  Rusiya prezident politoloq Aleksandr İskəndəryanın sualını cavablandırarkən bildirib.

Biz bunun tərəfdarıyıq. Hansı variantı seçmək məsələsi Ermənistan xalqının və Ermənistan rəhbərliyinin fikridir. Hər halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.

Əgər indiki Ermənistan rəhbərliyi hesab edir ki, bu sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazımdır…

Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, xahiş edirəm, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik.

Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus özəllikləri var və bu xüsusiyyətlər nəzərə alınsın və gələcək sülh müqaviləsində bu müzakirə olunsun, bu da mümkündür.

Amma əlbəttə ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır. Bu sazişlərin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu çətin, çətin sualdır.

Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün təklifini böyük ölçüdə rəhbər tutacağıq”, — deyə, Putin qeyd edib.

Rusiya prezidentinin səsləndirdiyi fikirləri şərh edən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Putinin açıqlamaları göstərir ki, həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) “Vaşinqton variantı” mövcud imiş: “Putin bildirib ki, “Vaşinqton variantı” Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. 

Onun “əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik”, – sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz – ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni “günah bizdən getdi…” Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın “özünəməxsus xüsusiyyətləri” var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır.

Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik”.

Politoloqun fikrincə, indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq: “Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.

Şübhə yoxdur ki, “Vaşinqton variantı”nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar”.

Qeyd edək ki,  Putinin “Vaşinqton variantı, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur” fikirləri və Ermənistanın bununla razılaşmasını faciə kimi qələmə verməsi Moskvanın bölgə ilə bağlı nə düşündüyünü tam ifşa edən açıqlamadır. Putinin bu fikirləri Rusiyanın Qarabağ üzərində Azərbaycanın tam suverenliyinin təmin olunmasına qarşı olduğunu açıq şəkildə ortaya qoyur…

Hamısını Göstər

Related Articles

Back to top button